ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan uğurla keçib
Azərbaycan Tibb Universitetinin (ATU) tədris proqramları Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçib. Uzunmüddətli akkreditasiya prosesi Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən rəsmi şəkildə tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) tərəfindən aparılıb və sonda ATU-nun akkreditasiya müraciətinə beynəlxalq qurumun ali orqanı tərəfindən müsbət cavab verilib.
Bu münasibətlə ATU-da müvafiq sertifikatın təntənəli şəkildə təqdimetmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli bu hadisənin ölkəmizdə bir ilk olduğunu diqqətə çatdırıb. ATU-nun beynəlxalq akkreditasiyadan keçməsinin əhəmiyyəti haqqında danışan rektor bildirib ki, həmin proses təxminən üç il davam edib, son 10 ay isə aktiv faza olub: “Ötən müddət ərzində universitetə Türkiyədən və digər ölkələrdən çoxsaylı ekspertlər gəliblər və tədris prosesi ilə yaxından tanış olublar. Qoyulmuş tələblər əsasında ATU-da çoxsaylı işlər görülüb, dəyişikliklər, bir sıra istiqamətlərdə təkmilləşdirmə aparılıb. Ötən il noyabrın 21-dən 25-dək Agentliyin Xarici Ekspert Komissiyasının nümayəndə heyəti Bakıya səfər edib, Tibb Universitetində təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yerində yoxlamalar keçirib. Tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin və sair işlərin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndirilib”, - deyə rektor diqqətə çatdırıb.
Professor G.Gəraybəyli qeyd edib ki, ATU-nun təqdim etdiyi hər üç ixtisasın (müalicə işi, əczaçılıq və stomatologiya) ən böyük müddətə - 5 illiyə akkreditasiyadan keçirilməsi universitet və ölkəmiz üçün əhəmiyyətli hadisədir. ATU-nun 91 illik tarixində buna bənzər hadisə olmadığını deyən rektor bu qərarın verəcəyi üstünlüklərdən danışıb. Bildirib ki, bu, ilk növbədə, Tibb Universitetinin beynəlxalq arenada nüfuzunun yüksəlməsi, reytinq siyahılarında daha yüksək yerlər əldə etməsi deməkdir. Bundan başqa, xarici tələbələrin ATU-ya daha çox sayda cəlb olunması və bu coğrafiyanın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Nəhayət, Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin həmin qərarı ATU-nun məzunlarının diplomlarının xarici ölkələr tərəfindən tanınması və onların nüfuzlu tibb müəssisələrində iş tapması baxımından irəliyə doğru böyük bir addımdır. Rektor bildirib ki, dünya akkreditasiya şirkətləri ilə ATU-nun mübadilə və əməkdaşlığı davam edəcək.
Toplantıda çıxış edən IAAR beynəlxalq akkreditasiya təşkilatının rəsmi nümayəndəsi, professor Olqa Yanovskaya Azərbaycan Tibb Universitetində olmaqdan məmnunluğunu bildirib və kollektivi beynəlxalq akkreditasiyadan keçmək münasibətilə təbrik edib. O, bu hadisənin qloballaşan dünyada bir ali təhsil müəssisəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb: “Xüsusilə tibb təhsili üzrə dünyada beynəlmiləlləşmə gedir. Bundan sonra Azərbaycan Tibb Universiteti dünya təhsil bazarında daha cəlbedici olacaq. Nəticədə, həm əcnəbi tələbələrin sayı artacaq, həm də tədrisin keyfiyyəti daha da yüksələcək”. Olqa Yanovskaya bildirib ki, bu akkreditasiyanın təsdiq etdiyi standartlar Azərbaycan Tibb Universitetinin dünya bazarında rəqabətqabiliyyətli olmasına, beynəlxalq tibbi təhsil məkanına daxil olmasına, yüksək səviyyəli mütəxəssislər hazırlamasına imkan verən və bu mütəxəssislərə həm öz ölkəsinin əmək bazarında, həm də onun hüdudlarından kənarda tələbat yaradan dünya standartlarıdır. Onun sözlərinə görə, beynəlxalq akkreditasiya bu ali təhsil ocağının məzunlarının aldıqları diplomları konversiya etmək şansı verir. O xatırladıb ki, 2024-cü ildən etibarən bütün tibbi ali təhsil müəssisələri məhz Dünya Tibb Təhsili Federasiyasının beynəlxalq səviyyəli akkreditasiyasına malik olmalıdır və akkreditasiya ixtisasına sahib olan hər bir məzuna ali məktəbi bitirdikdən sonra əmək bazarında tələbat olacaq.
Çıxışlardan sonra IAAR-ın beynəlxalq səviyyəli sertifikatları ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təqdim olunub.
Daha sonra növbəti dövr üçün qurumla Tibb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu sənəd gələcəkdə ATU-nun beynəlxalq universitet reytinqlərində iştirakına imkan yaradacaq.
Toplantıda IAAR-ın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Aykız Bauırjankızı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də ATU-nun nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, həm institusional, həm də tədris proqramlarının akkreditasiyasını aparan IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyasını əldə etmiş sayılır.