Sizin Reklam Burada!

Oqtay Şirəliyev: Tibbə həsr olunmuş ömür

Oqtay Şirəliyev: Tibbə həsr olunmuş ömür

Uzun illər boyu təbabət, tibb elmi və səhiyyə təşkilatçılığı sahəsində şərəflə çalışmış Oqtay Kazım oğlu Şirəliyevin vəfatından bir il ötür. Oxu.az saytının bu münasibətlə paylaşdığı yazını oxucularımıza təqdim edirik.
Elə insanlar var ki, onların həyatı barədə bioqrafiyanın quru dili ilə danışmaq çətindir. İlləri, tutduqları vəzifələri, elmi dərəcələri, peşəkar nailiyyətləri sadalamaq olar, amma bu faktların arxasında insanın özünü canlandırmaq heç də həmişə mümkün olmur.
Oqtay Kazım oğlu Şirəliyevin adı geniş ictimaiyyətə, ilk növbədə, Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində uzun illər çalışması ilə tanışdır. Lakin dövlət fəaliyyəti onun daha əvvəl başlamış və yarım əsrdən artıq müddətdə tibblə bağlı olmuş böyük peşə yolunun yalnız bir – hərçənd son dərəcə mühüm – mərhələsi idi.
Həkim, cərrah, tədqiqatçı, öz dövrünün müasir diaqnostik metodları üzrə mütəxəssis, səhiyyə təşkilatçısı, böyük tibb müəssisəsinin rəhbəri, tibb elmləri doktoru, professor, dövlət xadimi... Onun həyatında bunların heç biri digərindən ayrı deyildi. Hər bir mərhələ əvvəlkinin davamına çevrilir, sonrakı fəaliyyətinin əsasını təşkil edən zəngin peşəkar təcrübəni formalaşdırırdı...
Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olmuşdu. O, tibbin yalnız peşə deyil, həm də gündəlik həyatın və ailə ənənələrinin bir hissəsi olduğu mühitdə böyümüşdü. 1967-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1973-cü ildə ali təhsilini "müalicə işi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdu.
Peşə fəaliyyətinin ilk illərindən onun əsas istiqaməti cərrahiyyə idi. İnstitutu bitirdikdən sonra praktik həkimlik fəaliyyətinə başlamış, 1974-cü ildən isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında cərrah kimi çalışmışdı.
Xəstə ilə birbaşa təmasda keçən həmin illər sonralar onun elmi maraqlarının və təşkilatçılıq fəaliyyətinin əsaslandığı mühüm klinik məktəbə çevrildi. O, elmə yalnız nəzəriyyədən gəlməmişdi. Tədqiqatçı fəaliyyətinin arxasında artıq praktik həkim təcrübəsi dayanırdı. Onun peşəkar həyatının növbəti mühüm mərhələsi Moskva ilə bağlıdır.
1977-ci ildə Oqtay Şirəliyev Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə üzrə klinik ordinaturaya daxil olmuş, 1978-ci ildən isə təhsilini Birinci Moskva Tibb İnstitutunun cərrahiyyə profilli aspiranturasında davam etdirmişdi. 1981-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi.
Bu illər onun peşəkar maraq dairəsini xeyli genişləndirdi. Cərrahiyyə ilə yanaşı, onkologiya, müasir diaqnostik texnologiyalar və endoskopik müayinə metodları onun elmi fəaliyyətində getdikcə daha mühüm yer tutmağa başladı. Azərbaycana qayıtdıqdan sonra Oqtay Şirəliyev Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda elmi və praktik fəaliyyətini davam etdirdi. 1982-ci ildə isə Respublika Endoskopiya Mərkəzinə rəhbər təyin olundu.
Bu gün endoskopik müayinələr klinik praktikanın adi və ayrılmaz hissəsidir. Lakin bir neçə onillik əvvəl vəziyyət tamamilə fərqli idi. Həmin dövrdə endoskopik diaqnostika tibbin yeni, sürətlə inkişaf edən yüksək texnologiyalı istiqamətlərindən biri sayılırdı. Oqtay Şirəliyevin fəaliyyəti Azərbaycanda bu metodların klinik praktikaya tətbiqi və inkişafı ilə bilavasitə bağlı idi.
Onun peşəkar bioqrafiyasının bu mərhələsi sonrakı fəaliyyətini anlamaq baxımından xüsusilə əhəmiyyətlidir. Dövlət idarəçiliyinə gəlməzdən xeyli əvvəl Oqtay Şirəliyev artıq ciddi klinik və elmi məktəb keçmiş, həmin dövr üçün tibbin texnoloji inkişafının ön sıralarında olan istiqamətlərdə təcrübə qazanmışdı.
1983-cü ildə onun fəaliyyətində yeni mərhələ başladı: Oqtay Şirəliyevə Azərbaycan Səhiyyə Nazirliyinin Elm şöbəsinə rəhbərlik etmək həvalə olundu. Artıq məsuliyyət dairəsi xeyli genişlənmişdi. Tibb elminin inkişafı, elmi-tədqiqat fəaliyyətinin təşkili, elmi kadrların hazırlanması, yeni elmi istiqamətlərin dəstəklənməsi və tədqiqatların nəticələrinin praktik səhiyyəyə tətbiqi onun fəaliyyət sahəsinə daxil idi.
Klinik təbabətdən tibb elminin təşkilinə doğru bu keçiddə onun peşəkar yolunun mühüm xüsusiyyətlərindən biri artıq aydın görünürdü: tibbi praktikanı, elmi tədqiqatı və idarəçiliyi bir araya gətirmək bacarığı.
1988-ci ildə Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzinin direktoru təyin edilib. O, 2005-ci ildə səhiyyə naziri təyin olunanadək – düz 17 il bu mühüm tibb müəssisəsinə rəhbərlik edib. Bu, onun peşəkar fəaliyyətinin ən uzun və ən əhəmiyyətli dövrlərindən biri idi.
On yeddi il böyük diaqnostika müəssisəsinə rəhbərlik etmək sadəcə əmək bioqrafiyasının növbəti sətri deyildi. Bu, rəhbərin həm tibbi səriştəsinin, həm kollektivin işini təşkil etmək qabiliyyətinin, həm müasir diaqnostikanın imkanlarını görmək bacarığının, həm də nəticələri bir kabinetin hüdudlarından çox-çox kənara çıxan qərarlar qəbul etmək məsuliyyətinin sınaqdan keçdiyi böyük bir peşə dövrü idi.
Böyük təşkilati məsuliyyət onun elmi fəaliyyətini də dayandırmamışdı. O, 1992-ci ildə Moskvada Onkoloji Mərkəzdə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi aldı. Fəaliyyəti Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə də bağlı idi; burada radiologiya və endoskopiya sahəsində çalışırdı. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Oqtay Şirəliyevə professor elmi adı verildi.
Beləliklə, dövlət idarəçiliyinin ən yüksək pillələrindən birinə gəldiyi vaxt Oqtay Şirəliyevin arxasında artıq otuz ildən çox zəngin peşəkar fəaliyyət dayanırdı. Praktik cərrah, klinik ordinator, aspirant, tədqiqatçı, endoskopiya sahəsinin rəhbəri, Səhiyyə Nazirliyinin Elm şöbəsinin müdiri, uzun illər böyük diaqnostika mərkəzinin direktoru, tibb elmləri doktoru, professor – bütün bu mərhələlər onun nazir təyin olunmasından əvvəl keçdiyi böyük peşə yolunun ayrı-ayrı səhifələri idi.
2005-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. O, 2021-ci il aprelin 23-dək – 15 ildən artıq müddətdə bu vəzifədə çalışıb.



Bu illər ölkənin səhiyyə sistemində mühüm dəyişikliklər dövrü oldu. Tibbi infrastruktur inkişaf etdirildi, müalicə-diaqnostika müəssisələri tikildi və yenidən quruldu, regionlarda tibbi xidmət imkanları genişləndirildi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi istiqamətində mühüm işlər həyata keçirildi.
Oqtay Şirəliyevin nazir kimi fəaliyyətini qiymətləndirərkən onun arxasında dayanan böyük peşəkar təcrübəni nəzərdən qaçırmaq olmaz. O, səhiyyəyə yalnız dövlət idarəçiliyi prizmasından bələd olan bir rəhbər deyildi. Onun arxasında əməliyyat otağı və klinika, elmi-tədqiqat institutu və endoskopiya mərkəzi, tibb elminin təşkili və böyük diaqnostika müəssisəsinə uzunmüddətli rəhbərlik təcrübəsi dayanırdı. O, səhiyyəni müxtəlif səviyyələrdə tanıyırdı, çünki bu pillələrin bir çoxundan özü keçmişdi.


Oqtay Şirəliyevin fəaliyyəti beynəlxalq səhiyyə müstəvisini də əhatə edirdi. 2005-2008-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Komitəsinin üzvü, 2007-2008-ci illərdə isə həmin komitənin sədr müavini olmuşdu. 2009-2012-ci illərdə ÜST-nin Avropa Regional Komitəsinin Daimi Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdi. Bu, Azərbaycanın səhiyyə sisteminin beynəlxalq peşəkar dialoqda və qlobal səhiyyənin ən nüfuzlu platformalarından birində təmsil olunması demək idi.
Oqtay Şirəliyevin uzunillik fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, dövlət başçısının Sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Lakin böyük bir peşəkar ömrün miqyası yalnız işlənmiş illərlə, tutulan vəzifələrlə və alınan mükafatlarla ölçülmür.
Daha vacib olan başqa bir məqamdır: insanın keçdiyi bütün bu mərhələləri bir-birinə bağlayan nədir?
Oqtay Şirəliyevin həyatında bu bağlayıcı xətt tibb idi. Tibbi fəaliyyətin forması dəyişirdi – praktik cərrahiyyədən elmi tədqiqata, diaqnostikadan tibb elminin təşkilinə, ayrı-ayrı tibb müəssisələrinə rəhbərlikdən bütöv səhiyyə sisteminin idarə olunmasına qədər. Lakin bu sahə onun peşəkar həyatının mərkəzində daim qalırdı. Bununla belə, onun dünyası yalnız tibblə məhdudlaşmırdı.
Oqtay Şirəliyevi yaxından tanıyanlar onun geniş dünyagörüşünü, yüksək intellektini və zəngin erudisiyasını xüsusilə qeyd edirlər. İncəsənətə, memarlığa, rəssamlığa, tarixə, ictimai həyatın müxtəlif sahələrinə maraq göstərirdi. Onu fərqləndirən cəhətlərdən biri də maraqlandığı mövzu ilə səthi tanışlıqla kifayətlənməməsi, onun mahiyyətinə varmağa və daha dərindən öyrənməyə çalışması idi.
Onun şəxsiyyətində ilk baxışda bir araya gəlməsi asan görünməyən iki mühüm keyfiyyət – xeyirxahlıq və prinsipiallıq – üzvi şəkildə birləşirdi. İnsanlara kömək etməyə hazır idi. Lakin şəxsi yaxınlığı və ya qohumluğu kiməsə üstünlük vermək üçün əsas hesab etmirdi. Əksinə, yaxınlarına qarşı bəzən digərlərindən də tələbkar ola bilirdi. Bunun arxasında sərtlik deyil, insanın peşəkar mövqeyini onun biliyinin, bacarığının və öz zəhmətinin müəyyən etməli olduğuna dərin inam dayanırdı.



Bəlkə də, səhiyyəyə rəhbərlik edən insan üçün məhz bu keyfiyyətlər xüsusi əhəmiyyət daşıyır. Burada qəbul edilən qərarın dəyəri yalnız inzibati nəticə ilə ölçülmür. Sistemin, müəssisələrin, qaydaların və statistik göstəricilərin arxasında həmişə həkim və xəstə dayanır. Səhiyyənin idarə olunmasına klinik praktikadan gəlmiş insan bu məsuliyyətin mahiyyətini başqa cür anlayır.
2021-ci il aprelin 23-də Oqtay Şirəliyevin səhiyyə naziri kimi 15 ildən artıq davam edən fəaliyyəti başa çatdı. Lakin bununla onun böyük peşəkar yoluna nöqtə qoymaq mümkün deyil. Həmin vaxt bu yol artıq Azərbaycan təbabətinin yarım əsrdən artıq bir dövrünü – 1970-ci illərin praktik cərrahiyyəsindən yeni diaqnostik texnologiyaların formalaşmasına, oradan isə müasir səhiyyə sisteminin təşkilinə qədər uzanan böyük bir mərhələni əhatə edirdi...
Oqtay Kazım oğlu Şirəliyev 2025-ci il oktyabrın 3-də 75 yaşında ikən vəfat edib.
Oqtay Şirəliyevi həkim, alim, rəhbər, ən başlıcası isə İnsan kimi tanıyanlar üçün bu, böyük və əvəzolunmaz itkidir. Onun yoxluğu hər zaman hiss olunacaq.


Xəbəri paylaş


SENTYABR-2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova