Milli Məclis qanunvericiliyə səhiyyə ilə bağlı dəyişiklikləri müzakirə edib

Parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, birinci oxunuşda təqdim ediən qanun layihələrinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, sənəd sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə bir sıra cinayət əməllərinin sanksiyalarında dəyişiklik edilərək, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla və bu əməllərə görə sağlamlığa vurulan ağır nəticələr tövsifedici əlamətlər kimi ayrı maddələrdə nəzərdə tutulmaqla cəzalar sərtləşdirilir. Bildirilib ki, səhiyyə sahəsində islahatlar aparılaraq tibb fəaliyyəti ilə məşğul olmağı tənzimləyən yeni qaydalar qəbul edilib. Layihədən göründüyü kimi, həm Cinayət, həm də İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinin dispozisiyaları təkmilləşdirilir, səhiyyə qanunvericiliyində müəyyən edilmiş yeni qaydaların pozulması bu hüquqpozmaların obyekti kimi nəzərdə tutulur. Bu baxımdan, təqdim edilmiş layihə həyat və sağlamlığın qorunması sahəsində cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət edəcək, şəxslərin ən vacib konstitusion hüquqlarından olan sağlamlığın qorunması hüququnun daha effektiv reallaşması təmin olunacaq.
Layihə ilə bağlı deputat Rəşad Mahmudovun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələni – Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.
Komitə sədri bildirib ki, layihədə 4 hüquqi akta ümumilikdə 12 maddə üzrə 34 adda dəyişiklik təklif olunub. Layihədə adı çəkilən digər qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Qeyd olunub ki, layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan yeni normalar tibb mütəxəssislərinin peşə yararlılığının, onların peşəkarlığının yüksəldilməsi işinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri layihə hazırlanarkən istifadə olunmuş dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən “davamlı peşəkar inkişaf (DPİ)” anlayışının mütərəqqi əhəmiyyətini vurğulayıb. Sənəddə təsbit olunan tibb işçilərinin sertifikasiyası prosesi ilə bağlı əsas yenilikləri, mövcud qaydalara təklif olunan müddəaları və digər mütərəqqi dəyişiklikləri diqqətə çatdıran komitə sədri DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. Təklif olunan yeni dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. Mütəxəssislər bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il minimum 50 bal olmaqla, ümumilikdə 250 bal təşkil edir. Yəni mütəxəssislərin bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ mexanizm tətbiq olunacaq. Sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Bundan başqa, layihədə terminoloji dəqiqləşdirmə məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 47-ci və 48-ci maddələrində “tibb və əczaçılıq ixtisasları” sözləri “tibb və ya səhiyyə ixtisasları” sözləri ilə əvəz edilib. Həmçinin, tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə dair müddəanın “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda ləğv edilməsi təklif olunub.
Bundan başqa, mövcud qanunvericiliyin tələblərinə əsasən, sertifikasiya imtahanından keçməyən tibb işçisi yenidən 6 ay ərzində hazırlaşıb imtahan verə bilər. Bu zaman iş yeri saxlanılsa da, bu müddət ərzində onun aylıq əmək haqqının ödənilməsi mexanizmi ilə bağlı bir sıra ciddi problemlər mövcuddur ki, bunlar da əsaslı şikayətlərə səbəb olur. Yeni təklif olunan dəyişiklikdə bu məsələyə humanist yanaşma ortaya qoyulub və sözügedən 6 aylıq müddətdə işçilərin aylıq vəzifə maaşının saxlanılması məqsədilə Qanuna müvafiq dəyişiklik təklif edilib.
Çıxışının sonunda Əhliman Əmiraslanov vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran peşə sahiblərinin inzibati resurslarla deyil, davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov məsələ barədə komitənin müsbət rəyini bildirib.
Qanun layihəsinin müzakirəsində deputatlar Qüdrət Həsənquliyev, Səyyad Salahlı, Vasif Qafarov, Göydəniz Qəhrəmanov, Sevinc Hüseynova, Rəşad Mahmudov, Əminə Ağazadə çıxış ediblər, qeyd və suallarını səsləndiriblər.

Səhiyyə naziri yeni qanun layihəsinin müddəalarına aydınlıq gətirib
Müzakirələrin sonunda səhiyyə naziri Teymur Musayev çıxış edib, sənədə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Nazir qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimləmələr tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdıracaq, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaradacaq. O, layihədə təklif olunan “davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. Bildirib ki, layihədə təsbit olunan daha bir yenilik sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının da saxlanılmasıdır. Bu müddəanı ölkə rəhbərliyinin hər zaman tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət və qayğının davamı kimi dəyərləndirən nazir vurğulayıb ki, davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək. Onlar öz bilik və bacarıqlarını müasir tibb elminin, qabaqcıl tibbi təcrübənin inkişaf tempinə uyğun olaraq təkmilləşdirəcəklər. Nəticədə, tibb mütəxəssisləri tərəfindən vətəndaşlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin ediləcəkdir.
AZƏRTAC-ın verdiyi xəbərə görə, səhiyyə naziri Teymur Musayev parlamentin Səhiyyə Komitəsinə təqdim edilən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda dəyişiklik layihəsinin müzakirəsi zamanı məlumat verib ki, hazırda Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna müvafiq olaraq, onlar 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 2024-cü ildə 18 502 tibb işçisi sertifikasiya imtahanlarında iştirak edib.
O bildirib ki, 2025-ci ilin əvvəlinə ölkə üzrə çalışan tibb işçilərinin sayı 92 896 nəfər olub. Onlardan 35 233 nəfərini həkim, 57 663 nəfərini orta tibb işçiləri təşkil edir. 2025-ci ilin ilk 4 ayı ərzində 5 498 tibb mütəxəssisi sertifikasiya imtahanlarına qatılıb. Həmin müddətdə imtahan iştirakçılarının 91 faizi ilk dəfədən uğur qazanıblar. İmtahanlarda birinci cəhddə uğursuz nəticə əldə etmiş mütəxəssislərin təxminən 95 faizi ikinci cəhddə uğurlu nəticə göstərib.
Teymur Musayev söyləyib ki, tibb sahəsi sürətlə inkişaf etdiyinə görə, tibb mütəxəssislərinin biliklərinin müasir tədris vəsaitlərinə uyğun qiymətləndirilməsi vacibdir. Bu baxımdan, sertifikasiya suallar bazası hər il təxminən 20 faiz olmaqla yenilənir, müasir metodik vəsaitlərə uyğunlaşdırılır. Test bazasında 65 minə yaxın sual və 6 450 klinik məsələ mövcuddur. Təbii ki, test bazasının bütünlükdə yenilənməsi obyektiv olaraq müəyyən zaman tələb edir. Səhiyyə Nazirliyi tərəfindən “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydası”nda da dəyişikliklər layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
O bildirib ki, hazırda imtahan sualları test və klinik tapşırıq hissəsindən ibarətdir. İmtahanda mütəxəssis 60 test və 5 klinik tapşırığı cavablandırır. Yeni yanaşmaya əsasən, imtahan zamanı tibb mütəxəssisinə ixtisasına aid 100 sual təqdim olunacaq və sualların mürəkkəblik dərəcəsinə görə faiz bölgüsü aparılacaq. Qiymətləndirmənin nəticəsi üzrə 80 və daha çox bal toplamış şəxs imtahandan keçmiş hesab olunacaq.
Nazir onu da qeyd edib ki, beynəlxalq sual bazasından 65 ixtisas üzrə yeni sual toplusu alınıb. Həmin suallar üzrə imtahanlara hazırlaşmaq üçün yeni tətbiqin hazırlanması istiqamətində işlər aparılır. İmtahanların həm kağız daşıyıcı, həm də elektron formatda həyata keçirilməsi təklif edilir. Elektron formatda imtahan keçirildikdə imtahanı başa çatdırdıqdan dərhal sonra tibb mütəxəssisinin nəticəsinin kompüterin ekranında əks olunması, kağız daşıyıcı vasitəsilə aparıldıqda isə qiymətləndirmənin nəticələrinin imtahan başa çatdıqdan sonra 3 saatdan gec olmayaraq elan olunması və nəticə üzrə məlumatın tibb mütəxəssisinə şəxsi kabinet vasitəsilə təqdim edilməsi təklif olunur.
“Əlilliyi olan şəxslərin sertifikasiya imtahanlarında iştirakının təmin edilməsi üçün uyğun şərait yaradılır. Orqanizmin funksiyalarının 81 faizlə 100 faiz arasında pozulması nəticəsində görmə qabiliyyəti tam məhdud olan namizədlərə (bunlar müalicə masajı ixtisası üzrə orta ixtisas tibb təhsilli masaj üzrə tibb bacıları və qardaşlarıdır) fərdi nəzarətçi təyin edilir, test tapşırıqlarında mətnin səsə çevrilməsi, audio materiallar təmin edilir və onlar üçün imtahanın müddəti 60 dəqiqə artırılır”, - deyə T.Musayev əlavə edib.
Nazir bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən davamlı peşəkar inkişafa dair qanunvericilik təşəbbüsünün layihəsi hazırlanarkən mövcud vəziyyət təhlil edilib və beynəlxalq təcrübə öyrənilib. Nazir qeyd edib ki, müxtəlif ölkələrdə tətbiq olunan eyniməzmunlu konsepsiyalar tibb mütəxəssislərinin fəaliyyətinin praktiki, elmi, pedaqoji və digər xüsusiyyətlərini əhatə etməklə, peşə bilik və bacarıqlarının yüksəldilməsinə imkan yaradır. Davamlı peşəkar inkişafın tətbiqi mexanizmlərində ölkələr arasında fərqli yanaşmalar olsa da, ümumi ortaq xüsusiyyətlər odur ki, qabaqcıl səhiyyə sistemləri olan ölkələrin hər biri tibb mütəxəssislərinin davamlı olaraq özünü inkişaf etdirməsinin vacibliyini qəbul edir. Layihəyə əsasən, tibb işçilərinə sertifikasiyanı həyata keçirmək üçün seçim imkanı verilir. Yəni tibb mütəxəssisləri 5 il müddətində davamlı peşəkar inkişaf tədbirlərinə qatılır, hər il üzrə tələb olunan minimum 50 kredit olmaqla, 250 krediti toplayır və ya dövri olaraq 5 ildə bir dəfə sertifikasiya imtahanından keçir.
T.Musayev vurğulayıb ki, sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanından keçənə qədər 6 ay müddətində iş yeri ilə yanaşı, aylıq vəzifə maaşının saxlanılması təklifi sayəsində, ilk imtahanda uğursuz nəticə əldə etmiş tibb işçisi diqqətini yalnız fərdi hazırlığa yönəldir və sosial vəziyyətində yarana biləcək mümkün qayğılardan uzaqlaşır.
Nazir bildirib ki, davamlı peşəkar inkişaf üzrə elmi və ya tədris tədbirlərini ali və orta ixtisas tibb təhsili müəssisələri, “Elm haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərən tibb sahəsi üzrə elmi müəssisələr, xarici ölkələrin Azərbaycan Respublikasında olan tibb sahəsi üzrə təhsil və elm müəssisələrinin filialları, tibb mütəxəssislərini birləşdirən və təsis sənədlərində tibb mütəxəssislərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi müəyyən edilən ictimai birliklər həyata keçirəcək. Davamlı peşəkar inkişaf təminatçılarının siyahıları, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunmuş tədbirlər nazirliyin internet saytında yerləşdiriləcək.
Nazir qeyd edib ki, davamlı peşəkar inkişaf konsepsiyasının tətbiqi ilə tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmaları üçün imkanları genişlənəcək. Onlar öz bilik və bacarıqlarını müasir tibb elminin, qabaqcıl tibbi təcrübənin inkişaf tempinə uyğun olaraq təkmilləşdirəcəklər. Bu sahədə təşkil olunan elmi və tədris tədbirlərinin keyfiyyəti yüksələcək. Həmçinin səhiyyə sahəsində fəaliyyət göstərən ictimai birliklər daha aktiv və nəticəyönümlü fəaliyyət göstərəcək, tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının inkişaf etdirilməsində onların rolu yüksələcək. Nəticədə, tibb mütəxəssisləri tərəfindən vətəndaşlara daha keyfiyyətli tibbi xidmətlərin göstərilməsi təmin ediləcək.
“Əlavə olaraq bildirmək istərdim ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası”nın və “Davamlı peşəkar inkişaf fəaliyyətlərinin kredit ekvivalentləri, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər”in layihələri üzərində işlər intensiv şəkildə davam etdirilir”, - deyə T.Musayev diqqətə çatdırıb.
Nazir 65 yaşına çatmış insanların sertifikasiyaya cəlb olunub-olunmaması ilə bağlı suallara cavabında bildirib ki, Səhiyyə Nazirliyi belə mütəxəssislərin fəaliyyət müddətini mütəmadi olaraq uzadır: “Biz mütəmadi olaraq onların fəaliyyət müddətini uzadırıq. Onlara böyük hörmətlə yanaşırıq. Tibb sahəsi təkcə bilik və bacarıq deyil, eyni zamanda, təcrübə əsasında formalaşır. Həmin insanların sertifikasiyaya cəlb olunması onların əqli fəaliyyətinin də qiymətləndirilməsini nəzərdə tutur. Bəzi ölkələrdə 70 yaşdan yuxarı tibb işçiləri üçün xüsusi komissiyalar yaradılır. Həmin şəxslər hər il bu komissiyadan keçərək əqli və koqnitiv fəaliyyətləri normaldırsa, öz peşələri üzrə fəaliyyətlərini davam etdirməyə icazə alırlar. Bu, gələcəyin məsələsidir. Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə də addımlar atılır”.
Oxu.az-ın verdiyi xəbərə görə, Milli Məclisin deputatı Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb. Səhiyyə nazirinə müraciət edib ki, plastik cərrahiyyə üzrə xüsusi mərkəz yaradılsın, vətəndaş da haraya gedəcəyini bilsin.
Səhiyyə naziri həmin hadisə ilə bağlı araşdırma aparıldığını deyib. Bildirib ki, ölən qız mətbəxdə əməliyyat olunub, əməliyyat edən şəxs isə heç bir tibb ixtisası daşıyıcısı deyil.
AZƏRTAC-ın yaydığı xəbərə görə, səhiyyə naziri Teymur Musayev plastik cərrahiyyə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Xüsusi Təftiş Komissiyasına Baş Prokurorluğun, Elm və Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları daxil edilib. Məhz bu komissiyanın işi nəticəsində Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə fəaliyyəti göstərməyə icazə verilmiş 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı dərc edilərək ictimaiyyətə çatdırılıb.
Nazir qeyd edib ki, siyahıdan kənarda qalan digər ixtisaslı cərrahlara öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyəyə aid müəyyən əməliyyatları icra etməyə icazə verilib. “Bu məsələnin qanun çərçivəsində öz həllini tam tapdığını bildirmək istəyirəm”, - deyə nazir vurğulayıb.
Teymur Musayev həmçinin deyib ki, Səhiyyə Nazirliyi hazırda Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradır və tam təchiz edir. Həmin şöbəyə fəaliyyət üçün komissiyadan keçmiş 42 mütəxəssis cəlb olunacaq. Onların arasında xaricdə təhsil almış həmyerlilərimiz və hətta artıq tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmiş insanlar var. “Düşünürəm ki, o şöbə istər bizim rezidentlərimiz, istərsə də diplomdan sonrakı istənilən ixtisasartırma kursları üçün nümunəvi olacaq”, - deyə nazir qeyd edib.
Sonda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin növbəti – yaz sessiyasındakı son iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmin qanun layihəsinə dair məlumatı ikinci oxunuşda təqdim edib. Qeyd edilib ki, sənədin qəbulu ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının səviyyəsinin artırılmasını təmin edəcək, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfə verəcək.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xəbəri paylaş