2050-ci ilə qədər dünyada 843 milyon insan bel ağrısından əziyyət çəkəcək
Belin aşağı nahiyəsində yaranan ağrı dünyada əlilliyin əsas səbəblərindən biri hesab olunur və hazırda 600 milyondan çox insan həmin problemdən əziyyət çəkir.
AZƏRTAC bildirir ki, aparılan yeni bir tədqiqat bel ağrısının qlobal yükünü ölkə, il, yaş, cins və ağrının şiddətinə görə qiymətləndirib. Araşdırmanın nəticələrində bel ağrısının son üç onillikdə əlilliyin bir nömrəli səbəbi olduğu və 2050-ci ilə qədər dünyada 843 milyon insanın bu problemdən əziyyət çəkəcəyi müəyyənləşib.
"The Lancet Rheumatology" jurnalında dərc olunan tədqiqatın müəllifləri qeyd ediblər ki, insan onurğasının anatomik mürəkkəbliyi sadə diaqnostikalarla müəyyən edilə bilməz. Piylənmə, tütün məhsullarından istifadə, hərəkətsizlik kimi qlobal problemlər həll edildiyi təqdirdə, bel ağrısı şikayəti 39 faiz azala bilər. Siqaret çəkmək disklər və oynaqlar kimi onurğa strukturlarının mikrosirkulyasiyasının pozulması, həmçinin sümüklərin zəifləməsinə səbəb olur. Eyni zamanda, bir sıra digər xəstəliklər kimi, bel ağrısının da yaranması fiziki hərəkətsizlik, piylənmə və yuxusuzluq kimi amillərlə əlaqələndirilir. Sözügedən problemlər bel ağrısı riskinin artması ilə nəticələnir. Bioloji, sosial və psixoloji faktorlar da daxil olmaqla, bir çox amillərin təsir göstərdiyi bel ağrısına qadınlarda daha çox rast gəlinir.