Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə seminar təşkil olunub

Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə seminar təşkil olunub

Azərbaycan hökuməti ilə Dünya Bankı Qrupu arasında aparılan əməkdaşlığa uyğun olaraq, “Təminatçının ödəniş sistemi: diaqnostikası və tövsiyələr; elektron səhiyyə üçün lazım olan qanunvericilik dəyişiklikləri üçün seçimlər” mövzusunda məlumatlandırma seminarı keçirilib. Tədbir Dünya Bankının Texniki Yardım Missiyası nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində, “Elektron səhiyyə strategiyası və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı üzrə texniki yardım” layihəsinin tərkib hissəsi kimi təşkil olunub.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Dünya Bankının təşkilati dəstəyi ilə keçirilən, iki sessiyadan ibarət seminarda aidiyyatı qurumların, habelə elmi dairələrin və inkişaf tərəfdaşlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Dünya Bankının komandası tərəfindən aparılan texniki qiymətləndirmələrin, eləcə də təminatçının ödəniş sistemi və e-Səhiyyə üçün zəruri olan qanunvericilik dəyişikliklərinin variantları ilə bağlı tövsiyələrə dair təqdimatlar və müzakirələr aparılıb.
Açılış mərasimində çıxış edən İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev müzakirə olunan mövzuların səhiyyənin inkişafı üçün vacib olduğunu bildirib. O, Dünya Bankının müxtəlif layihələrlə verdiyi dəstəyi yüksək qiymətləndirib. Deyib ki, tibb müəssisələrində elektronlaşma ilə bağlı çox böyük işlər görülsə də, ümumi sistemdə fraqmentasiyalar mövcuddur. Elektron səhiyyə ilə bağlı ölkədə ümumi bir platformanın yaradılması müzakirə olunur: “Bu platformaya Səhiyyə Nazirliyinin, TƏBİB-in, digər nazirliklərin tabeliyindəki tibb müəssisələrinin, həmçinin özəl tibb müəssisələrinin inteqrasiyası nəzərdən keçirilir. Hesab edirəm ki, Dünya Bankının bu işdə bizə verdiyi təklif və tövsiyələr faydalı olacaq”.
Daha sonra çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Azərbaycanda səhiyyənin rəqəmsallaşması nəticəsində əldə olunacaq böyük həcmli tibbi məlumatların düzgün və qanunvericiliyə uyğun istifadə edilməsi üçün möhkəm hüquqi baza yaradılmalıdır: “Ölkəmizdə aparılan səhiyyə slahatları çərçivəsində çoxlu yeniliklər var. Buraya icbari tibbi sığortanın tətbiqi və səhiyyənin rəqəmsallaşması istiqamətində aparılan işlər aiddir. Bu səhiyyə islahatları həmçinin ölkəmizdə universal tibbi təminatın bərqərar olunmasına yönəlib. Universal tibbi təminat səhiyyənin rəqəmsallaşması, möhkəm hüquqi bazanın yaradılması və təminatçılara ödəniş sistemi ilə bağlıdır. Səhiyyə Nazirliyi tərəfindən ölkədəki müxtəlif tibb müəssisələrinin vahid elektron platforma üzərində çalışması üçün işlər aparılır. Səhiyyədə rəqəmsal tətbiqlərdən istifadə müvafiq məlumatların təhlükəsiz şəkildə emalını, mübadiləsini və saxlanılmasını nəzərdə tutur. Bu gün beynəlxalq ekspertlərin bu mövzuda səsləndirəcəyi fikirləri öyrənmək çox maraqlı olar”.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov çıxışında Azərbaycanda səhiyyə sisteminin inkişafı, icbari tibbi sığorta, tibbi xidmətlər və elektron səhiyyə sahələri üzrə analitik dəstək məsələlərinin maraqlı tərəflərlə müzakirəsinin faydalı olacağını bildirib.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı Yaponiya hökumətinin maliyyə dəstəyi ilə icra olunan texniki yardım layihəsi çərçivəsində müzakirə edilən məsələlərin vacibliyindən danışıb: “Bütün həmkarlarımıza, hökumətdəki tərəfdaşlarımıza - Səhiyyə Nazirliyi, İTSDA, TƏBİB, həmçinin ÜST-yə Azərbaycanda səhiyyənin inkişafı sahəsində gördükləri davamlı işlərə görə təşəkkür edirəm. Dünya Bankı və Azərbaycan arasında səhiyyə sahəsində yaxşı əməkdaşlıq tarixi var. Hazırda Dünya Bankının səhiyyə sahəsində iştirak etdiyi layihələr rəqəmsallaşma, universal tibbi xidmətlərə əlçatanlığın artırılması, qlobal sistemlərə inteqrasiya kimi məsələləri özündə ehtiva edir. Biz bu gün qaldırılan məsələləri və müzakirələri hərtərəfli təhlil edəcəyik”.
Natiqlər bildiriblər ki, məlumatların düzgünlüyü və şəffaflığı qərar vermə prosesində böyük rol oynayır. Belə ki, tibbi məlumatlara həm pasiyentlərə aid informasiya, həm də maliyyə məsələləri daxildir. Bütün bunlar birlikdə böyük məlumat bazasını təşkil edir. Məlumat bazasının idarəolunması və digər bazalarla mübadiləni təmin etmək, əslində, səhiyyənin rəqəmsallaşdırılmasının əsasını təşkil edir. Burada əsas çağırışlardan biri fərdi tibbi məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması ilə bağlıdır.
Məlumatlandırıcı seminar öz işini panel sessiyalarla davam etdirib. Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyovun moderatorluğu ilə “Azərbaycanda e-səhiyyə üzrə tələb olunan qanunvericilik dəyişiklikləri ilə bağlı seçimlər” mövzusunda panel sessiya keçirilib. R.Hacıəlibəyov vurğulayıb ki, ümumi məqsəd vətəndaşları ölkənin bütün bölgələrində keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin etməkdir: “Buna müasir zamanda elektron səhiyyədə yüksək texnologiyaları tətbiq edərək nail olmaq mümkündür. Bunun üçün rəqəmsal səhiyyə proseslərinin həyata keçirilməsini təmin etmək və tibbi xidmətlərin təkmilləşdirilməsi üçün qanunvericilik bazasında dəyişikliklərin aparılması zəruridir”.
Sessiyada Dünya Bankının rəqəmsal səhiyyə uzrə baş mütəxəssisləri Piter Ross, İsa Əliyev və Pərviz Əhmədov təqdimatlarla çıxış ediblər. Ekspertlər tibbi iddiaların idarə edilməsi sisteminin təhlilinə dair nəticələri və Azərbaycan səhiyyə sistemində rəqəmsal verilənlərin mübadiləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim ediblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət şöbəsinin müdiri Elçin Qədirov, İTSDA-nın Hüquq departamentinin rəhbəri Aysel İbayeva və digərləri seminar iştirakçılarının suallarını cavablandırıblar.
“Təminatçının ödəniş sistemi: Azərbaycan üzrə diaqnostika və tövsiyələr” adlı panel sessiyada Dünya Bankının təminatçının ödəniş sistemi üzrə baş mütəxəssisləri Kristina Kahur, Andres Raunnamae və Aleksandr Katsaqa təqdimatlarla çıxış ediblər. Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.
Seminarda Dünya Bankının ekspertləri öz təqdimatlarında tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminə dair aparılmış təhlilin nəticələrini və bu sahədəki əsas çətinlikləri diqqətə çatdırıblar. Ekspertlər sözügedən mexanizmin gücləndirilməsi üçün tövsiyələrini və ən yaxşı beynəlxalq təcrübəni tədbir iştirakçılarına təqdim ediblər. Təqdimatlarda həmçinin Azərbaycanda elektron səhiyyənin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilməli olan dəyişikliklərdən danışılıb, təhlillərin nəticələri müzakirə olunub.





Avqust 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova