"Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb"
!["Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb"](/uploads/posts/2022-03/1646383437_16442163543672939844_1000x669.jpg)
ATU-da bu mövzuda simpozium keçirilib
“Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi” (7-12 fevral) çərçivəsində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində prioritetləri müəyyənləşdirmək və sübutlara əsaslanan inkişaf xəritələrini təqdim etmək məqsədilə Azərbaycan Tibb Universitetində (ATU) "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb" mövzusunda simpozium təşkil edilib.
Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli tədbirin əhəmiyyətindən və ölkədə təcili tibbi yardım üzrə biliklərin təkmilləşdirilməsindən bəhs edib. Bildirib ki, ATU-da Təcili tibbi yardım kafedrasının yaradılması bu istiqamətdə atılan ciddi addımlardandır.
Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov simpoziumda çıxış edərək, tədbirin əhəmiyyətini vurğulayıb, simpozium iştirakçılarına uğurlar arzu edib və səhiyyə naziri Teymur Musayevin salamlarını çatdırıb.
Toplantıda həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri, Klinik Tibbi Mərkəzin, Respublika Klinik Hospitalının, Sumqayıt və Şamaxı şəhərlərində fəaliyyət göstərən Təcili Tibbi Yardım xidmətlərinin əməkdaşları, habelə təcili tibbi yardım üzrə beynəlxalq ekspertlər iştirak ediblər.
Çıxış edən digər iştirakçılar da çoxtərəfli müzakirələrin ölkə səhiyyəsinin ümumi işinə müsbət təsirini qeyd edib, həmçinin tədbirin faydasını vurğulayıblar.
Simpoziumdan sonra "Xəstəlik hallarının idarə olunması” və “Təcili yardım şöbəsinin idarə olunması” kurslarının tədrisinə start verilib. Kursun gedişində iştirakçılar təcili yardımda tez-tez rast gəlinən 6 halın idarə edilməsi üsullarını 3 müxtəlif situasiya məsələsi vasitəsilə mənimsəyib, eyni zamanda, ürəyin dayanmasına və ya ürək-damar xəstəliklərinə səbəb olan, həyati təhlükə yaradan halların mütərəqqi tibbi prosedurlar, dərmanlar və üsullardan istifadə etməklə aradan qaldırılmasına dair ən yeni məlumatlar əldə ediblər.
Bununla yanaşı, BMT-nin Yol Təhlükəsizliyi Fondu tərəfindən maliyyələşdirilən “Təcili yardım şöbəsinin idarə olunması” kursu təhlükəsiz, yüksək keyfiyyətli təcili tibbi yardım xidməti təmin etmək, eləcə də təcili tibbi yardım işini səmərəli həyata keçirmək üçün müvafiq sahə üzrə rəhbər şəxslərin liderlik və idarəetmə potensialını inkişaf etdirməyə yönəlib. İştirakçıların Azərbaycanda təcili tibbi yardımın mövcud vəziyyətini düzgün analiz etməyə, ölkə daxilində təcili tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmağa, həmçinin effektiv səhiyyə siyasəti yaratmağa yardım edəcək bilik və bacarıqlarını artırmaq məqsədi daşıyan kurs başa çatdıqdan sonra ÜST-nin təcili yardım üzrə eksperti professor Li Uollisin və beynəlxalq mütəxəssislərin iştirakı ilə təcili yardım sahəsində fəaliyyət üçün yol xəritəsinin hazırlanması üzrə görüş keçirilib.
Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində tədbirlər silsiləsi ATU-da “Təcili tibbi yardımda əsas klinik mövzular” adlı simpozium və bağlanış mərasimi ilə yekunlaşıb.