Qanvermə aksiyalarında donor qanı tədarük olunub

Qanvermə aksiyalarında donor qanı tədarük olunub

Hər il olduğu kimi, bu il də Azərbaycanda Aşura Günü ilə bağlı könüllü qanvermə aksiyaları keçirilib. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan aksiya qana ehtiyacı olan xəstələrə yardım məqsədi daşıyıb.
Builki aksiyalar ölkənin 30 şəhər və rayonu üzrə ümumilikdə 38 məntəqədə, o cümlədən 23 məscid və ziyarətgahda, 15 tibb müəssisəsində təşkil edilib.
Qanvermə aksiyaları səhər saat 08:00-dan etibarən başlayıb və gün ərzində davam edib. Vətəndaşlar paytaxt və bölgələrdə yerləşən qanvermə məntəqələrində aksiyada fəal iştirak ediblər.
Aşura günü ümumilikdə 2696 nəfər könüllü qan verib. Bu şəxslərdən ümumilikdə 1213,2 litr qan tədarük olunub.
Qafqaz Müsəlmanları İdarəsində qurumun təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə keçirilən qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Milli Məclisin deputatları və ölkəmizdəki dini konfessiyaların nümayəndələri iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında çıxışı zamanı deyib ki, Azərbaycan xalqı Aşura günündə Vətən, torpaq və ədalət uğrunda şəhid olan bütün qəhrəmanların xatirəsini ehtiramla anır.
Şeyxülislam əlavə edib ki, Aşura mərasimləri zamanı qanvermə aksiyalarının keçirilməsi ideyası Ulu Öndər Heydər Əliyevə məxsusdur: “Əvvəllər bəzi radikal qruplar bu günü sui-istifadə mövzusuna çevirmişdi. Ulu Öndərin təşəbbüsü ilə bu məsələ müdrikcəsinə həll olundu – kim bu yolda qan vermək istəyirsə, qoy, bu qanla bir həyat xilas etsin. Bu təşəbbüs bu gün Azərbaycanda sabit və humanist ənənəyə çevrilib".
Aşura günündə Azərbaycan İlahiyyat İnstitutunda da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyada dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Azərbaycanda Aşura günündə qanvermə aksiyalarının keçirilməsi artıq ənənə halını alıb: “Əsası bir neçə il öncə qoyulan həmin ənənə ildən-ilə genişlənir və qanvermə aksiyası keçirilən məntəqələrin sayı artır. Bu il qanvermə aksiyaları 40-a yaxın məntəqədə təşkil olunub. Sevindirici haldır ki, bu il ilk dəfə olaraq qanvermə məntəqələrinin siyahısına Şuşa və Ağdam məscidləri də daxil edilib. Şəhidlərimizin qanı ilə aldığımız torpaqlara köçən insanlar hemofiliya və talassemiyadan, eləcə də digər xəstəliklərdən əziyyət çəkənlər üçün qanvermə aksiyasına qoşulublar. Bu bizim üçün həm sevindirici, həm də qürurverici haldır”.
Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Donorun ilkin müayinəsi şöbəsinin müdiri, həkim-terapevt Günel Əliyeva donorluqla bağlı qaydaları şərh edib. O bildirib ki, bir şəxsin ildə neçə dəfə qan verə biləcəyi tibbi normalar və insan orqanizminin bioloji xüsusiyyətləri nəzərə alınaraq qanunvericiliklə və klinik protokollarla tənzimlənir. Bu tənzimləmə həm donorun sağlamlığının qorunması, həm də verilən qan komponentlərinin keyfiyyətli olması məqsədini daşıyır.
Şöbə müdiri deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, qan donasiya intervalı kişilərdə hər 3 aydan bir olmaqla, ildə 4 dəfə, qadınlarda isə 4 ay fasilə ilə ildə 3 dəfə ola bilər: “Bu fərq fizioloji səbəblərlə izah olunur. Plazma donasiyasına gəlincə, plazma donorları ildə 12-15 dəfəyə qədər plazma verə bilərlər, aralıq isə ən azı 2 həftə olmalıdır. Bu prosesdə yalnız plazma alınır, digər hüceyrələr geri verilir. Buna görə də bədən daha tez bərpa olunur. Trombosit donasiyasına isə ildə 10-12 dəfə icazə verilir”.
Günel Əliyeva qeyd edib ki, müxtəlif ölkələrdə müvafiq qanunvericiliyə əsasən müəyyən yaş həddi olsa da, əsas etibarilə 18-65 yaş arasında olan praktiki sağlam şəxslərdən qan götürülür: “Çəkisi 50 kiloqramdan, boyu 150 santimetrdən çox olan şəxslərin donorluğuna icazə verilir. Mütləq ilkin həkim müayinəsi (qan təzyiqi, hərarət, çəki, antropometrik göstəricilər, anamnestik sorğu) və laborator test (HB səviyyəsi kişilərdə 135-180, qadınlarda 125-165 q/l) aparılır. Bu meyarlara uyğun şəxslər donor ola bilərlər. Donorluğa mütləq və nisbi əks-göstərişlər var. Bunu donoru müayinə edən həkim müəyyənləşdirir, donorluqdan kənarlaşdırma və ya donorluğa icazəni də o verir”, - deyə həkim-terapevt vurğulayıb.
Qeyd edək ki, iyul ayında Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) də növbəti qanvermə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunan qanvermə aksiyasında ETSN-in əməkdaşları fəal iştirak ediblər.
Qanvermə prosesi “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən həyata keçirilib və hər bir donorun sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra qan götürülüb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova