Ölkəmizin infeksion xəstəliklərə qarşı milli təhlükəsizliyini təmin edən institut
V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu ölkəmizin infeksion-parazitar xəstəliklərə qarşı mübarizədə milli təhlükəsizliyini təmin edən yeganə ixtisaslaşmış tibb müəssisəsi olub, 2022-ci ildə 100 yaşını tamamlamışdır. Qurulduğu illərdə ölkəmizdə tüğyan edən vəba, qarın yatalağı, taun, malyariya, qızılca, difteriya, poliomielit kimi təhlükəli yoluxucu xəstəliklərlə mübarizədə bu institut çox mühüm rol oynamışdır.
Yenicə təşəkkül tapmış Sovet hakimiyyəti dövründə ölkənin ağır sosial-iqtisadi vəziyyəti, əhali arasında yüksək xəstələnmə və ölüm sayı, xüsusilə yüksək uşaq ölümü və geniş yayılmış təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə apara biləcək bir tibb müəssisəsinə olan ehtiyac hazırkı V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun yaradılması zərurətini şərtləndirən amillərdən biri oldu. O dövrdə Azərbaycanda mövcud olan ağır şəraitdə Azərbaycan inqilab komitəsinin sədri M.N.Qədirlinin rəhbərliyi altında malyariya ilə mübarizə üzrə Dövlət Komitəsi yaradıldı. Daha sonra digər yoluxucu xəstəliklərin qarşısının alınması və onlara qarşı elmi əsaslandırılmış əksepidemik mübarizənin təşkili və həyata keçirilməsi üçün elmi-təcrübi mərkəzin yaradılması zərurəti meydana çıxdı. Beləliklə, bir-birini əvəz edən və həllini gözləyən ağır problemlərin meydana çıxması 1922-ci ildə Q.M.Musabəyov adına Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun yaradılmasına səbəb oldu və bu mühüm missiyanı həmin institut tərəddüd etmədən öz üzərinə götürdü.
İnstitutun fəaliyyət dövrünü şərti olaraq 5 dövrə ayırmaq olar:
o I dövr (1922-1940-cı illər) – bu dövr yeni yaradılmış institutun fəaliyyətinin təşkil olunması və Böyük Vətən müharibəsinə qədər olan illəri əhatə edir.
o II dövr (1940-1960-cı illər) – II Dünya müharibəsi illərində institutun cəbhənin ehtiyaclarını ödəmək istiqamətində fəaliyyətinin təşkil olunması və müharibədən sonrakı yenidənqurma illərini əhatə edir.
o III dövr (1960-1990-cı illər) – keçmiş Sovetlər Birliyinin tərkibində o dövrün elmi tədqiqat institutları arasında qabaqcıl mövqe tutması, ölkədə yayılmış patologiyaların tədqiqi və bir sıra aktual yoluxucu xəstəliklərlə mübarizədə mühüm nailiyyətlərin əldə edilməsi dövrünü əhatə edir.
o IV dövr (1990-cı illərdən sonrakı dövr) – Azərbaycan Respublikasının yenidən müstəqillik qazanması ilə ölkənin digər elmi sahələrində olduğu kimi, tibb sahəsində də yeni dövr başlayır. Bu dövrün əsas xüsusiyyətlərdən biri profilaktik tibb elminin artıq ölkəmizin tələblərinə cavab verəcək şəkildə yenidən qurulması və strategiyasının müəyyən edilməsi ilə xarakterizə olunur.
o V dövr – COVID-19 pandemiyası öncəsi və pandemiya dövrü.
İnstitutun əsasının qoyulmasında Xalq Səhiyyə Komissarlığının Epidemiologiya şöbəsinin müdiri S.İ.Slovenskinin və Azərbaycan Dövlət Universitetinin Bakteriologiya kafedrasının müdiri dosent P.F.Zdrodovskinin böyük əməyi olmuşdur. Eyni zamanda, institutun formalaşmasında 1922-1934-cü illərdə keçmiş Azərbaycan SSR-in Xalq Səhiyyə Komissarı işləmiş M.N.İsrafilbəyovun və Dövlət Sanitariya müfəttişi professor A.K.Əlibəyovun xüsusi əməyi olmuşdur (B.F.Məcidov. 1968).
İnstitutun ilk direktoru sonralar keçmiş Sovetlər Birliyinin Tibb Elmləri Akademiyası və Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuş professor İ.İ.Şirokoqorov olmuşdur. Daha sonra 1925-ci ildə onu Akademik P.F.Zdrodovski əvəz etmişdir. 1930-cu ilə qədər davam edən bu dövrdə institutda 6 müxtəlif elmi şöbə, o cümlədən vivari, kitabxana, böyük mühazirə zalı, cərrahiyyə otağı fəaliyyət göstərirdi. 1925-1930-cu illərdə Peşə xəstəlikləri şöbəsi (1924), Bakı Peşə Xəstəlikləri İnstitutu (1925), Sosial Gigiyena İnstitutu (1929), Azərbaycan Dövlət Tibb İnstitutu (1930), Tropik İnstitutu (1930), bir il sonra Elmi Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutu (1931) yaradıldı. Eyni zamanda, 1928-ci ildə institutun sanitar-gigiyena laboratoriyasının bazasında Sanitariya və Gigiyena İnstitutu yaradılsa da, 1935-ci ildə bu institut bağlanaraq Epidemiologiya və Mikrobiologiya İnstitutunun Sanitar-gigiyena laboratoriyasına və Bakı Dövlət Universitetinin Kommunal gigiyena kafedrasına ayrıldı.
1932-ci ildən institut Mikrobiologiya İnstitutu, 1935-ci ildən isə Epidemiologiya və Mikrobiologiya İnstitutu adlandırıldı. Bu illər ərzində elmi tədqiqatların aparılmasına professor L.A.Zilber, professor V.A.Barıgin və tibb elmləri doktoru Ş.İ.İmaməliyev rəhbərlik etmişdir.
1932-ci ildə institutda Xüsusi təhlükəli infeksiyalar laboratoriyasının bazasında Respublika Taun Əleyhinə Stansiyası, 1937-ci ildə Bruselyoz əleyhinə stansiya təşkil olundu. Elə həmin ildə institutda Epidemioloji şöbədə operativ epidemioloqlar dəstəsi yaradıldı və respublikada bütün yoluxucu xəstəliklərə görə epidemioloji nəzarəti həyata keçirməyə başladı.
Böyük Vətən müharibəsi illəri institutun tarixində xüsusilə seçilir. Əməkdar elm xadimi, professor B.F.Məcidovun rəhbərlik etdiyi bu dövrdə (1938-1946; 1953-1968) institutun elmi-təcrübi fəaliyyəti əsaslı şəkildə dəyişdirildi, bununla yanaşı, cəbhənin və mülki əhalinin müxtəlif diaqnostik və müalicəvi biopreparatlara artan tələbatını ödəmək istiqamətində mühüm işlər aparıldı. Belə ki, institutun istehsalat şöbəsində yara faqları, bağırsaq faqı, müalicəvi zərdablar, ilan zəhərinə qarşı zərdab, anatoksin və s. istehsal edilirdi. Məhz bu dövrdə institutun fəaliyyətinə keçmiş Sovetlər Birliyinin Xalq Səhiyyə Komissarlığı və Qızıl Ordu tərəfindən yüksək qiymət verildi. B.F.Məcidov qüsursuz əmək fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı” ordeni, 3 dəfə “Şərəf nişanı” ordeni və çoxlu medallarla təltif olundu. Görkəmli alimimizin elmi fəaliyyət dövrü institutun tarixində xüsusi rol oynamışdır.
1945-ci ildə institutun Sanitar-gigiyena laboratoriyasının bazasında Respublika Sanitar-Gigiyena Stansiyası, 1948-ci ildə isə Eksperimental epidemiologiya laboratoriyasının bazasında Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Epidemiologiya və mikrobiologiya kafedrası təşkil olundu.
Sonrakı illərdə instituta tibb elmləri namizədi M.M.Axundov (1946-1952) və professor B.G.Məhərrəmov (1968-1972) rəhbərlik ediblər.
Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti və həqiqi üzvü, professor V.Y.Axundovun rəhbərliyi dövrü də (1972-1986) institutun tarixində xüsusi rol oynayıb. Bu dövrdə institutda mikrobioloji, virusoloji, epidemioloji, immunoloji və gigiyenik tədqiqatların aparılması geniş vüsət alıb və institut ölkədə yoluxucu xəstəliklərin profilaktikası və onlara qarşı əksepidemik mübarizənin təşkili və aparılmasında vacib elmi-metodik mərkəzə çevrilib. İnstitutda qeyd olunan istiqamətlərdə mütəxəssis-alimlərin rəhbərliyi altında əksepidemik mübarizənin önündə gedən mobil alimlər ordusu yaradılıb. Bu dövr, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin institutun fəaliyyətini diqqət mərkəzində saxlaması ilə səciyyələnir. 1996-cı ildə onun Fərmanı ilə instituta anadan olmasının 70 illik yubileyi münasibətilə alim-gigiyenist, səhiyyə təşkilatçısı, akademik Vəli Yusif oğlu Axundovun adı verildi və bu gün də o, bu şərəfli ad altında fəaliyyət göstərir.
XX əsrin 90-cı illəri, bir tərəfdən, Sovetlər Birliyinin dağılması, milli azadlıq hərəkatının başlanması, ölkəmizin müstəqillik qazanması ilə, digər tərəfdən, ictimai-siyasi formasiyanın dəyişməsi, iqtisadiyyatın tənəzzülü ilə tarixə düşdü. 1993-cü ildə Azərbaycanda həm səhiyyə sistemində, həm də elmi və təcrübi tibb müəssisələrində ciddi islahatlar aparılmağa başlanıldı.
1988-1992-ci illərdə institutun direktoru kimi professor T.Tağızadə çalışıb. Gənc kadrların hazırlanmasına xüsusilə diqqət yetirən professor T.Tağızadənin rəhbərliyi ilə 9 doktorluq və 31 namizədlik dissertasiyası müdafiə olunub. 1980-ci ildə o, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Professor T.Tağızadənin elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Şərəf nişanı”ordeni, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
1993-1994-cü illərdə instituta professor Zakir Qarayev rəhbərlik edib. Z.Ö.Qarayev uzun müddət (1982-1993-cü illərdə) səhiyyə sahəsində ümumittifaq və dünya əhəmiyyətli instituta – SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinə (hazırda Rusiya Federasiyası Elmi Tədqiqat Mikologiya İnstitutu) rəhbərlik etmiş görkəmli azərbaycanlı alimlərdən biridir.
1994-2020-ci illərdə professor N.N.Əliyevin instituta rəhbərliyi dövründə bu elmi-tibbi müəssisədə bir sıra elmi tədqiqat laboratoriyaları yaradıldı. Buna baxmayaraq, dəyərli alim-mütəxəssislərin sayının bir sıra obyektiv səbəblərdən azalması, bəzilərinin ölkəni tərk etməsi, gənc tədqiqatçıların elmdən uzaqlaşması kadr itkisinə gətirib çıxardı. Bununla yanaşı, 50 ildən artıq müddətdə əsaslı təmir edilməyən institut binasının bir hissəsinin itirilməsi, maddi-texniki bazasının zəifləməsi və mərkəzləşdirilmiş təchizatın olmaması institutun fəaliyyətinin getdikcə zəifləməsinə səbəb oldu.
İnstitutun fəaliyyətinin ən ağır dövrü qlobal COVID-19 pandemiyasına təsadüf edir. Məhz bu müəssisənin ölkədə COVID-19 pandemiyası ilə mübarizəni təşkil edərək əksepidemik mübarizənin önündə getməli olduğu halda, bu prosesdə tam iştirak edə bilməməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var idi. Bununla belə, institutun mütəxəssis alimləri və Klinik şöbənin həkim-tibb bacısı personalı COVID-19-la mübarizədə öz töhfələrini vermişlər. Təəssüflə qeyd edilməlidir ki, pandemiya dövründə institut bir neçə dəfə məkan dəyişdirmiş və bu səbəbdən planlı elmi-tədqiqat işlərinin aparılmasında ciddi çətinliklər yaranmışdı.
2020-ci ildə instituta uzun illər xaricdə işləyən professor Adil Allahverdiyev direktor təyin edildikdən sonra ciddi yenidənqurma işləri həyata keçirilməyə başladı və bu günə qədər də davam etməkdədir. Uzun illərdən bəri yığılıb qalan problemlərin həlli yeni rəhbərliyi qayğılandıran ən önəmli məsələlərdən idi. Bunlara institutun binasının yararsız olması, klinik və elmi laboratoriyalarda texniki təchizatın, laboratoriya avadanlıqlarının sıradan çıxması, cəmi 1-2 ədəd kompüter və mikroskopun olması, institutun elmi və klinik şöbələrinin uzun illərdən bəri yenilənməmiş və müasir şərtlərə cavab verməyən struktura sahib olması, mövcud kadrların tələb edilən şərtlərə cavab verməməsi, perspektivli gənc kadrların çatışmazlığı qarşıda duran ciddi problemlərdən idi. Sadalanan problemlərin həlli üçün ilk olaraq Səhiyyə Nazirliyinin dəstəyi ilə institut yeni bina ilə təmin edildi və institutda köklü dəyişikliklər aparıldı. Bunlara aşağıdakılar aiddir:
- Elmi və klinik bölmələr Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yeni ştat strukturuna uyğun olaraq komplektləşdirilmiş, bir sıra müasir elmi-tədqiqat bölmələri yaradılmışdır (vaksin, nanovaksin, gen mühəndisliyi, kök hüceyrə və nanotexnologiya, və s.).
- Səhiyyə Nazirliyinin dəstəyi ilə ABŞ və ÜST-dən 1 milyon dollar dəyərində müasir laborator cihaz və avadanlıqlar instituta dəstək məqsədi ilə ödənişsiz şəkildə təmin edilmişdir. İnstitutumuzda ilk dəfə olaraq mərkəzləşdirilmiş klinik və araşdırma laboratoriyası qurulmuşdur. Yeni quruluşun üstünlüyü institutdakı mövcud cihazların ayrı-ayrı laboratoriyalarda deyil, mərkəzləşdirilmiş laboratoriyada yerləşməsi, hər kəs tərəfindən istifadə edilməsinə imkan yaradılmasıdır.
- İnstitutun gənc, perspektivli kadrlara olan ehtiyacını təmin etmək məqsədi ilə Türkiyə və digər ölkələrdə magistratura təhsili almış və doktorantura pilləsini keçmiş perspektivli gənc elmi kadrlar işə qəbul olunmuş və gənclərdən ibarət Gənc Tədqiqatçılar Birliyi yaradılmışdır. İnstitutun elm sahəsindəki əsas strategiyasını ölkədaxili və ölkəxarici elmi layihələrin hazırlanması, xüsusilə məqalələrin impakt-faktorlu Web of science beynəlxalq bazasına daxil olan jurnallarda, SCİ əhatəsində dərc edilməsi təşkil edir. Son illərdə ilk dəfə olaraq beynəlxalq jurnallarda artıq bu sahədə institutun adına yazılmış elmi məqalələr dərc edilməyə başlanmışdır. Elmi əməkdaşların fəaliyyətinin obyektiv dəyərləndirilməsi üçün performans kriteriyalarına əsaslanan sistem hazırlanmışdır. Bu sistemdə xarici məqalə oxuyub təqdim edilməsindən tutmuş, elmi layihələrin, xaricdə elmi məqalələrin dərc edilməsinədək, hər araşdırmaya müəyyən ballar verilir.
Bütün həyata keçirilən tədbirlər kontekstindəAzərbaycan səhiyyəsi üçün strateji əhəmiyyət daşıyan, infeksion xəstəliklərə qarşı mübarizədə ölkəmizin milli təhlükəsizliyini təmin edən V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun əsas hədəfi qabaqcıl, müasir və beynəlxalq səviyyəli elmi tədqiqat mərkəzi olaraq fəaliyyət göstərməkdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor A.M.Allahverdiyev