Milli Məclisin plenar iclaslarında səhiyyəyə dair qanunlar qəbul olunub

Milli Məclisin plenar iclaslarında səhiyyəyə dair qanunlar qəbul olunub

Milli Məclisin yaz sessiyasında keçirilmiş növbəti plenar iclaslarında səhiyyəyə dair bəzi məsələlərə baxılıb.
May ayındakı ilk iclasda parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, həmin qanunların müvafiq maddələrində "müdafiə sistemi" sözlərinin "xidmət" sözü ilə, "tibbi yardım" sözlərinin "tibbi-sanitariya yardımı" sözləri ilə əvəz olunması təklif edilir. Dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Sonra iclasda ikinci oxunuşda olan qanun layihələrinə baxılıb. O cümlədən, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və əmək pensiyası almaq hüququnu müəyyənləşdirir. Layihə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə layihələrə uyğunlaşdırma xarakteri daşıyır, qeyd olunan xəstəliklərdən əziyyət çəkən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Təqdim olunan məsələlərlə bağlı müzakirələrdə komitə sədri Qənirə Paşayeva, deputatlardan Tahir Kərimli, Əli Məsimli, Azay Quliyev, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Fəzail Ağamalı təklif edilən dəyişikliklər barədə fikir və qeydlərini açıqlayıblar.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov səsləndirilən fikirlərə aydınlıq gətirib.
Müzakirələrdən sonra 4 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda birinci oxunuşda olan qanun layihələrinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, sənəd adları çəkilən qanunların "Nağdsız hesablaşmalar haqqında" 2021-ci il 3 dekabr tarixli Qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Sonra Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitələrin sənədlə bağlı müsbət rəylərini bildiriblər.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin yaz sessiyasının növbəti iclasında həmin qanun layihələrini Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov təqdim edib. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
May ayında keçirilmiş daha bir plenar iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlament nümayəndə heyətinin Türkiyənin paytaxtı Ankara şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf mühit, təbii ehtiyatlar və əhalinin sağlamlığının qorunması komitəsinin iclasında iştirak etdiyini bildirib. O, tədbirdə COVİD-19 pandemiyası ilə bağlı quruma üzv ölkələrdə vəziyyət, əhalinin sağlamlığının qorunması sahəsində qanunvericilik aktlarının uyğunlaşdırılması məsələsinə dair müzakirələr aparıldığını deyib. Komitə sədri nümayəndə heyətinin burada Ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak etdiyini bildirib.
Sonra Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib, sənədin adları çəkilən qanunların "Nağdsız hesablaşmalar haqqında" Qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlandığını deyib.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitələrin sənədlə bağlı müsbət rəylərini qeyd edəndən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin həmin iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki birinci oxunuşda olan qanun layihələrinin üçü Azərbaycan Prezidenti tərəfindən bir məktubla Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın qanun layihələridir. Hər üç qanun layihəsində nəzərdə tutulan dəyişikliklər 2020-ci il oktyabrın 20-də qəbul olunmuş “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanundan irəli gəlir. Bunlar Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) və “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələridir.
Sonra çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, 2020-ci il oktyabrın 20-də Milli Məclis tərəfindən qəbul edilmiş “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi, Cinayət Məcəlləsində isə mövcud olan maddənin təkmilləşdirilməsi nəzərdə tutulub.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər daha çox prosedur pozuntuları ilə bağlıdır. Bu sahədə lisenziyası olmayan tibb müəssisəsi tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə inzibati cərimə təklif edilir. Məcəlləyə təklif olunan digər dəyişiklik donor anonimliyinin qorunmaması ilə əlaqədardır. Eyni zamanda, canlı donordan transplantasiya məqsədilə donor orqanlarının götürülməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamasına görə də inzibati cərimələr nəzərdə tutulur.
Cinayət Məcəlləsində isə 137-ci maddə yeni redaksiyada verilib. Burada insan orqanlarının və toxumalarının alqı-satqısı, eləcə də lisenziyası olmayan tibb müəssisələri və şəxslər üçün donor orqanlarının transplantasiyası ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulur.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu qanun layihələrinə başçılıq etdiyi komitədə baxıldığını və müsbət rəy verildiyini söyləyib.
Sonra Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara edilən dəyişikliklər barədə danışıb. Bildirilib ki, bu dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu məsələ ilə bağlı komitənin rəyinin müsbət olduğunu deyib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin məsələ ilə bağlı rəyini diqqətə çatdıran komitə sədri Tahir Mirkişili “Reklam haqqında” qanuna təklif olunan dəyişiklik barədə danışıb. Qanunla məhdudlaşdırılmış siyahıda olan donor orqanlarının reklamının qadağan olunmasını müsbət dəyərləndirib. O, donorluqla bağlı sosial reklamlara icazə verilməsinin qanunauyğun olduğunu bildirib və bu məsələyə komitədə müsbət rəy verildiyini qeyd edib.
Komitə sədri Siyavuş Novruzov, deputatlardan Razi Nurullayev, Sabir Rüstəmxanlı, Erkin Qədirli, Rəşad Mahmudov, Sahib Alıyev, Asim Mollazadə məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Sonra təqdim olunan hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova