Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Ümumdünya Vərəmlə Mübarizə Günündə Yaponiyanın “Fujifilm” və “Arash Medical” şirkətlərinin baş sponsorluğu, Yaponiyanın Azərbaycandakı səfirliyinin və “Stop vərəm” tərəfdaşlığının dəstəyi ilə beynəlxalq konfrans baş tutub. Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan – Yaponiya dostluq ili – 2022” çərçivəsində ölkəmizdə keçirilən silsilə tədbirlər sırasına daxil olan konfransı Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi təşkil edib.
Tədbirin məqsədlərindən biri də Yaponiya ilə Azərbaycan arasında vərəmə və COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarını işıqlandırmaqdan ibarət olub. Bu texnologiyalar ucqar ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edir və onların sayəsində bu sahədə böyük uğurlar əldə olunur.
Konfransda vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlament üzvləri, nazirlik və digər qurumların nümayəndələri, habelə Türkiyə, Gürcüstan və İsveçrədən vərəmlə mübarizə qurumlarının təmsilçiləri iştirak ediblər.
Açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Sədaqət Vəliyeva, Soltan Məmmədov, Məlahət İbrahimqızı, Kamilə Əliyeva tədbirin əhəmiyyətini vurğulayıblar.
Vərəmin min illərdir ki, insanlarla birgə yaşadığını deyən səhiyyə nazirinin müavini Nadir Zeynalov son illərdə ölkəmizdə vərəmlə mübarizə sahəsində xeyli iş görüldüyünü söyləyib: “Ötən 15-20 illə müqayisədə hazırda vərəmin ölkəmizdə rastgəlmə tezliyi və ölüm səviyyəsi xeyli azalıb. Son illər ərzində maddi-texniki bazanın gücləndirilməsi, yeni müəssisələrin tikilməsi, mövcud müəssisələrin təmiri kimi vacib işlər görülüb. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bu xəstəliklə təkbaşına mübarizə heç bir effekt verməz. Vərəmlə beynəlxalq səviyyədə mübarizə aparılmalı, həmçinin ölkələrin səhiyyə qurumları bu məsələdə birgə çalışmalıdırlar”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, koronavirus pandemiyası dövründə vərəmlə yoluxma sayında nəzərəçarpacaq dərəcədə azalma qeydə alınıb: “Texniki cəhətdən vərəm artıq problem deyil, onun müalicə edilməsi üçün müayinə imkanları var. COVID-lə mübarizədə biz peyvəndlər və dərmanlar hazırlamalıydıqsa, vərəmin müalicəsi üçün artıq bizim bütün imkanlarımız var. Yalnız əməkdaşlıq etməliyik və diqqəti artırmalıyıq. İnnovasiya gələcəyin inkişaf açarıdır və ancaq bu şəkildə irəliləyə bilərik. Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin mütəmadi şəkildə nəzərdən keçirilməsi yaxşı haldır. Bizim dəstəyimizə ehtiyac varsa, kömək etməyə hazırıq”, - deyə ÜST rəsmisi vurğulayıb.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev məlumat verib ki, cəzaçəkmə müəssisələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb: “Ölüm hallarında 2000-ci illə müqayisədə 28 dəfə, 2005-ci illə müqayisədə 13 dəfə, 2010-cu illə müqayisədə 4 dəfə, 2015-ci illə müqayisədə 1,5 dəfə azalma qeydə alınıb. Dərmanlara həssas vərəmli xəstələrin birinci sıra dərmanlarla uğurlu müalicə faizi, ÜST tərəfindən tövsiyə olunan hədəf göstəricisi 85 faiz olduğu halda, 96 faiz təşkil edir. Çoxsaylı dərmana davamlı formalı vərəmli xəstələrin ikinci sıra və yeni dərmanlarla uğurlu müalicə faizi isə 88 faiz təşkil edir. Halbuki ÜST tərəfindən tövsiyə olunan hədəf göstərici 75 faizdir".
R.Mehdiyevin dediyinə görə, vərəm hallarının sayı, o cümlədən açıq formalı və çoxsaylı dərmana davamlı formalı vərəm hallarının sayı kəskin azalıb: "Keçən il bütün vərəm hallarının sayı 2011-ci illə müqayisədə 3,7 dəfə, çoxsaylı dərmana davamlı vərəm hallarının sayı isə 3,3 dəfə az olub. 100 min nəfər populyasiya üçün hesablanan vərəm üzrə xəstələnmə göstəricisi ötən il 2011-ci illə müqayisədə 4,6 dəfə azalıb".
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, “Stop vərəm” tərəfdaşlığının icraçı direktoru Luçika Ditiu və başqaları çıxışlarında bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Konfransda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, Ölkə Əlaqələndirmə Komissiyasının maliyyə və proqram üzrə meneceri Aytən Hüseynova, Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” QHT-nin direktoru Elçin Muxtarlı təqdimatla çıxış ediblər.
Qeyd olunub ki, hər il dünyada 10 milyon nəfər vərəm xəstəliyinə yoluxur və hər dəqiqədə 3 nəfər onun qurbanına çevrilir. Təəssüf ki, son illərdə yer üzündə vərəm xəstəliyindən ölənlərin sayında artım müşahidə olunur. Belə ki, ötən il 1,5 milyon nəfər vərəm xəstəsi vəfat edib. Azərbaycanda vərəmə yoluxanlar arasında 18-29 yaşlılar üstünlük təşkil edir. Vərəm xəstələrinin 66 faizi kişilər, 33 faizi isə qadınlardır.
Sonra Azərbaycan QHT Koalisiyasının vərəmlə mübarizə sahəsindəki fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.