Səhiyyə Nazirliyi yeni yayılan metapnevmovirusla bağlı əhaliyə tövsiyələr verib
Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib.
Nazirliyin Mətbuat xidməti xəbər verir ki, açıqlamada hər il Şimal yarımkürəsində yerləşən ərazilərdə soyuq aylarda (əsasən dekabr-mart aylarında) mövsümi qripin (influenza) və digər kəskin respirator virus infeksiyalarının müxtəlif ştamlarının yayıldığı bildirilib. Rəsmi mənbələrdən alınmış məlumatlara əsasən, hazırda Çin, Qazaxıstan və Rusiya Federasiyasında həmin xəstəliklərin daha bir təzahürü olan metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət müşahidə olunur.
“Metapnevmovirus mövsümi xarakter daşıyan qripəbənzər respirator xəstəlikdir. Bu virus bütün dünyada geniş yayılıb və kəskin respirator virus infeksiyalarının tipik patogenlərindən biridir.
Metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyalarına xas olan öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla təzahür edir. İnfeksiyaya əsasən kiçik yaşlı uşaqlar və immuniteti zəif olan şəxslər yoluxur. Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi, adətən 7-10 gün ərzində aradan qalxır.
İmmun sistemi zəif olan və ya yanaşı xəstəlikləri (məsələn, bronxial astma, ağciyərlərin xroniki xəstəlikləri) olanlarda metapnevmovirus bronxit və ya pnevmoniya ilə ağırlaşa bilər. Onu da qeyd etmək lazımdır ki, yanaşı xəstəlikləri olmayan şəxslərdə respirator infeksiyalar əsasən fəsadsız keçir, qısa müddət ərzində öz-özünə sağalma ilə nəticələndiyindən müalicə adətən simptomlara görə aparılır. Həmin xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir. Beynəlxalq protokollara əsasən, bu cür müayinələrin rutin aparılmasına ehtiyac yoxdur”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, ölkə ərazisində epidemioloji vəziyyətə nəzarət, epidemik dövrdə qripin hansı ştamlarının dövr etməsini müəyyənləşdirmək üçün Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi aparılır: “Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, həmçinin əl gigiyenasına riayət etməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil olunmasını tövsiyə edir. Hər hansı respirator simptomları olan şəxslərin ev şəraitində simptomatik müalicə alması məqsədəuyğun hesab edilir.
Bununla yanaşı, respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş qrip əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunur.
Hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır”.