Səhiyyə Nazirliyi Cəbrayılda tibbi müayinələr təşkil edib

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşlar arasında müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə aksiya zamanı Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun tibb heyəti tərəfindən ilk dəfə olaraq Cəbrayıl şəhərində sakinlər üçün tibbi xidmətlər göstərilib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, müayinələr institutun tibbi avadanlıqların tam dəsti ilə xüsusi təchiz olunan səyyar klinikasında aparılıb. Müxtəlif diaqnostik prosedurlardan başlayaraq ilkin tibbi yardım göstərməyə qədər istifadə edilən mobil klinikalar modul avadanlıq konsepsiyası sayəsində ucqar ərazilərdə yaşayan əhaliyə tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək məqsədilə yaradılıb.
Aksiya zamanı institutun pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, radioloq, rentgenoloq və laboratoriya həkimi tərəfindən müxtəlif instrumental-diaqnostik üsullardan istifadə edilməklə döş qəfəsi orqanlarının flüoroqrafiyası, elektrokardioqrafiya, exokardioqrafiya, spirometriya, USM müayinəsi və qan analizlərinin tədqiqi həyata keçirilib.

Müayinələr nəticəsində səhhətində problem aşkarlanan şəxslərə tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.
Aksiya zamanı 300-ə yaxın Cəbrayıl sakini müayinələrdən keçib.
Tədbirdən sonra maarifləndirici aksiya təşkil olunub. Təqdimatlarla çıxış edən institutun əməkdaşları qeyd ediblər ki, aksiyanın məqsədi işğaldan azad edilən ərazilərdə məskunlaşan əhali üçün mütəmadi qaydada səyyar tibbi müayinələrin keçirilməsi yolu ilə əhalinin sağlamlığını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir Cəbrayıl sakinlərinin sağlamlığının qorunmasında dəstək və yardım göstərilməsi, habelə ağciyər sağlamlığının əsas aspektləri və profilaktik tədbirlər haqqında maarifləndirmə məqsədini daşıyır.
Tədbirdə yerli əhaliyə ağciyər xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.