ATU ilə Təbriz Tibb Elmləri Universiteti arasında əməkdaşlığa dair yeni sənəd hazırlanıb
Azərbaycan Tibb Universitetində (ATU) Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzindən gələn qonaqlarla görüş keçirilib. Toplantıda iki təhsil müəssisəsinin rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli Təbriz Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında mövcud saziş əsasında uğurlu fəaliyyətdən danışıb. Bu ali məktəblərin bir neçə ildir ki, aktiv şəkildə əməkdaşlıq etdiyini, həm tələbə, həm akademik heyət üzvləri mübadiləsinin aparıldığını bildirib. Rektor universitetlər arasında anlaşma memorandumuna əlavə olaraq, innovasiya və elmi tədqiqatların birgə aparılmasına dair yeni sənədin hazırlandığını, onun hər iki müəssisə üçün əməkdaşlıqda yeni imkanlar yaradacağından əmin olduğunu qeyd edib.
Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin direktoru professor Südabə Davaran hazırlanan yeni sənədin iki universitet arasında elmi əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Müasir dünyada təhsilin inkişafının yeni texnologiyalar və yeni məhsullar istehsalı ilə yanaşı addımladığını qeyd edən qonaq bildirib ki, pandemiya dövründə tibb sahəsində innovativ yeniliklərin önəmi bir daha ortaya çıxıb. İki universitet arasında yeni əməkdaşlıq nanotexnologiyalar, əczaçılıq sahəsində də birgə elmi tədqiqatların aparılmasına imkan verəcək.
Sonra tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, müştərək elmi araşdırmaların aparılması, ortaq tədbirlərin təşkili və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, iki gün davam edən səfər zamanı Təbriz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzinin nümayəndələri ATU-nun klinikaları, müxtəlif kafedraları ilə tanış olub, Əczaçılıq fakültəsini və laboratoriyalarını ziyarət ediblər.