Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərin sakinlərinin sağlamlığına qayğını gücləndirir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə əhalinin tibbi təminatını gücləndirmək məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ardıcıl şəkildə tibbi müayinələr və maarifləndirici aksiyalar həyata keçirir. Bu təşəbbüs çərçivəsində növbəti tədbir Zəngilan rayonunda baş tutub.



Aksiyada Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun peşəkar həkim və fizioterapevtlərindən ibarət tibb heyəti iştirak edib. Onlar Zəngilan sakinlərini geniş profilli travmatoloji və ortopedik müayinələrdən keçirib, müxtəlif xəstəlik və zədələrin erkən diaqnostikası və müalicəsi üçün ilkin tibbi müdaxilələr həyata keçiriblər.
Tədbirin əsas məqsədi bölgədə yaşayan vətəndaşların sağlamlıq durumunun qiymətləndirilməsi, travmatik və ortopedik patologiyaların vaxtında aşkarlanaraq, uyğun müalicə və reabilitasiya tədbirlərinə cəlb olunmasıdır. Aksiya çərçivəsində onurğa, dayaq-hərəkət sistemi, sinir sistemi və digər travmatoloji problemlərin diaqnostikası aparılıb, posttravmatik reabilitasiya imkanları müzakirə edilib.
Səhhətində problem aşkarlanan şəxslərə peşəkar tibbi məsləhətlər verilib, lazımi hallarda dərhal müalicəyə başlanılıb. Mütəxəssislər vətəndaşlara sağlamlıqlarını qorumaq və bərpa etmək üçün fərdi tövsiyələr veriblər.
Aksiya zamanı 150 nəfərdən çox Zəngilan sakini tibbi müayinədən keçirilib.
Xəbəri paylaş