Kim donor ola bilər?
![Kim donor ola bilər?](/uploads/posts/2022-04/1649236895_1648451210259226122_1000x669.jpg)
Mütəmadi qan vermək həm bir həyatı xilas etmək deməkdir, həm də insan orqanizmi üçün olduqca faydalıdır. Çünki qan vermək baş ağrıları, yüksək təzyiq kimi problemləri aradan qaldırır, infarkt və xərçəng riskini azaldır, eyni zamanda, qan hüceyrələrinin təzələnməsinə səbəb olur.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarovanın dediyinə görə, səhhətində problem olmayan 18-65 yaş arası hər bir şəxs qan verə bilər: “Əgər donor ilk dəfə müraciət edirsə, onun yaşı 60-dan aşağı olmalıdır. Daimi qan verən donor isə 65 yaşınadək bunu edə bilər. Daimi donor 65 yaşdan sonra da qan vermək üçün müraciət edirsə, ildə yalnız bir dəfə qan verə bilər”.
Qan vermək üçün boy və çəki uyğunluğu olmalıdır. Bəzi xəstəliklərin daşıyıcıları da donor ola bilməz. “Donorluqdan imtina kriteriyaları iki yerə bölünür: müvəqqəti və daimi. Müvəqqəti imtina ötüb keçə bilən bir səbəbə görə olur. Məsələn, dərman preparatları qəbul edən, antibiotik müalicəsi alanlar müəyyən müddətdən sonra qan verə bilərlər. Cərrahi əməliyyat olunanlara, tatu və pirsinq etdirənlərə bir ildən sonra qan verməyə icazə olar. Hepatit B, C və sifilis xəstəliyi keçirənlər, orqan köçürülmüş şəxslər daimi imtina kriteriyalarına aiddir”, - deyə hematoloq əlavə edib.
Şəkərli diabet xəstələri insulin qəbul etmirlərsə, qan verə bilərlər. Epilepsiya xəstəliyi keçirənlər isə yalnız üç ildən sonra donor ola bilərlər.