Burun qanaxmalarına ciddi yanaşmaq lazımdır
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rəşad Talışinski bəzi otorinolarinqoloji problemlərlə bağlı suallara cavab verib.
- Rəşad müəllim, ağız qoxusu hansı xəstəliklərin əlaməti ola bilər?
- Ağızda pis qoxunun olması, yəni halitoz daha çox insanın özü yox, ətrafdakılar tərəfindən təyin edilir. Halitoz ümumi və yerli səbəblərdən yaranır. Birinci halda bu, daxili orqanların disfunksiyası, ikinci halda isə ağız boşluğunun vəziyyəti ilə əlaqələndirilir. Yerli halitoz ağız boşluğunun gigiyenası qaydalarının pozulması, bakterial ərpin yığılması və sərt diş çöküntülərinin əmələ gəlməsi, tək və bir neçə dişdə kariyes, stomatit, periodontit və parodontoz, pulpit və s. olması nəticəsində yaranır.
Ümumi halitoz ekstraoral səbəblərlə əlaqələndirilə bilər: tənəffüs yollarının xəstəlikləri, həzm sistemi xəstəlikləri, o cümlədən bağırsaq disbakteriozu, helmintoz, qaraciyər, öd kisəsi, böyrək xəstəlikləri. Bundan əlavə, bu, endokrin patologiyalarla da, yəni şəkərli diabet, tireotoksikozla da əlaqəli ola bilər.
Diş xəstəliklərinin aşkar əlamətləri yoxdursa, ağız qoxusunun nədən yarandığını öyrənmək üçün mütəxəssisə müraciət etmək vacibdir.
- Son illər qulaqların gigiyenasında ən çox istifadə olunan vasitə qulaq çöpləridir. Bilmək istərdik ki, qulaq çöplərindən istifadənin hansısa fəsadı varmı?
- Qulağı pambıqlı çubuqlarla tez-tez təmizləmək düzgün deyil. Həmin çöplərdən istifadə zamanı qulağın təbil pərdəsi və yumşaq toxumalar zədələnə bilər. Doxsan doqquz faiz hallarda travmalar yüngül olsa da, bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara səbəb olur. Əslində, qulaq özü-özünü təmizləyən orqandır. Qulaqda yığılan “çirk” qulağı mikroblardan, tozdan və sairdən qoruyan çox vacib maddədir. Həmin maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyir, bununla təbil pərdəsinin travmaları riskini artırır.
Ancaq bu, heç də o demək deyil ki, qulaqları çirkli saxlamaq lazımdır. Qulaq xəstəliklərinin, eşitmə qüsurunun qarşısının alınması, bədənin infeksiya və viruslardan qorunması üçün əsas gigiyena qaydalarına riayət etmək çox vacibdir.
- Bəzi insanlar tez-tez burun qanaxmalarından əziyyət çəkirlər. Bunun əsas səbəbləri nələrdir?
- Burun qanaxmalarını tibbi cəhətdən ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları baş verir. Bu, istər uşaqda, istərsə də yeniyetmədə diqqət edilməli bir vəziyyətdir. Yaşlı insanlarda, damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür.
Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbi ilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur. Arxa burun qanaxmaları isə əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmaları zamanı müşahidə edilir. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu kimi vəziyyətdə həkimə müraciət etmək tövsiyə olunur.
Bəzən isə burun travmaları, hipertonik kriz, hematoloji xəstəliklər, şəkərli diabet, böyrək çatışmazlığı, hamiləlik, kapilyarların angiopatiyası, qanın laxtalanma sisteminə təsir edən medikamentlərin kontrolsuz istifadəsi, bəzi infeksion xəstəliklər də burun qanaxmalarına səbəb olur.
- Qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?
- Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət, adətən, səs-küy, qulaqlarda cingilti kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fışıldama və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.
Tinnitus yalnız xəstəlik əlaməti deyil. Qulağa düşmüş maye, yad bir cisim, böcək və s. – bütün bunlar tinnitusa səbəb ola bilər. Tinnitusa atmosfer təzyiqinin kəskin düşməsi - təyyarədə uçduqdan, paraşütlə tullandıqdan sonra havanın dəyişməsi səbəb olur. Tinnitus çox nadir hallarda ciddi bir xəstəliyin əlamətidir.
Subyektiv səbəbdən yaranan tinnitusa əsasən beyin və eşitmə analizatorunun atrofiyası (yaşla bağlı dəyişikliklər); güclü səs-küy fonunda (o cümlədən mina partlamasından sonra); baş-beyin, onkoloji, mərkəzi sinir sisteminin xəstəliklərini misal göstərə bilərik.
Gicgah-çənə oynağın xəstəlikləri, beyin və boyun damar xəstəlikləri (damarların aterosklerozu, anevrizmalar, inkişaf anomaliyaları), onkoloji xəstəliklər, ürək qapaqlarının (klapanların) patologiyası, anemiya obyektiv səbəb kimi göstərilir.