Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Onkoloji xəstəliklərin müasir müayinə və müalicə üsulları” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Türkiyənin Bayındır Xəstəxanası ilə birgə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransın əvvəlində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.
Konfransı Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin adından baş həkim Azad Kərimli açıb. O, tədbirdə onkoloji xəstəliklərin müayinə və müalicəsində son nailiyyətlərin, müasir yanaşmaların qarşılıqlı qardaşlıq mühitində müzakirə edilməsinin əhəmiyyətindən bəhs edib: “Türkiyə ilə birlikdə təşkil edilən konfransın həm elmi-praktik, həm də təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacağına ümidvaram".
"Heydər Əliyev və Azərbaycan" mövzusunda məruzə edən baş həkim Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin, o cümlədən səhiyyənin inkişafından danışıb. Qeyd olunub ki, Heydər Əliyev üçün insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması prioritet olub. Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığının yüksək vüsət aldığı, yeni elmi mərkəzlərin açıldığı, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyətinin canlandırıldığı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfransların, forumların keçirildiyi diqqətə çatdırılıb. "Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, bu sahədə atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin strategiyasının uğurla davam etdirilməsinin təzahürüdür", - deyə A.Kərimli qeyd edib.
Konfrans sessiyalarla davam edib.
Tədbirdə Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri və Türkiyə Bayındır xəstəxanasından olan həkimlər bədxassəli şişlərin müasir diaqnostika və müalicəsi mövzusunu əhatə edən təqdimatlarla çıxış ediblər. Konfrans zamanı baş-boyun, süd vəzi, qadın reproduktiv sistemi, qastrointestinal və digər lokalizasiyalı şişlərə yanaşma mövzusu ətrafında geniş müzakirələr aparılıb.
Türkiyənin Bayındır xəstəxanasının nümayəndəsi Cem Talas çıxışında qeyd edib ki, texnologiyanın inkişafı, biliklərin artması xərçəng xəstələrinin müalicəsində müsbət nəticələr verir: “Hazırda bu sahədə xeyli yeniliklər var. Burada “ağıllı” dərman tətbiqləri, immunoterapiyalar, eləcə də genetik araşdırmalarla seçilən dərmanlar, bütün orqanizmə təsir etmədən müəyyən orqanlara yönəlmiş kimyaterapiya müalicələri ön plana çıxır. Həmin müalicə üsullarından sonra ona uyğun aparılan radiofrekans ablasiya, vaskulyar və nonvaskulyar müdaxilə prosedurları xəstənin ömrünün uzadır. Kemosaturasiya kimi spesifik kimyaterapiya üsulları ilə yüksək dozada kimyaterapiya dərmanlarının bütün orqanizmə təsir etmədən, yalnız həmin orqandakı xəstəliyə yönəlmiş tətbiqi nəticəsində böyük nailiyyətlər əldə edilir. Bu, xəstələrin sağalmasına və ömrünün uzanmasına töhfə verir”. Mütəxəssis xərçəngin müalicəsində erkən diaqnozun vacibliyini xüsusi vurğulayıb. Bildirib ki, erkən diaqnoz, uğurlu cərrahi müdaxilə və kompleks şəkildə müalicədən sonra dəstək müalicələr tətbiq edilməlidir. Metastazlar olarsa, radioloji müalicə lazım olur. Texnologiyanın inkişafı, biliklərin artması sayəsində xərçəng xəstələrinə müalicədən sonra qoyulan yaşama proqnozu 5 ildən daha çox olur.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova