BMT-nin İqtisadi və Sosial Komissiyası Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlıqda maraqlıdır

Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Armida Salsiah Aliscahbanla görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, o cümlədən UNESCAP ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və bu müddət ərzində UNESCAP-a üzv əksər dövlətlərlə yüksək səviyyədə ikitərəfli əlaqələr qurulub. UNESCAP-ın xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün vacib platforma olduğunu bildirən səhiyyə naziri ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən UNESCAP-ın İcraçı katibi Armida Salsiah Aliscahban 2023-cü ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirən İcraçı katib qeyd edib ki, UNESCAP təşkilata üzv ölkələrdə səhiyyənin inkişafına, o cümlədən rəqəmsal səhiyyəyə töhfə verəcək.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş