ATU-da Təcili tibb kafedrası yaradılıb
Azərbaycan Tibb Universitetində (ATU) yeni yaradılan Təcili tibb kafedrasının ilk mühazirəsi keçirilib. Kafedranın müdiri, dosent Nadir Zeynalovun təqdimatında ilk mühazirəni I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri dinləyiblər.
N.Zeynalov AZƏRTAC-a bildirib ki, 2021-ci ilin dekabrında Böyük Elmi Şuranın qərarı ilə Təcili tibb kafedrasının təşkilinə hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, həmin kafedranın yaranmasında Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin böyük xidməti olub. Belə ki, həmin nümayəndəliyin Azərbaycanda həyata keçirdiyi layihələrin istiqamətlərindən biri də təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi idi: “Həm layihə çərçivəsində, həm də kafedranın yaradılmasına hazırlıq mərhələsində kafedrada çalışacaq müəllimlər seçildi və Türkiyənin aparıcı universitetində il yarım ərzində hər dəfə 1 ay olmaqla, üç dəfə nəzəri və praktik təlim keçdilər. Bu sahədə böyük təcrübəsi olan Türkiyənin aparıcı mütəxəssisləri kafedranın yaradılmasına konsultativ yardım göstərdilər. Eyni zamanda, türkiyəli professorlar Azərbaycana gələrək öz təcrübələrini Təcili tibb kafedrasında işləyəcək müəllimlərlə bölüşdülər”.
Təcili tibb sahəsində yeni strukturların yaradılması və mütəxəssislərin hazırlanmasının artıq zərurətə çevrildiyini söyləyən kafedra müdiri proqramların dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması baxımından Təcili tibb kafedrasının təşkilinin məqsədəuyğun hesab edildiyini vurğulayıb.