Əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə etmək olar
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev ultrasəs müayinəsi, tomoqrafiyalar arasındakı fərq, MRT müayinəsi barədə müsahibə verib.
- Ağakişi müəllim, ultrasəs müayinəsi hansı orqan və toxumaların görüntüsünü daha dəqiq verir?
- USM-in hansı hallarda informativ olmadığını demək daha asandır. Belə ki, bəzi daxili orqanları (ağciyər və mədə-bağırsaq traktı) və sümük toxumasının tam əhatə etdiyi beyni ultrasəs ilə müayinə etmək mümkün deyil. Yeni doğulmuş körpələrdə əmgək açıq olduğu üçün bu pəncərələrdən beyin toxumasını ultrasəs ilə müayinə etmək olar. Həmçinin yeni doğulmuş körpələrin oynaqları tam sümükləşmədiyi üçün omba oynaqları ultrasəs ilə müayinə edilir.
- Maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası (KT) arasındakı fərq nədədir?
- Bu iki müayinə arasında bir neçə fərq var və bu fərqlərə görə də hər birinin müəyyən üstünlükləri və məhdudiyyətləri mövcuddur. Maqnit rezonans tomoqrafiyasının ən önəmli üstünlüyü insan orqanlarını toxuma səviyyəsində dəyərləndirmə imkanıdır. Təbii ki, bütün orqanları buraya aid etmək olmaz, ancaq ümumilikdə, orqanizmin əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə oluna bilər. Bundan əlavə, MRT müayinəsi rentgen şüası kimi zərərli deyil. Bu səbəbdən rahatlıqla kiçik yaşlı uşaqlara və hamilə qadınlara da bu müayinə təyin oluna bilər. MRT müayinəsində KT-dən fərqli olaraq zərərli şüalar yoxdur və ağciyərdən, mədə-bağırsaqdan başqa, hər yer daha dəqiq müayinə oluna bilər. MRT-nin mənfi tərəfləri isə uzun vaxt tələb etməsi və qapalı sahədə icra olunmasıdır. Ona görə də klaustrofobiyalı (qapalı sahə qorxusu olan) xəstələr MRT-ni rahat keçə bilmir. Həkimlər ağciyər və mədə-bağırsaq sistemini müayinə edən zaman MRT-dən istifadə etməməlidirlər.
KT-də isə müayinə müddəti qısadır və klaustrofobiyalı xəstələr rahat müayinədən keçə bilirlər. KT-nin digər bir üstünlüyü MRT-dən fərqli olaraq, ağciyərləri millimetrik dəqiqliyi ilə göstərməsidir. Bundan əlavə, kompüter tomoqrafiyası incə sümük sınıqları haqqında daha dəqiq məlumat verir.
- İnsan orqanizmi il ərzində neçə dəfə kompüter tomoqrafiyası tədqiqatı ilə müayinə oluna bilər?
- Bu suala cavab vermək üçün bir neçə məsələyə aydınlıq gətirmək lazımdır. Birincisi, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən asılıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər. Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə, profilaktik yoxlamaq məqsədilə KT müayinəsi aparılmamalıdır.
- Bəs ultrasəs və MRT müayinəsini neçə aydan bir etmək doğrudur?
- Ümumiyyətlə, müayinə metodunun hansı tezliklə istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin ciddi zərəri olmadığı üçün məhdudiyyət yoxdur. Kompüter tomoqrafiyasında şüa olduğu üçün tez-tez istifadə olunan müayinə metodu deyil. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərrahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər.
- Çox vaxt həkimlər ultrasəs müayinəsindən sonra KT və MRT-dən də keçməyi məsləhət görürlər. Sıralama olaraq bu müayinələrin hamısından keçmək nə dərəcədə doğrudur? Hansı xəstəliklərdə bu cür sıralama müayinə tələb olunur?
- Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. USM başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmürsə, yaxud ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir.