Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi keçirilib

Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi keçirilib

Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin səhiyyə nazirliklərinin dəstəyi ilə Bakıda Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu keçirilib. Forum çərçivəsində səhiyyə sərgisi də təşkil olunub.
Tədbirin açılış mərasimində əvvəlcə Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə ilk çıxış edən Azərbaycan səhiyyə naziri Teymur Musayev Türkiyə Respublikası ilə münasibətlərin Azərbaycan hökuməti üçün hər zaman xüsusi xarakter daşıdığını qeyd edib. O, öz nitqində vurğulayıb ki, ilk dəfə təşkil olunan Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi qardaş ölkələr arasındakı münasibətlərin inkişafına ən yüksək səviyyədə verilən dövlət dəstəyinin növbəti təzahürüdür: “Bu gün ölkələrimizin səhiyyə qurumları və tibb ictimaiyyəti üçün əlamətdar bir gündür. Azərbaycan və Türkiyə dövlət başçılarının himayəsi altında ölkələrimiz arasında hər sahədə inkişaf edən münasibətlər səhiyyə sektoruna da öz müsbət təsirini göstərməkdədir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tarixin ən çətin anlarında xalqlarımız birgə olub, qardaşlıq dəstəyini əsirgəməyib. Müasir dövrdə istər COVID-19 pandemiyası ilə mübarizədə, istər 44 günlük şanlı Vətən müharibəsində, istərsə də müharibədən sonrakı proseslərdə biz bunun bir daha şahidi olduq”.
Teymur Musayevin sözlərinə görə, Vətən müharibəsindən ötən müddətdə 200-ə yaxın hərbçimiz “YAŞAT” Fondunun dəstəyi ilə müalicə üçün Türkiyəyə göndərilib, onların böyük əksəriyyəti müalicələrini başa vuraraq vətənə geri dönüblər. Sağlamlıqlarına qovuşmuş şəxslərin arasında hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan şəhidlərimizin ailə üzvləri də yer alır. Həmçinin Türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunaraq burada da müharibədə xəsarət almış şəxslərin sağlamlıqlarının bərpası prosesinə aktiv cəlb olunurlar.
Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan Tibb Universiteti Türkiyənin 20-yə yaxın universiteti ilə əməkdaşlıq edir: “Tibb təhsili sahəsində qarşılıqlı əməkdaşlığımızın bir göstəricisi də odur ki, hazırda 700-dən çox Türkiyə vətəndaşı Azərbaycan Tibb Universitetində ali tibb təhsili alır”.
Ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını qeyd edən Teymur Musayev səhiyyə biznes forumu və sərgisinin Türkiyə biznes subyektlərinin Azərbaycanın səhiyyə sektoruna artan investisiya maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Xatırladıb ki, bu ilin mayında Ankarada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq üzrə Yol Xəritəsində biznes forumların hər iki ölkədə mütəmadi təşkili nəzərdə tutulur.
T.Musayevin sözlərinə görə, hazırda xəstəxanaların təchizatının böyük əksəriyyətini Türkiyə istehsalı olan tibbi avadanlıq və alətlər təşkil edir. Türkiyənin 1000-dən çox dərman vasitəsi Azərbaycanda dövlət qeydiyyatından keçib. “Forumun ölkələrimiz arasında əczaçılıq və tibbi avadanlıqlar sahəsində mövcud əlaqələrinin inkişafında əhəmiyyətini yüksək qiymətləndiririk. Əməkdaşlığımızın bundan sonra da yüksələn xətlə davam edəcəyinə və forumun investorlar üçün yeni imkanlar yaradacağına inanırıq. Səhiyyə sektorunda bu kimi qarşılıqlı fəaliyyət vətəndaşlarımızın səhiyyə sistemindən məmnunluğunun artırılmasına, əhalinin sağlamlığının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
Öz çıxışında Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilk olaraq Ermənistanın təxribatları nəticəsində şəhid olan hərbi qulluqçuların ailələrinə başsağlığı verib: “Ötən həftə Ermənistanın hücumları nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə və türk millətinə səbir arzulayıram”.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş türk xalqının salamlarını tədbir iştirakçılarına çatdırıb. 28 illik işğalın Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə sona çatmasını xüsusi qeyd edən türkiyəli nazir 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə azad edilən və türk dünyasının qədim şəhəri olan Bakıda olmaqdan məmnunluğunu bildirib: “104-cü qurtuluş ildönümünü qeyd etdiyimiz can Azərbaycanın paytaxtında olmaq bizim üçün böyük qürurdur”.
Fahrettin Koca vurğulayıb ki, Türkiyə və Azərbaycan dövlətləri iki önəmli güc mərkəzidir: “Bu işbirliyinin sadəcə sözdə deyil, fəaliyyətdə də nə qədər gerçək olduğunu son günlərdə yaşadığımız hadisələrlə də bir daha sübut etdik. Hər sahədə olduğu kimi, tibb sahəsində əlaqələr yüksələn xətlə davam edir. Bu sahədə görüləcək işlərimiz hələ çoxdur”.
“Türkiyənin səhiyyə sahəsində birgə biznes forumunun keçirilməsində zəngin təcrübəsi var. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur”, - deyə Türkiyənin səhiyyə naziri fikirlərinə yekun vurub.
Daha sonra Teymur Musayev və Fahrettin Koca sərginin stendləri ilə tanış olub, sərgidə iştirak edən şirkətlərin nümayəndələri ilə əldə etdikləri nailiyyətlər və gələcək inkişaf proqramları barədə söhbət ediblər.
Sonda Türkiyə və Azərbaycanın səhiyyə nazirləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.
O cümlədən, səhiyyə naziri Teymur Musayev Türkiyə Sağlıq Elmləri İnstitutunun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi ilə birgə həyata keçirdiyi "TURKOVAC" vaksininin üçüncü faza klinik sınaqları barədə məlumat verib. Bildirib ki, hazırda ilkin məlumatlar toplanaraq daha dəqiq və dərin təhlil üçün Türkiyə tərəfinə təhvil verilib.
Səhiyyə biznes forumu və sərgisi öz işini panel sessiyalarla davam etdirib. Mövzu və dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb.
İkigünlük forumun ikinci günündə Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalovun moderatorluğu ilə “Səhiyyədə tədqiqat və inkişaf, peyvənd tədqiqatlarında əməkdaşlıq” mövzusunda panel sessiya keçirilib.
Nadir Zeynalov tədqiqat və inkişaf etdirmə barədə məlumat verərək, bu işlərin peyvəndlərin hazırlanması prosesində mühüm rol oynadığını vurğulayıb. Əksər texnoloji şirkətlərin bazarda rəqabət qabiliyyətini saxlamaq məqsədilə yeni məhsulların ortaya çıxarılması, mövcud məhsulların yaxşılaşdırılması üçün tədqiqat və inkişafa dayanıqlı sərmayəyə yönləndirilməsini bildirib. Tibb sahəsində bunun əsasən əczaçılıq sektorunda tətbiq edilməsi, hər il yeni dərman formullarının dünya bazarına çıxarılması qeyd olunub.
“Səhiyyənin rəqəmsallaşdırılması, vətəndaşlara səmərəli xidmət və gələcək perspektivlər” panel sessiyasında çıxış edən Azərbaycan səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov səhiyyə sisteminin təkmilləşdirilməsinin ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısının müvafiq Fərmanının icrası məqsədilə “Səhiyyənin Transformasiyası Mərkəzi” işçi qrupu nəzdində “Rəqəmsal səhiyyənin tətbiqinin genişləndirilməsi” işçi altqrupu yaradılıb. İmzalanmış Fərmanda səhiyyə və tibbi sığorta sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması, rəqəmsal səhiyyənin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib.
Panel sessiyalarda Türkiyə Səhiyyə İnstitutunun (TUSEB) direktoru Erhan Akdoğanın, TUSEB-in Peyvənd İnstitutunun direktoru Ateş Karanın, Azərbaycan Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevin və digərlərinin məruzələri dinlənilib, çıxışlar ətrafında geniş müzakirələr aparılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova