“Tibbi profilaktikanın aktual problemləri” Beynəlxalq elmi konfrans keçirildi
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Tibbi profilaktikanın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ölkəmizdəki elmi-tədqiqat institutları və təhsil müəssisələri ilə yanaşı, Türkiyə, Özbəkistan, ABŞ, Belarus və Xorvatiya kimi bir sıra xarici ölkələrdən olan alimlər, görkəmli elm nümayəndələri də iştirak ediblər.
Konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov tibb sahəsində profilaktikanın vacibliyi haqqında danışıb: “COVID-19 pandemiyası ilə bağlı olaraq infeksion xəstəliklərin profilaktikası məsələsi aktuallaşıb. Səhiyyə Nazirliyi infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasına daha çox diqqət ayırır”.
Özbəkistan Respublikasının ixtisaslaşdırılmış Elmi-praktik Epidemiologiya, Mikrobiologiya, Yoluxucu və Parazitar Xəstəliklər Tibbi Mərkəzinin direktoru professor Batir Tadjiyev, mərkəzin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Nigora Tadjiyiva və 2 doktorantı konfransda elmi məruzə ilə çıxış ediblər. Türkiyədən konfransda iştirak edən elm nümayəndələri inaktiv vaksinlər, müasir biotexnologiyanın təbabətdə istifadəsi, nanotexnologiya, neyro-mühəndislik və xərçəng araşdırmaları kimi bir çox müasir mövzulardan danışıblar. Daha sonra V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun dosenti Lalə Rüstəmova, dosent Sevinc Süleymanova və digər elmi işçilər konfransda aktual və vacib mövzularda müzakirələr aparıblar.