Tibb Universitetinin nəzdində Psixoloji Mərkəz yaradılıb
Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının qərarına əsasən, bu tibb təhsili müəssisəsinin nəzdində psixoloji mərkəz yaradılıb.
Universitetdən bildirildiyinə görə, mərkəzdə ATU-nun professor-müəllim və işçi heyətinə, həmçinin tələbələrə psixoloji yardım göstərilir. Mərkəzin rəhbəri, klinik psixoloq və psixoterapevt Günel Abbasovanın sözlərinə görə, şəxsi həyatında, sosial mühitlə bağlı, həmçinin adaptasiya olunmaqda çətinliklər yaşayan həkim, müəllim və ya inzibati-texniki işçilər, eləcə də tədrisdə problemləri olan tələbələr bu mərkəzə müraciət edə bilərlər.
Mərkəz ATU-nun beş klinik psixoloqunun fəaliyyətini əhatə edir. Belə ki, Tədris Terapevtik Klinikada 3, Lökbatan poliklinikasında 1 və Yasamal rayonunda yerləşən 16 saylı poliklinikada 1 nəfər olmaqla, mütəxəssislər ehtiyacı olanları qəbul edirlər. İş qrafiki səhər saat 9-dan axşam saat 6-ya kimidir. Konsultasiyalar 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparıldığından, xarici tələbələr də məsləhət üçün müraciət edə bilər.