Bakıda I Beynəlxalq süd vəzi xərçəngi konqresi keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Süd Vəzi Xəstəlikləri Assosiasiyasının (ASVXA) təşkilatçılığı ilə Bakıda I Beynəlxalq süd vəzi xərçəngi konqresi baş tutub.
Tədbirin əvvəlində Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq Süd Vəzi Xərçəngi Xəstəliyi Çalışma Qrupu ilə birgə təşkil olunan, 200-ə yaxın mütəxəssisin iştirak etdiyi ikigünlük konqresdə açılış nitqi söyləyən ATU-nun rektoru, professor Gəray Gəraybəyli konqresin əhəmiyyətindən,mövzunun aktuallığından söz açıb, süd vəzi xərçənginin çox ciddi ictimai səhiyyə problemi olduğunu bildirib. Onun sözlərinə görə, dünya üzrə statistika da bunu təsdiqləyir: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il yer üzündə bir milyondan çox yeni xəstəyə süd vəzi xərçəngi diaqnozu qoyulur. Bu patologiya xəstəlikdən ölüm hallarının təxminən 50 faizini təşkil edir. Son 20 ildə diaqnostika və müalicəsində əldə edilən inkişafa baxmayaraq, süd vəzi xərçəngindən və onun ağırlaşmalarından vəfat edən xəstə sayı hələ də az deyil”.
Xəstəliklə bağlı cəmiyyətdə kifayət qədər məlumat olmadığını vurğulayan rektor qeyd edib ki, ATU-da və klinikalarında süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə işlərinə xüsusi diqqət verilir. Hər il bu ali təhsil ocağında süd vəzi xərçəngi ilə bağlı müxtəlif aksiyalar, konfrans və seminarlar, xəstəliyin erkən diaqnozunun vacibliyi ilə bağlı kütləvi maarifləndirmə tədbirləri keçirilir. Xüsusilə oktyabr ayında ATU-nun professor-müəllim heyəti, klinikaların həkimləri kütləvi informasiya vasitələrində, televiziya və radio kanallarında çıxış edir, maarifləndirmə aksiyalarında aktiv iştirak edirlər.
Professor G.Gəraybəyli bildirib ki, süd vəzi xərçənginin erkən diaqnostikası ilə bağlı həkimlər arasında geniş əməkdaşlıq layihələri planlaşdırılır: “Konqresin digər planları arasında tibb bacıları üçün sessiyaların təşkili və süd vəzi xərçəngi diaqnozu qoyulanlarla görüşlər nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, xərçəng diaqnozu ölüm demək deyil”.
Oktyabrın 15-nin Süd Vəzi Xərçəngi ilə Mübarizə Günü olduğunu xatırladan ATU-nun rektoru çıxışının sonunda konqresin işinə uğurlar arzulayıb, bu tədbirin ölkələr arasında əməkdaşlığa, Azərbaycanda onkoloji yardımın inkişafına təkan verəcəyinə, universitetlər arasında əlaqələrin genişlənməsinə töhfə olacağına əminliyini bildirib.
Səhiyyə nazirinin müavini professor İlqar Qasımov zəngin proqramı olan beynəlxalq konqresin aktual problemə həsr olunduğunu qeyd edib. Dünyada hər 8 qadından birinin bu xəstəliklə üzləşdiyini bildirən professor İ.Qasımov ölkəmizdə onkoloji xəstəliklərin diaqnostikası, müayinə və müalicəsi üzrə aparılan işlər haqqında danışıb. Səhiyyə nazirinin müavini bu xəstəliyin müalicəsində erkən diaqnostikanın çox önəmli olduğunu vurğulayıb, bu baxımdan maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.
ATU-nun Onkologiya kafedrasının müdiri, universitetin Onkoloji Klinikasının direktoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bu konqresi bütövlükdə Azərbaycan səhiyyə ictimaiyyəti üçün son dərəcə önəmli bir hadisə kimi qiymətləndirib. Qeyd edib ki, dünya üzrə onkoloqların səylərinə baxmayaraq, süd vəzi xərçənginə yoluxma və ölüm göstəriciləri ilbəil artır: “Ölüm göstəriciləri mütəxəssisləri qane etmir. Lakin bir məqamı qeyd etmək istərdim ki, ötən əsrin sonlarına nisbətdə indi ölüm göstəricilərini stabilləşdirmək və 35-40 faizə qədər azaltmaq mümkün olub. Bu da göstərilən sahədə olan ciddi innovativ işlərin, elmi tədqiqatların nəticəsidir”.
Beynəlxalq Süd Vəzi Xərçəngi Xəstəliyi Çalışma Qrupunun sədri professor Atilla Soran belə toplantıların tibb elminin inkişaf potensialını və ölkələrin xüsusiyyətlərini nəzərə almaqla gələcək üçün ən optimal və uyğun həllərin tapılması, ölkələrdə elmi tədqiqatların genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, konqresdə dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar aktual məsələləri müzakirə edərək onkoloji xidmətin təkmilləşdirilməsinə, tibbi qayğının keyfiyyətinin yaxşılaşdırılmasına yönələn əməkdaşlıq layihələrinin başlanğıcını qoyacaqlar.
ATU-nun Onkoloji Klinikasının baş həkimi Nigar Mehdiyeva konqresin əsas məqsədinin müasir sivilizasiyanın ən qorxunc xəstəliklərindən biri olan xərçəng haqqında məlumatlılığı artırmaqdan, diqqəti bu xəstəliyin qarşısının alınması, aşkar edilməsi və müalicəsinə yönəltməkdən ibarət olduğunu bildirib. Həmçinin ölkələr arasında əməkdaşlığı gücləndirməyin, onkoloji yardımda ən müasir diaqnostik və terapevtik prosedurların tətbiqini təşviq etməyin də əsas məqsədlər sırasında olduğunu deyib.
Konqres öz işini təbabətin bu sahəsinə aid elmi məruzələrlə davam etdirib.