Səhiyyə məlumatlarının vahid məkanda birləşdirilməsi Rəqəmsal Səhiyyə Mərkəzinin prioritetlərindəndir

Səhiyyə məlumatlarının vahid məkanda birləşdirilməsi Rəqəmsal Səhiyyə Mərkəzinin prioritetlərindəndir

Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə qurumun fəaliyyəti ilə bağlı nazirliyin mətbuat xidmətinə müsahibə verib.

- Cəbrayıl müəllim, rəhbərlik etdiyiniz “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” yenilənərək, “Rəqəmsal Səhiyyə Mərkəzi” adı ilə fəaliyyət göstərməyə başlayıb. Bu qərar hansı zərurətdən yaranıb və bu dəyişiklik nə kimi perspektivlər vəd edir?
- Mərkəzin adının dəyişdirilməsi qarşıya qoyulan daha geniş strateji hədəflərin təzahürüdür.
Ümumiyyətlə, səhiyyə məlumatlarının kağız daşıyıcılardan elektron formata keçirilməsi prosesləri Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın icrası məqsədilə, 2005-2012-ci illəri əhatə edən və uğurla həyata keçirilmiş Dövlət Proqramları çərçivəsində başlanılıb. 2006-cı ildən etibarən “Vətəndaşların elektron sağlamlıq kartı”, “Tibbi müayinə kartı”, “Nümunəvi tibbi informasiya sistemləri” yaradılıb və tibb müəssisələrində tətbiq edilib.
O zaman səhiyyənin elektronlaşdırılması sahəsində artan hədəflərin vaxtında və daha yüksək peşəkarlıqla qarşılanması, elektronlaşdırma proseslərinə nəzarət mexanizminin gücləndirilməsi məqsədilə bu sahədə ixtisaslaşan qurumun yaradılması məsələsi aktuallaşdı. Nəticədə, 2010-cu ildə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi“ yaradıldı. Həmin dövrdə səhiyyə sahəsinin elektronlaşdırılması prosesləri daha da sürətləndi. Dövrün tələblərinə uyğun olaraq, 20-dən çox tibbi elektron reyestr, 40-dan çox elektron xidmət, “Kadrların avtomatlaşdırılmış uçotu”, “Yoluxucu xəstəliklərin elektron müşahidəsi”, “Vahid qan bankı”, “Təcili tibbi yardım stansiyasının dispetçer xidmətinin sistemləri” kimi ölkədə səhiyyə sahəsinin inkişafında müstəsna rol oynayan layihələr reallaşdırıldı.
Səhiyyə məlumatlarının vahid sistemdə toplanması məqsədilə 2012-ci ildə bütün sistemlər “Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS)”ndə birləşdirildi. Son illər həyata keçirilən mühüm rəqəmsallaşma prosesləri nəticəsində Rəqəmsal resept, Dərman vasitələrinin dövriyyəsinin təqib və izləmə sistemi, e-Epikriz, e-Bülleten kimi yeni sistemlər VSİS çərçivəsində yaradılıb.
Hazırda ölkəmizdə rəqəmsallaşmanın elektronlaşmanı sürətlə əvəz etməsi səhiyyə sahəsində də öz əksini tapır. Səhiyyənin rəqəmsallaşdırılması istiqamətində başlıca prioritetlər səhiyyə məlumatlarının rəqəmsallaşaraq vahid landşaftda birləşdirilməsi, bu məlumatlara rahat interfeyslər vasitəsilə vətəndaşların və tibb işçilərinin əlçatanlığının təmin edilməsi, səhiyyə sahəsində qərarverici orqanların dəqiq analitik və statistik məlumatları əldə etməsi, dövlət qurumlarının göstərdiyi xidmətlərdə və fəaliyyətində tələb olan tibbi məlumatların əldə edilməsi kimi məqsədlərə çatmaqdan ibarətdir. Səhiyyənin rəqəmsallaşması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bütün dünyada aktual olan kibertəhdidlərin qarşısının alınması, idarəçiliyin effektivliyinin artırılması qarşıda duran vacib vəzifələrdir.
Qeyd edilən məqsəd və vəzifələri uğurla icra etmək üçün Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə "Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi"nin adı dəyişdirilərək "Rəqəmsal Səhiyyə Mərkəzi" adlandırılıb və müasir çağırışlara cavab verən Nizamnaməsi təsdiq ediliib.
Mərkəzin strukturunun, fəaliyyət istiqamətlərinin, kadr potensialının müasir çağırışlara uyğun formalaşdırılması, rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış kadrların işə cəlb edilməsi prosesinə artıq başlanıb. Mərkəzin fəaliyyətinin ölkədə səhiyyə sahəsinin rəqəmsallaşmasına mühüm töhvə verəcəyinə inanırıq.

- Səhiyyənin rəqəmsallaşmasının gələcəyi ilə bağlı hədəfiniz nədir və Rəqəmsal Səhiyyə Mərkəzi bu hədəfə çatmaq üçün necə töhfə verə bilər?
- Səhiyyənin rəqəmsallaşması üzrə hədəflər bütün dünyada oxşardır və gələcək perspektivlər olduqca ümidvericidir. Rəqəmsal texnologiyaların inkişafı səhiyyə xidmətlərinə və məlumatlarına çıxışın yaxşılaşdırılmasında böyük rol oynayır. Teletibb və elektron sağlamlıq qeydləri kimi rəqəmsal vasitələrin tətbiqi xəstənin diaqnozunun müəyyən edilməsini, müalicəsini və monitorinqini yaxşılaşdıra bilər. Səhiyyə məlumatlarının vahid landşaftda birləşdirilməsi və təhlili ictimai sağlamlığı yaxşılaşdırmaq və səhiyyə müəssisələrinin fəaliyyətini optimallaşdırmaq üçün əsaslandırılan qərarlar qəbul etməyə kömək edəcək.
Səhiyyə xidmətlərinin sürətinin, dəqiqliyinin və əlçatanlığının artırılması üçün rəqəmsal həllərin tətbiqi qarşıda duran prioritet məsələlərdəndir. Hazırda Rəqəmsal transformasiya çərçivəsində prioritet istiqamətlər Tibbi Rəqəmsal Əkiz Sisteminin yaradılması, Rəqəmsal səhiyyə standartlarının və təsnifatlarının tətbiqi, tibbi məlumatların vahid informasiya məkanının formalaşması, sadə və asan anlaşılan elektron xidmətlərin tətbiqidir. Mərkəzin bütün fəaliyyəti bu hədəflərə çatmağa yönəlib.

- Səhiyyənin rəqəmsallaşmasında gələcək illərdə ən böyük təsirə malik olacaq yeni texnologiyalar (məsələn, süni intellekt, blokçeyn, əşyaların interneti) hansılardır? Mərkəzin rəqəmsal sağlamlıq həllərinin inkişaf edən texnologiyalara və səhiyyə ehtiyaclarına uyğun olmasını təmin etmək üçün hansı strategiyalar hazırlanır?
- Rəqəmsal səhiyyə innovasiyaları pasiyentlərə göstərilən xidmətlərin həm keyfiyyətini, həm də əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu texnologiyalar həkimlərin işini avtomatlaşdırmaqla yanaşı, pasiyentlərin vaxt və məsafə baxımından məhdudiyyətlərini aradan qaldırır. Məsələn, teletibb texnologiyasının tətbiqi ucqar ərazilərdə yaşayan vətəndaşlara keyfiyyətli tibbi məsləhətlər almaq imkanı yaradır. Süni intellektin tətbiqi xəstəliklərin erkən diaqnostikası və müalicə prosesini sürətləndirir. Süni intellekt əsaslı sistemlər böyük həcmdə tibbi məlumatları avtomatik emal edərək, tibbi personalın iş yükünü azaldır. Təbii dil emalı (Natural Language Processing, NLP) texnologiyaları həkim qeydlərini avtomatik analiz edib strukturlaşdırır. Süni intellekt pasiyent məlumatlarını təhlil edərək, fərdi müalicə planları hazırlayır. Genetik analizlərə əsaslanaraq xəstəliklərə qarşı fərdi risk səviyyəsini qiymətləndirir və preventiv tədbirlər təklif edir.
Süni intellekt radiologiya sahəsində də xüsusi əhəmiyyət kəsb edir. Rentgen, MRT və KT görüntülərini analiz edərək, həkimlərə daha sürətli və dəqiq diaqnoz qoymağa kömək edir. Məsələn, dərin öyrənmə (deep learning) modelləri xərçəngin erkən mərhələlərdə aşkarlanmasına kömək edə bilər.
“Tibbi əşyaların interneti” müxtəlif cihazlar vasitəsilə tibbi məlumatların toplanması və sağlamlığın monitorinqi prosesini əvvəllər heç zaman görünməyən səviyyəyə qaldırır.
Tibbi Rəqəmsal Əkiz Sistemi (TRƏS) vətəndaşların müxtəlif tibb müəssisələrinə müraciətlərinin, müalicələrinin, laborator müayinələrinin, müxtəlif formatda qeyd edilən radioloji müayinələrinin, peyvəndlərinin, reseptlərinin məlumatlarını əhatə edir. Bu layihənin həyata keçirilməsi həkimlərə vətəndaşın sağlamlığı haqqında tam dolğun məlumat almağa, daha dəqiq və operativ diaqnoz qoymaqla düzgün müalicə təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Səhiyyə sahəsinin strateji hədəflərinə çatmaqda bu sistemlərin tətbiqi çevikliyi artıracaq və elmi-tibbi araşdırmalar üçün geniş məlumat bazası formalaşdıracaq.

- Rəqəmsal səhiyyə həllərinin həm xəstələr, həm də səhiyyə işçiləri üçün əlçatan və istifadəçi dostu olması necə təmin edilir?
- Vətəndaşların rəqəmsal səhiyyə həllərindən daha geniş və effektiv istifadə etməsi üçün sadə və intuitiv platformaların yaradılması əsas prioritetdir.
İstifadəçilər üçün “Elektron Səhiyyə” və “Reseptim” mobil tətbiqləri istifadəyə verilib. Bu istifadəçi dostu mobil tətbiqlər vətəndaşlara səhiyyə xidmətlərini daha əlçatan etmək məqsədi güdür. “Elektron səhiyyə” mobil tətbiqi vasitəsilə vətəndaşlar, tibb işçiləri, sahəvi biznes fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərdən faydalana bilirlər.
Bununla yanaşı, vətəndaşların maarifləndirilməsi məqsədilə vebinarlar, təlimlər təşkil edilir və sosial media üzərindən məlumatlandırıcı məzmunlar paylaşılır. Xüsusilə, səhiyyə sahəsində ixtisaslaşmış “Sağlam Radio” 93.0 FM vasitəsilə rəqəmsal yeniliklər haqqında da məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılır.

- Səhiyyənin rəqəmsallaşmasında məlumat pozuntuları və ya kibertəhlükəsizlik təhdidləri ilə bağlı risklər necə idarə olunur?
- Hazırda rəqəmsal səhiyyədə ən aktual məsələlərdən biri məlumatların təhlükəsizliyi və məxfiliyinin qorunmasıdır. Eyni zamanda, rəqəmsal səhiyyə həllərinin əlçatan olması da vacibdir. Bu məsələlərə yanaşarkən biz texnoloji tərəqqini nəzərə alaraq həm hüquqi, həm də sosial aspektləri diqqətlə qiymətləndiririk.
Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyinin təmin edilməsi bizim üçün ən yüksək prioritetdir. Bunun üçün Rəqəmsal Səhiyyə Mərkəzində xüsusi Kibertəhlükəsizlik şöbəsi yaradılıb. Burada istifadə edilən müasir kibertəhlükəsizlik alətləri və xidmətləri yalnız informasiya təhlükəsizliyini təmin etmir, bununla yanaşı, həm də məlumatların məxfiliyini, bütövlüyünü və əlçatanlığını qorumağa yönəldilib. Məlumatların təhlükəsizliyini təmin etmək üçün şifrələmə texnologiyaları, çoxfaktorlu autentifikasiya və məlumatların saxlanılması ilə bağlı beynəlxalq təhlükəsizlik standartlarına uyğun tədbirlər görülür. Mövcud infrastrukturun qorunması, müxtəlif təhdid modellərinin analizi, gələcəkdə yarana biləcək potensial risklərin qarşısının alınması üçün tədbirlər həyata keçirilir. Bundan əlavə, sistemlərdə mütəmadi olaraq təhlükəsizlik auditi aparılır və yalnız icazəli şəxslərin məlumatlara çıxışı təmin edilir.

- Səhiyyə sisteminin rəqəmsallaşmasında qurumun hansı əsas tərəfdaşlıqlarını qeyd etmək istərdiniz? Bu əməkdaşlıqların uğur qazanması üçün hansı addımlar atılır?
- Səhiyyənin rəqəmsallaşmasında dövlət qurumları, texnoloji şirkətlər və beynəlxalq səhiyyə təşkilatları ilə sıx əməkdaşlıq edirik. Qanunvericiliyə uyğun olaraq, məlumatların “MyGov” rəqəmsal hökumət platformasına inteqrasiyası mərhələli şəkildə davam etdirilir.
Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə “Səhiyyə sahəsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi” hazırlanıb və 2024-cü ilin sentyabr ayından həyata keçirilir. Sistemlərdə mövcud olan məlumatların dürüstləşdirilməsi, sistemlər arasında inteqrasiya, məlumatların paylaşılması və əlaqələndirilməsi üzrə tədbirlər icra edlir. Bu sahədə qarşılaşdığımız ən böyük çətinliklər məlumatların standartlaşdırılması və müxtəlif platformalar arasında uyğunluğun təmin olunmasıdır. Bu işlərin uğurla həyata keçirilməsi üçün biz sistemli yanaşmanı, qarşılıqlı dəstəyi və güclü əlaqələr qurmağı vacib hesab edirik. Nəticə etibarilə, bu əməkdaşlıq ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına təkan verəcək.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova