Son 6 ayda COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb

Son 6 ayda COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-ginekoloq Şəymən Qədimova hamiləlik, yeni növ koronavirus infeksiyasına yoluxan anaların körpəni qidalandırması, müalicəsi ilə əlaqədar sualları cavablandırıb.

- Şəymən xanım, hamilələr arasında daha çox təsadüf olunan xəstəliklər hansılardır?

- Statistikaya əsasən, ölkəmizdə tromboemboliya ana ölümünün əsas səbəbi kimi göstərilir. Bir çox ekstragenital xəstəliklər – şəkərli diabet, müxtəlif mənşəli ürək qüsurları, ağciyər vərəmi, qaraciyər xəstəlikləri (virus hepatitləri), anadangəlmə və qazanılmış tromboflebiyalar (qanın laxtalanma faktor pozulmaları) ana ölümünün səbəbləri hesab olunur.

- Hansı hamiləliklər sağlamlıq baxımından riskli sayılır?
- Somatik, sağlam olmayan qadınlar hamiləlik üçün yüksək risk qrupunu təşkil edirlər. Yüksək risk qrupuna aid olan qadınlar çox vaxt hamiləliyi axıra qədər çatdıra bilmirlər, belə hamiləliyin ana və döl üçün nəticələri qənaətbəxş olmur. Riskli hamiləlik nəinki dölün, eləcə də ananın ölümünə səbəb ola bilər.
Hamilələr üçün yüksək risk dərəcəsi daşıyan patologiyalara hamiləlik zamanı hipertenziv vəziyyətlər və preeklampsiya, ekstragenital xəstəliklər, fetoplasentar çatışmazlıq aiddir. Onu da qeyd etmək istəyirəm ki, riskli hamiləlik vaxtında aşkar edilib, qarşısı alınmasa, bu ya dölün bətndaxili ölümünə, ya da xəstə uşağın doğulmasına səbəb olur.

- Hamilə qadınlar koronavirusa qarşı vaksinasiya oluna bilərlərmi?
- Dünya praktikasında hamiləlik və südvermə dövründə, hətta hamiləlik planlaşdıran qadınlara peyvənd tövsiyə edilmir. Lakin geniş yayılmış epidemiya və pandemiyalar dövründə virusla mübarizə aparmaq məqsədilə istisnasız olaraq, kütləvi peyvəndlənmə aparılır. Virusun yeni növlərinin yoluxuculuğunun artdığı və virus tamamilə aradan qalxmadığı halda hamilə qadınlar da kütləvi peyvənlənməyə cəlb oluna bilərlər.

- Hansı xəstəliyi olan qadınlar süd verə bilməz?
- Bəzi istisnalar olmaqla, bütün körpələrin ana südü ilə qidalanmasının vacibliyi elmi tədqiqatlarla təsdiqlənib. Hətta aktiv koronavirusa yoluxan hamilə qadınların dünyaya gətirdiyi körpələr də ana südü ilə qidalanmalıdır, çünki bu cür infeksiyalar əsasən südlə yox, qanla anadan dölə keçir. İnsanın immunçatışmazlığı virusu (İİV), kavernoz vərəm (açıq vərəm) istisna olmaqla, bütün qadınlar süd verməlidirlər.

- Ölkəmizdə koronavirusa yoluxan qadınların müalicəsi necə təşkil olunub?
- COVID-19 pandemiyasının ilk günlərindən etibarən, virusa yoluxan hamilə qadınlara ölkəmizin iki böyük klinikası – Kliniki Tibbi Mərkəz və Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası xidmət göstərir. COVID-19-a yoluxması təsdiqlənən bütün hamilə qadınlar həmin klinikalara göndərilir. Ona görə də statistika ölkə üzrə hesab olunur.
Sevindirici haldır ki, son 6 ayda COVID-19 infeksiyasından ana ölümü halları qeydə alınmayıb.

- Ana bətnində həyata keçirilən əməliyyatlar hansılardır? Hansı hallarda fetal cərrahiyyələr aparılır?
- Son illər ölkəmizdə bətndaxili qangötürmə əməliyyatı icra edilməsində mühüm addımlar atılır. Belə ki, göstərilən patologiyaları müəyyən etmək üçün amniosentez (ana bətnində dölyanı mayenin müayinəsi) və kordosentez (ana bətnində dölün göbək ciyəsindən götürülən qanın müayinəsi) əməliyyatları uğurla həyata keçirilir.
Amniosentez əməliyyatı ambulator şəraitdə ultrasəs müayinəsi nəzarəti altında yerli ağrısızlaşdırma ilə aparılır. 2-3 həftədən sonra əldə olunan nəticəyə əsasən dölün bətndaxili sağlamlığı qiymətləndirilir. Həmin müayinənin 7-8 ildir ki, ölkəmizdə aparılması bir çox ciddi xəstə dölün bətndaxili aşkara çıxarılmasına kömək edir. Kordosentez zamanı isə dölün göbək damarından qan götürməklə diaqnostik əhəmiyyət kəsb edən məlumatlar əldə edilir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova