ÜST-nin Qiymətləndirmə Missiyası bir sıra səhiyyə və tibb təhsili müəssisələrində olub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan səhiyyəsində islahatlara dəstək baxımından ehtiyacların qiymətləndirilməsi, ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində dəstəyə ehtiyac olan istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə ölkəmizə göndərdiyi Qiymətləndirmə Missiyası burada bir sıra səhiyyə və tibb təhsili müəssisələrində olub.
Ekspertlərdən ibarət nümayəndə heyəti ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) görüş keçirilib.
ADHTİ-dən verilən məlumata görə, İnstitutun rektoru professor Nazim Qasımov qonaqları salamlayaraq bildirib ki, ÜST ilə qarşılıqlı əməkdaşlıq şəraitində ölkəmizdə mühüm işlər görülüb, uğurlu layihələr həyata keçirilib: “Təşkilatın Azərbaycan üzrə nümayəndəliyi səhiyyənin təkmilləşdirilməsi işində Səhiyyə Nazirliyi və yerli icra strukturları ilə birgə fəaliyyət göstərib”.
Görüş zamanı ÜST-nin Avropa ofisi və Azərbaycan üzrə nümayəndəliyinin səhiyyədə insan resursları, ilkin səhiyyə xidməti, tibb bacısı siyasəti və xəstəxanalar istiqamətində gördüyü işlər haqqında fikir mübadiləsi aparılıb. ADHTİ-də ailə həkimi ixtisası və rezidentura təhsilinin təşkili məsələləri müzakirə olunub.
Qonaqlar institutda aparılan tədris, elmi və kliniki işlərlə yaxından tanış olaraq, tədris bazasının fəaliyyətini izləyiblər.
ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) də olub.
Universitetin mətbuat xidmətindən bildirilib ki, qonaqlarla görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ölkəmizin ÜST ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. COVID-19-la mübarizədə ölkə daxilində görülən işlər, Azərbaycanın başqa dövlətlərə göstərdiyi yardımlar və irəli sürdüyü təşəbbüslər yada salınıb, bu istiqamətdə Azərbaycanın nailiyyətlərinin ÜST-nin baş direktoru Tedros Gebreyesus tərəfindən də yüksək qiymətləndirildiyi vurğulanıb. Eləcə də daha əvvəl keçirilən görüşün nəticələri müzakirə olunub, işçi qrupu təsdiqlənib.
ÜST-nin ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Halil İbrahim Durak qeyd edib ki, son illərdə Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi məqsədilə islahatlar aparılıb, insanların tibbi xidmətlərlə hərtərəfli əhatə olunması istiqamətində mühüm işlər görülüb. ÜST-nin Qiymətləndirmə Missiyasının əsas məqsədi Azərbaycanda tibb işçilərinin inkişafı, ölkənin səhiyyə sisteminin dayanıqlılığının artırılması, ilkin səhiyyə xidməti sahəsində uğurlu planlaşdırmanın təmini, xəstəxana sisteminin effektiv idarəedilməsi, tibbi tədrisin tətbiqi, eləcə də kadrlar şöbələrinin fəaliyyətlərinin gücləndirilməsindən ibarətdir.
Qonaqlar universitetin Tədris Cərrahiyyə Klinikasının fəaliyyəti ilə də yaxından tanış olublar.
Nümayəndə heyəti ilə 1 nömrəli Bakı Tibb Kollecində də görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, kollecin direktoru Nailə Əliyeva qonaqlara yüksək ixtisaslı orta tibb kadrlarının hazırlanmasında təhsil müəssisəsinin fəaliyyəti və qarşıda duran məsələlər barədə məlumat verib.
Görüşdə ÜST ekspertləri tibb bacısı peşəsinə dair səhiyyədə insan resursları üzrə qısa, orta və uzun müddətli fəaliyyət və gələcək planlaşdırma tədbirləri barədə tövsiyələri səsləndiriblər.
Missiya üzvlərinin fəaliyyəti ilə tanış olduqları daha bir tibb təhsili müəssisəsi 2 nömrəli Bakı Baza Tibb Kolleci olub.
Nümayəndə heyəti ilə görüş zamanı Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məsələləri müzakirə olunub.
Kollecin direktoru Dilarə Məmmədəliyeva təhsil müəssisəsinin fəaliyyəti, orta tibb kadrlarının hazırlanması və qarşıda duran məsələlər haqqında məlumat verib.
Sonra qonaqlar kollecin simulyasion-təlim və “Təməl həyat dəstəyi” təlim mərkəzləri ilə tanış olublar.
ÜST-nin ekspert missiyası səfər çərçivəsində Şamaxı rayonunda olub. Təşkilatın Şamaxıda həyata keçirdiyi digər təşəbbüs – İlkin səhiyyə xidmətinin təşkilinə dair nümayiş layihəsi çərçivəsində görülən işlər və əldə edilən nəticələr nümayəndə heyətinə təqdim edilib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirildiyinə görə, görüşdə ÜST ekspertlərinin layihə əsasında yaradılan yeni ilkin səhiyyə modelinə dair tövsiyələri müzakirə edilib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla da görüşən ÜST nümayəndələri rayondakı səhiyyə qurumları ilə gələcək əməkdaşlıq planları barədə məlumat veriblər.
Qonaqlar səhiyyə müəssisələrinin imkanları və ehtiyacları barədə məlumat almaq üçün Göylər və Mədrəsə kənd həkim məntəqələrini, Şamaxı Rayon Mərkəzi Xəstəxanasını və Müalicə Diaqnostika Mərkəzini ziyarət ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının 5 günlük ekspert missiyası Azərbaycandakı işini 57 səhiyyə işçisinin qatıldığı müzakirə ilə tamamlayıb.
Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), ATU-nun, ADHTİ-nin, Bakıda və bölgələrdə yerləşən tibb kollec və müəssisələrinin təmsilçilərinin, eyni zamanda, ÜST və UNICEF ekspertlərinin qatıldığı yekun tədbirdə ölkənin səhiyyə ehtiyacları və onların effektiv həlli yolları müzakirə edilib.
Missiyanın ölkədəki görüşləri və səhiyyə müəssisələrindəki qiymətləndirmələri ilə yanaşı, müzakirənin nəticələri də ÜST-nin Azərbaycanın səhiyyə sisteminin transformasiyası və gücləndirilməsi səylərini ən effektiv şəkildə necə dəstəkləməyə dair planlamasında əsas məlumat mənbəyi rolunu oynayacaq.