Aritmiyanın müalicəsində yeni üsul

Aritmiyanın müalicəsində yeni üsul

Praqanın “Na Homolce” klinikasında aritmiyanın müalicəsi üçün yeni üsul sınaqdan keçirilir. Yeni metod elektrik enerjisinin krioenerji ilə birləşməsinə əsaslanır.
Ruski.radio.cz xəbər verir ki, bu məqsədlə hazırda işlənən metod – impulslu elektrik sahəsindən istifadə etməklə ablasiya proseduru da vaxtilə dünyada ilk dəfə məhz bu xəstəxanada tətbiq olunmuşdu. Bu üsul atrial fibrilyasiyanın hər hansı forması olan xəstələrin 80 faizinə kömək edir. İndi isə çexiyalı kardioloqlar həmin metoddan yararlana bilməyənlər üçün təzə üsulları sınaqdan keçirmək qərarına gəliblər.
Yeni kateterizasiya metodu özündə toxumaların dondurulması və elektroporasiyasını, elektrik sahəsinin təsiri altında ikiqatlı lipid membranında məsamələrin yaradılmasını birləşdirir. Bu fenomen biotexnologiyada makromolekulların tətbiqi üçün, eləcə də tibb və sənayedə istifadə olunur.
Xəstəxananın kardioloqu Yan Petru deyir ki, krioenerji sayəsində kateter donaraq, boşalmaların baş verəcəyi yerə yapışır. Donma təklikdə toxumaların dağılmasına səbəb ola bilərdi, ancaq onunla birlikdə impuls sahəsinin tətbiqi ablasiya vasitəsilə müdaxilənin effektivliyini və davamlılığını artırır.
Klinik tədqiqatın gedişində narkoz altında olan sayrışan aritmiya xəstəsinin klinik proseduru ürəyin 3D modelinin yaradılması, elektroanatomik xəritəsinin çəkilməsi ilə başlayır. Həkimlərin ixtiyarında bu orqanın elektrik fəaliyyətinin 3D xəritəsi, sol atriumun üçölçülü exokardioqrafiya ilə təsviri, həmçinin ürəyin ultrasəs və rentgenoqrafiya müayinələrinin nəticəsi olur.
Atrial fibrilyasiyası olan xəstələrdə ürək vurmalarının sayı normadan çox yüksək ola bilər, nəticədə, ürək qanı səmərəli şəkildə bədənin orqan və toxumalarına çatdıra bilmir, eyni zamanda, qanın ürəkdə durğunluğu və laxtalanması ehtimalı artır.
Klinik tədqiqat zamanı həkimlər kateteri qasıqdan qan damarına daxil edərək, buradan ürəyin sol və sağ qulaqcıqlarına çatırlar, onun içi ilə dondurucu kateteri, bunun içi ilə isə ürək nahiyəsində manipulyasiya etmək imkanı verən tel ötürücünü keçirirlər. Əvvəlcə prosedur yeri dondurucu ilə 30 saniyə ərzində dondurulur. Sonra müəyyən yerdən elektrik boşalması keçir.
Doktor Pyotr Neujil prosesi şərh edərək deyir ki, hazırda dondurma temperaturu lazım olan həddə - 178 dərəcəyə çatıb: “Bunun əhəmiyyəti var, çünki impuls sahəsi donmuş hüceyrələrə tətbiq edilir, bu daha dərinə nüfuz etmək imkanı yaradır. Hesab edirik ki, donma ilə impuls sahəsinin birgə istifadəsi daha effektiv olacaq, beləliklə, biz toxumanın daha dərin qatlarına təsir edə biləcəyik”.
Hazırda yeni metod klinik təcrübədən keçirilir. İndiyədək bu prosedur vasitəsilə dörd xəstə müalicə edilib. Həkimlər ilk növbədə onun pasiyentlər üçün təhlükəsiz olub-olmamasını araşdırırlar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova