Türkiyəli mütəxəssislər Vətən müharibəsi iştirakçılarına psixoloji yardım göstərmək üçün ölkəmizdədirlər
44 günlük şanlı Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim dövlətimizin diqqətindədir.
Qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə yüksək ixtisaslı iki mütəxəssis - Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı İsmail Volkan Şahiner ilə Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç bilik və təcrübələrini yerli mütəxəssislərlə paylaşmaq, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün Azərbaycanda səfərdədirlər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə bir aylıq müddətə ölkəmizə ezam olunmuş mütəxəssislər burada intensiv şəkildə fəaliyyət göstərəcəklər.
Səfərin ilk günü psixi sağlamlıq üzrə mütəxəssislərlə Səhiyyə Nazirliyində görüş keçirilib.
Görüş zamanı səhiyyə naziri Teymur Musayev Azərbaycan və Türkiyə münasibətlərinin dərin köklərə əsaslandığını, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın nümunəvi olduğunu qeyd edib: “Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda aparılan əks-hücum əməliyyatlarının ilk dəqiqələrindən ölkəmizin yanında olan qardaş Türkiyə Respublikasının dəstəyini bu gün də hiss edirik”.
Səfərin baş tutmasına görə Türkiyənin Səhiyyə Nazirliyinə təşəkkürünü bildirən Teymur Musayev postmüharibə dövründə qazilərimizin psixoloji durumunun nəzarətdə saxlanılmasında qardaş ölkə mütəxəssislərinin dəstəyinə ehtiyac olduğunu qeyd edib.
Öz növbəsində, türkiyəli mütəxəssislər ölkələrimiz arasındakı qardaşlığın əbədi və sarsılmaz olduğunu, tarixin ən çətin dövrlərində bir-birilərinə olan dəstəyin bundan sonra da davam edəcəyini vurğulayıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qəhrəman oğulları ölkənin tarixinə qızıl hərflərlə yeni səhifə yazıblar. Təbii ki, hər bir qələbənin öz çətinliyi var. Vətən müharibəsi iştirakçılarında postmüharibə sindromunun aradan qaldırılması üçün türkiyəli mütəxəssislər bütün bilik və bacarıqlarını əsirgəməyəcəklərini deyiblər.