Ümumdünya Qlaukoma ilə Mübarizə Günü qeyd olundu
Martın 6-sı dünyanın bir sıra ölkələrində Ümumdünya Qlaukoma ilə Mübarizə Günü kimi qeyd edilir.
Bu gün 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.
Gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biridir. Bu xəstəlik nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Həkimlərin fikrincə, qlaukoma 60-dan artıq patologiya nəticəsində yaranır. Bu xəstəlik hər yaşda başlana bilər, lakin 40 yaşdan sonra onun yayılmasına daha çox rast gəlinir. Statistikaya görə, dünyada 107 milyondan artıq qlaukoma xəstəsi var və onlardan, demək olar ki, hər beşindən biri göz nurunu tamamilə itirir.
Mürəkkəblik ondadır ki, qlaukoma yalnız yüksək dərəcədə inkişaf edəndən sonra üzə çıxır və müalicəyə çətin tabe olur. Beynəlxalq miqyasda Qlaukoma ilə Mübarizə Gününün qeyd olunması həm də xəstəliyin yaranması, risk amilləri, profilaktikası və diaqnozu barədə ictimaiyyətin maariflənməsinə xidmət edir.
Qlaukomanın vaxtında aparılan müalicəsi yalnız gözdaxili təzyiqi endirən damcıların tökülməsindən ibarətdir. Xəstəliyin daha ağır hallarında isə lazer cərrahiyyəsinə və ya operativ müdaxiləyə üstünlük verilir. Bütün hallarda müalicə forması xəstəliyin tipi, dərəcəsi və xəstənin yaşı nəzərə alınaraq seçilir. Müasir texnologiyalar müalicə prosesini maksimum dərəcədə təhlükəsiz və uğurla aparmağa imkan verir, hətta əksər hallarda onun müalicəsi üçün stasionar şəraitdə qalmaq tələb olunmur.
Bu il Ümumdünya Qlaukoma ilə Mübarizə Günü daha geniş miqyasda – 6-12 Mart – Ümumdünya Qlaukoma ilə Mübarizə Həftəsi kimi qeyd edilib.
Qlaukoma üzrə elmi-praktik konfrans
Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümumdünya Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Türkiyədən, bölgələrdən, digər qurumlardan həkimlər iştirak ediblər.
Konfransın təşkilat komitəsinin direktor müavini, tibb elmləri doktoru Hicran Namazova gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukomanın ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biri olduğunu bildirib. El arasında “qara su” adlandırılan bu xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır.
Ölkəmizdə səhiyyənin, o cümlədən oftalmologiya sahəsinin getdikcə daha da inkişaf etdiyini deyən H.Namazova Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə yeganə olan və ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Qlaukoma Mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Həmin mərkəzdə xəstəliyin vaxtında aşkarlanması və müalicəsi üçün hər şərait yaradılıb. Burada bütün qlaukoma xəstələrinin dispanser qeydiyyatı aparılır, onlar daimi nəzarətdə saxlanılırlar.
Hicran Namazova Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində keçirilən tədbirdə əsas məqsədin qlaukomanın müasir diaqnostik təhlilinin, onun müalicəsi ilə bağlı müzakirələrin və qardaş ölkə nümayəndələri ilə təcrübə mübadiləsinin aparılması olduğunu deyib.
Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.
Tibb elmləri doktorları Hicran Namazova, Nizami Bağırov, tibb üzrə fəlsəfə doktorları Aybəniz Əhmədova, Mətanət Əfəndiyeva, Nigar Həsənova, Polad Məhərrəmov və Cəmil Həsənovun moderatorluğu ilə keçirilən konfransda 12 məruzə dinlənilib.
“Pediatrik qlaukoma – 14 ilin nəticələri” mövzusunda məruzə edən mərkəzin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova pediatrik qlaukomanın müalicəyə çətin tabe olan patologiya olduğunu qeyd edib. Bildirib ki, xəstəliyə cərrahi müdaxilə də mürəkkəbdir. Buna səbəb böyüklərə nisbətən anatomiyadakı fərqlər, anadangəlmə və inkişaf anomaliyaları ilə əlaqədar anatomik variasiyalar, genişspektrli patogenetik mexanizmlər, daha aqressiv sağalma reaksiyası, əməliyyatdan sonrakı gedişatın daha az proqnozlaşdırıla bilməsi, əməliyyatdan sonrakı dövrdə uşaqların müayinəsinin daha çətin olması, onlarda həyatın daha uzun olması və təkrar müdaxilələr aparılmasına ehtiyacın daha çox olmasıdır. N.Həsənova 14 il ərzində mərkəzdə 497 qlaukoma əməliyyatı aparıldığını, onlardan 95-nin ikincili qlaukoma olduğunu diqqətə çatdırıb.
Mərkəzin digər əməkdaşı Cəmil Həsənov “Qlaukoma drenajı implantasiyasından sonra rast gəlinən fəsadlar” mövzusunda məruzə edərək bildirib ki, dünyada korluğa səbəb olan amillər arasında ikinci yerdə dayanan qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Dünyada qlaukomadan əziyyət çəkənlərin sayında hər il artım olduğunu deyən C.Həsənov 2040-cı ilə qədər bu rəqəmin 100 milyonu ötəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdırıb. O, bildirib ki, qlaukoma anadangəlmə olsa da, daha çox 35-40 yaşdan yuxarı şəxslərdə qeydə alınır. Bu səbəbdən xüsusilə 35 yaşdan yuxarı insanlar hər il rutin göz müayinələrinə diqqət yetirməlidirlər. Ailəsində qlaukoma olanların riski isə daha yüksəkdir. Qlaukomanın müasir müalicə və əməliyyat üsullarından bəhs edən C.Həsənov qlaukoma drenajı implantasiyasından sonra rast gəlinən fəsadlar barədə ətraflı məlumat verib.
Mərkəzin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Mətanət Əfəndiyeva “COVID-19-un gözdaxili təzyiqə təsiri. Kliniki müşahidə” mövzusunda məruzə edərək bildirib ki, COVID-19-a yoluxan xəstələrin 4-31 faizində göz patologiyaları müşahidə olunub. Qlaukomalı xəstələrin 43 faizində isə ağırlaşma qeydə alınıb.
Bundan başqa, tibb üzrə fəlsəfə doktorları Səbinə Məcidova “Birincili və ikincili uveal qlaukoma zamanı sistem və lokal sitokin statusun müqayisəli qiymətləndirilməsinin nəticələri”, Xalid Əliyev “GSD-nin qlaukomatoz dəyişikliklərin diferensial diaqnostikasında OKT-nin praktik əhəmiyyəti”, Gülnarə Məmmədova “Yüksək dərəcəli miopiyalı xəstələrdə qlaukoma”, həkim-oftalmoloqlar Məhərrəm Pirmətov “Müxtəlif dərəcəli bucaq pirmentasiyası olan ilkin açıqbucaqlı qlaukoma xəstələrində selektiv lazer trabekuloplastikanın uzunmüddətli nəticələri”, Sona İbrahimova “Qlaukomanın diaqnostikası və proqressiyasının analizində OKT-nin rolu”, Səbinə Quliyeva “Uşaqlarda steroid qlaukoması”, Könül Feyziyeva “Uveal ikincili qlaukoma (klinik hal)”, Türkiyənin Sağlıq Bilimləri Universitetinin professoru Banu Solmaz “Qlaukoma diaqnostik üsulları və rast gəlinən problemlər”, Yeditepe Universiteti Tibb fakültəsinin professoru İlqaz Yalvac “Süni intellekt və qlaukoma” mövzularında məruzələr ediblər.
Konfransda mütəxəssislər tərəfindən öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallardan danışılıb, suallar və təkliflər səsləndirilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.