İlkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsi yerli səhiyyə tərəfdaşları ilə müzakirə olunub
![İlkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsi yerli səhiyyə tərəfdaşları ilə müzakirə olunub](/uploads/posts/2022-10/1665052074_ust_man-1.jpg)
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) birgə həyata keçirəcəyi “İlkin səhiyyə xidmətinin gücləndirilməsi” layihəsinin yerli səhiyyə tərəfdaşları ilə müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və digər səhiyyə qurumlarının, eləcə də BMT-nin Azərbaycandakı nümayəndəliyi və Heydər Əliyev Fondunun təmsilçilərinin qatıldığı tədbir Azərbaycanda ilkin səhiyyə xidmətinin (İSX) gücləndirilməsi üzrə təşəbbüslərin növbəti illərdə də dəstəklənməsinə həsr olunub.
Toplantıda bildirilib ki, ÜST 2020-ci ilin mart ayından etibarən yerli səhiyyə qurumları, Şamaxı Rayon İcra Hakimiyyəti, UNICEF, BMT-nin Əhali Fondu və Heydər Əliyev Fondu ilə birlikdə Şamaxı rayonunda ilkin səhiyyə xidmətlərini gücləndirmək məqsədilə layihə həyata keçirir. Şamaxıda əldə edilmiş əhəmiyyətli nailiyyətlərə əsaslanaraq, Azərbaycanda İSX-nin gücləndirilməsi üzrə səyləri birləşdirmək üçün sözügedən layihənin həyata keçirilməsi planlaşdırılır.
9 milyon avro dəyərində olan layihənin məqsədi dayanıqlı İSX sistemi üçün səhiyyə siyasəti və idarəçiliyini gücləndirmək, ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin bilik və bacarıqlarını inkişaf etdirmək üçün institusional imkanları genişləndirmək və seçilmiş rayonlarda prioritet ehtiyaclar üzrə ilkin səhiyyə xidmətlərini təkmilləşdirməkdir.
Bildirilib ki, güclü İSX insanların həyatını xilas edir və səhiyyə sistemlərinin hər kəs üçün daha yaxşı fəaliyyət göstərməsini təmin edir. ÜST və UNICEF yerli tərəfdaşlarla sıx əməkdaşlıqda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, həmçinin ilkin səhiyyə xidmətlərinin gücləndirilməsində Azərbaycana dəstək verən bir sıra layihələr həyata keçirməkdədir. Sözügedən yeni layihə Avropa İttifaqı, ÜST və UNICEF-in Azərbaycana davamlı dəstəyinin tərkib hissəsi olacaq.
Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib ki, səhiyyə işçilərinin iş potensialının artırılması vacibdir. Azərbaycanda 2023-cü ildən etibarən başlayacaq yeni layihəyə əsasən müəyyən ərazilər seçiləcək: “Bu ərazilərdə infrastrukturun gücləndirilməsi, xüsusilə qeyri-yoluxucu xəstəliklərdən əhalinin qorunması və xəstəliklərin daha tez müəyyən edilməsi layihənin əsas məqsədidir”.
ÜST nümayəndəsi bildirib ki, layihə əsasən Azərbaycanın ucqar rayonlarında və paytaxtda həyata keçiriləcək: “Buna bənzər digər bir layihə Şamaxı rayonunda həyata keçirilib və olduqca uğurlu alınıb. Bizim əsas planımız isə daha ucqar ərazilərdə layihənin gerçəkləşdirilməsidir. Onu təxminən 5 rayonda keçirməyi planlaşdırırıq. Layihəni münaqişədən zərər çəkən ərazilərdə həyata keçirmək istəyirik. Layihəyə əsasən, səhiyyə işçiləri ehtiyaclara uyğun olaraq müəyyən kurslara cəlb olunacaq. Biz təlim keçəcək işçilərin potensialını artırmışıq. Həkimlərin təkmilləşdirilməsi üçün Azərbaycan Tibb Universiteti ilə birgə işləyirik”.
“İlkin səhiyyə xidmətinin gücləndirilməsi” layihəsinə münasibət bildirərkən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov vurğulayıb ki, səhiyyə sahəsində islahatlar aparılan bir məqamda ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi səhiyyə sistemi üçün ən əsas komponentlərdən biridir. Onun sözlərinə görə, icbari tibbi sığortanın uğurlu tətbiqi və davamlı olaraq gücləndirilməsi, icbari tibbi sığortaya daxil olan xidmətlər zərfinin genişləndirilməsi, eyni zamanda, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün böyük işlər görülür. Deputat bildirib ki, bu gün hər birimizi maraqlandıran əsas məsələlərdən biri ilkin səhiyyə xidmətinin inkişafıdır: “Bu xidmət həm profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi, həm də növbəti addımlarda stasionar xidmətin təkmilləşdirilməsinə böyük töhfə verir”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov layihənin müzakirəsi ilə bağlı jurnalistlərə müsahibəsində deyib ki, ilkin səhiyyə xidməti təcili və təxirəsalınmaz halları istisna etmək şərtilə, vətəndaşların sağlamlıq problemləri ilə bağlı müraciət etdikləri ilk tibbi xidmət növüdür. Bu xidmət vətəndaşlara xəstəxanalara getmədən, daha qısa zamanda sağlamlıq problemlərini həll etmək imkanı yaradır.
Nazir müavini bildirib ki, ilkin səhiyyə xidmətinin profilaktik işinin də rolu böyükdür: “Müxtəlif xəstəliklərin qarşısının alınmasında, o cümlədən peyvəndlənmə prosesində bu xidmətin böyük əhəmiyyəti var. İlkin səhiyyə xidmətinin vacibliyi ÜST tərəfindən də vurğulanır. Bu xidmətin köməkliyi ilə xəstələr daha az xərclə, genişmiqyaslı nəticələr əldə edirlər”.
Ölkəmizdə ilkin səhiyyə xidmətinin şəhər poliklinikaları, ailə sağlamlıq mərkəzləri, kənd həkim və kənd tibb məntəqələri tərəfindən həyata keçirildiyi barədə məlumat verən N.Zeynalov deyib: “Bu sahədə beynəlxalq tərəfdaşlarla bərabər həyata keçirdiyimiz layihələr səhiyyəmizin təkmilləşdirilməsi üçün vacibdir. ÜST-nin Azərbaycandakı nümayəndəliyi ölkəmizdə keçirəcəyi müxtəlif layihələr çərçivəsində ilkin səhiyyə xidmətinə böyük töhfələr verir. Bu, vətəndaşlara daha yüksək keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradır”.
Səhiyyə nazirinin müavini vurğulayıb ki, beynəlxalq təcrübədən istifadə etməklə biz ölkə ərazisinin ucqar bölgələrində də ilkin səhiyyə xidmətinin inkişafını təmin edəcəyik.
Öz növbəsində, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli jurnalistlərə müsahibəsində deyib ki, Şamaxıda həyata keçirilən layihə çərçivəsində ölkədə ilkin səhiyyə xidmətləri beynəlxalq təşkilatların təcrübəsinə istinadla tətbiq edilib. Bu təcrübələrin müsbət nəticələrinin Azərbaycanın digər ərazilərində də tətbiq olunması planlaşdırılır.
O qeyd edib ki, layihənin məqsədi ərazilərdə ilkin səhiyyə xidmətinin yaradılmasına və inkişaf etdirilməsinə dəstək, eləcə də səhiyyə işçilərinin bilik və bacarıqlarının beynəlxalq səviyyəyə çatdırılmasıdır. Ölkənin ucqar bölgələrində kadr çatışmazlığının olduğunu deyən TƏBİB rəsmisi təhsilini bitirən həkimlərin rayonlara işə cəlb olunması istiqamətində müəyyən tədbirlərin həyata keçiriləcəyini söyləyib: “Eyni zamanda, həkimlərin iş şəraitinin yaxşılaşdırılmasını, onların bilik və bacarıqlarının artırılmasını, davamlı tibbi təhsilə cəlb olunmasını planlaşdırırıq”.