Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən qanun layihəsi plenar iclasa tövsiyə olunub

Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilən qanun layihəsi plenar iclasa tövsiyə olunub

Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri layihənin birinci oxunuşda həm komitədə, həm də plenar iclasda geniş müzakirə olunaraq yekdilliklə qəbul edildiyini söyləyib. O, qeyd edib ki, qanun layihəsinin əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və tibb işçilərinin peşəkarlığının yüksəldilməsidir. Yeni mexanizmə əsasən, sertifikasiya imtahanlarına alternativ olaraq davamlı peşəkar inkişaf sistemi tətbiq ediləcək. Belə ki, tibb işçiləri beş il ərzində 250 kredit balı toplayaraq imtahandan azad olunacaqlar və peşəkar fəaliyyətlərini davam etdirə biləcəklər.
Əhliman Əmiraslanov vurğulayıb ki, bu sistem dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilir. Qeyd edilib ki, bundan sonra yüksək ixtisaslı mütəxəssis statusunu yalnız rezidentura təhsili yolu ilə əldə etmək mümkün olacaq.
İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, yeni metodoloji yanaşma səhiyyə sahəsində son illərin ən mütərəqqi islahatlarından biridir. Sertifikasiyanın məqsədi tibb işçilərinin bilik və bacarıqlarının davamlı inkişafını təmin etməkdir.
Sonra Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova çıxışında qeyd edib ki, ilkin mərhələdə sertifikasiya imtahanında uğursuz nəticə göstərən tibb işçilərinin sayında artım müşahidə olunmur. Əksinə, bu göstəricidə azalma tendensiyası var. Eyni zamanda, uğursuz nəticə göstərənlərin, imtahandan birinci cəhddə keçə bilməyənlərin əksəriyyəti, yəni 60 faizdən çoxu üç ay ərzində təkrar imtahan verərək müvəffəqiyyət qazanır.
Təranə Əhmədova bildirib ki, regionlarda kadr çatışmazlığını və bəzi tibb işçilərinin alternativ gəlir mənbəyi olmadığını nəzərə alaraq, sertifikasiyadan keçə bilməyən şəxslər üçün onların iş yerləri və əməkhaqları altı ay müddətinə saxlanılacaq. Bu müddət ərzində həmin şəxslərə təkrar imtahan üçün şərait yaradılacaq.
İclasda həmçinin təkmilləşdirmə proqramlarının distant formada keçirilməsi, imtahan suallarının səviyyəyə görə kateqoriyalara bölünməsi və sual bazasının yenilənməsi məsələləri də müzakirə olunub.
Nazirlik rəsmisi qeyd edib ki, tibb işçiləri üçün iki həftəlik təkmilləşdirmə proqramları təşkil olunur və bu proses artıq distant formada da həyata keçiriləcək. Tibb sahəsində çalışan mütəxəssislər beş il ərzində 250 kredit toplamaqla, sertifikasiyadan azad edilə bilərlər. Bununla belə, istəkdən asılı olaraq kredit toplamadan birbaşa sertifikasiya imtahanına qatılmaq hüququ da saxlanılır.
Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 108 nömrəli qərarına dəyişikliklərin hazırlanması da planlaşdırılır. Bu dəyişikliklər çərçivəsində imtahan suallarının çətinlik səviyyəsinə görə kateqoriyalara bölünməsi və sual bazasının daim yenilənməsi nəzərdə tutulur.
Qanun layihəsinin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komitənin üzvi Göydəniz Qəhrəmanov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Səhiyyə komitəsinin üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Məlahət İbrahimqızı və Müşfiq Məmmədli çıxış edərək, məsələ ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.


Xəbəri paylaş



May 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova