ÜST nümayəndəsi: "Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmə uğurla aparılır"
![ÜST nümayəndəsi: "Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmə uğurla aparılır"](/uploads/posts/2022-03/1646380509_16456080641686913110_1000x669.jpg)
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin mütəxəssisləri – ÜST Avropa Regional ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin ölkə sağlamlıq proqramları direktoru Siddhartha Sankar Datta və həmin bölmənin Analiz və monitorinq üzrə mütəxəssisi Roberta Pastore Azərbaycana səfər ediblər. Avropa İmmunlaşdırma Gündəliyi 2030 (EIA2030) təşəbbüsü çərçivəsində gerçəkləşən üçgünlük missiyanın əsas məqsədi ÜST-nin növbəti onillikdə vaksinasiyadan tam faydalanma məqsədi daşıyan baxış və strategiyasını, habelə COVID-19 pandemiyasının Avropa bölgəsinin bütün ölkələrində rutin uşaq vaksinasiyası proqramları üçün yaratdığı çətinlikləri müzakirə etmək olub.
Missiya çərçivəsində ÜST nümayəndələri yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşlarla bir sıra görüşlər keçiriblər. Həmçinin ÜST-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, yerli səhiyyə qurumları və beynəlxalq tərəfdaşların iştirakı ilə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq" adlı konfrans da baş tutub.
“Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndləmə yüksək səviyyədə həyata keçirilir, ölkədə vaksinasiya sahəsində bütün beynəlxalq tövsiyələrə riayət edilir, vaksinasiya ilə bağlı müxtəlif xidmət platformaları, saytlar, hətta mobil klinikalar fəaliyyət göstərir. Ölkədə vaksinasiyaya meyil və onun yan təsirləri davamlı olaraq monitorinq edilir. İstənilən halda, Azərbaycanın COVID-19 əleyhinə peyvəndləmə prosesini uğurla apardığını qeyd edə bilərik”.
Bunu konfransda ÜST-nin Avropa üzrə regional ofisinin Analiz və monitorinq şöbəsinin əməkdaşı Roberta Pastore deyib.
O bildirib ki, Azərbaycanda 2021-ci ildə aparılan bir sıra xidmətlər və keyfiyyət monitorinqləri ciddi əhəmiyyətə malikdir: "Bunun nəticəsidir ki, ötən ilin fevralından noyabra qədər vaksin olunmayanların sayı əhəmiyyətli dərəcədə azalıb. Buna müvafiq olaraq, vaksinasiya olunmaq istəməyən, buna tərəddüd edənlərin sayı da azalıb. Həmin müddət ərzində vaksin olunmaq üçün qərarsız vətəndaşların sayında təxminən 35 faiz azalma müşahidə edilib. Lakin ölkədə peyvənd olunmağa tərəddüd edən vətəndaşlar hələ də var. Ölkənin müvafiq orqanları bu kimi halların aradan qaldırılması üçün çalışırlar. Onu da qeyd etmək lazımdır ki, qərarsız olanların əksəriyyəti yaşlılar, bir qismi isə gənclərdir. Həmin yaşlı şəxslərin əksəriyyəti kənd yerlərində yaşayırlar və onların müəyyən xroniki və yanaşı xəstəlikləri var. Digər qərarsız əhali qrupuna aid olan gənclər isə, əsasən, vaksinasiyanı prioritet hesab etmirlər. Həmin vətəndaşlar üçün vaksin təhlükəsizliyi ilə bağlı maarifləndirmə işləri davam etdirilir".
Azərbaycanın ÜST tərəfindən 2021-ci ilin dekabr ayı üçün hədəf kimi müəyyən edilmiş vaksinasiya ilə 40 faizlik əhatələnməyə nail olması təqdir edilib. Belə ki, effektiv strategiya sayəsində 2021-ci ilin sonunda Azərbaycan COVID-19 əleyhinə vaksinasiyanın 47 faizə çatmasını təmin edib. R.Pastore həmçinin qeyd edib ki, 2022-ci ilin iyun ayında Azərbaycanda koronavirus əleyhinə vaksinasiya olunan əhalinin 70 faizə çatdırılması qlobal hədəfdir.
Toplantıda Azərbaycan tərəfdən ölkə təqdimatı ilə Səhiyyə Nazirliyinin eksperti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) İmmunoprofilaktika şöbəsinin həkim-epidemioloqu Əlcəfər Cəfərov çıxış edib. O, ötən müddətdə Azərbaycanda bu sahədə əldə olunan nailiyyətlər, 2022-ci ilin ortaları və sonuna doğru hədəflər və strategiyalar haqqında danışıb.
Məlumat verilib ki, Azərbaycana indiyədək COVID-19 əleyhinə 18 137 790 doza vaksin gətirilib. Bunlardan 12 115 732 doza "Coronavac", 333 607 doza "Pfizer", 9 731 doza "AstraZeneca", 8 980 doza isə "Sputnik V" vaksini istifadə olunub.
Ə.Cəfərov qeyd edib ki, həmçinin Azərbaycandan humanitar məqsədlə müəyyən miqdarda – 270 min doza peyvənd xarici ölkələrə ixrac edilib. Hazırda ölkədə 4 882 402 doza vaksin ehtiyatı var. Həmçinin ölkəyə gətirilmiş vaksinlərin bir qismi – 507 339 dozası, o cümlədən 273 848 doza "AstraZeneca", 50 592 doza "Pfizer" və 182 898 doza "Sputnik V" vaksinləri istifadə müddəti bitdiyinə görə məhv edilib. Bu, ümumi vaksinlərin 4,1 faizini təşkil edir. Məlumata əsasən, ölkədə "AstraZeneca" vaksininin istifadəsi dayandırılıb.
Səhiyyə Nazirliyinin eksperti həmçinin bildirib ki, Azərbaycanda indiyədək 65 və yuxarı yaş qrupuna aid 675 961 nəfər COVID-19 infeksiyası əleyhinə vaksinasiya olunub. Onlardan 407 132 nəfəri birinci doza, 371 771 nəfəri ikinci doza, 272 052 nəfəri isə "buster" doza qəbul edib. Ölkədə vaksinasiyadan keçən 50-65 yaşlıların ümumi sayı isə 1 911 704 nəfərdir. Onların 1 301 622 nəfəri yalnız birinci doza, 1 208 724 nəfəri iki doza, 889 954 nəfəri isə "buster" doza vurdurub.
Vaksinasiyadan keçən 1 310 947 nəfər 40-49 yaşlı vətəndaşlardan 892 837 nəfərinə birinci doza, 819 806 nəfərinə hər iki doza, 542 277 nəfərinə isə "buster" doza vurulub.
Ölkədə koronavirus əleyhinə peyvənd vurduran 1 775 285 nəfər 30-39 yaşlılar üçün bu rəqəmlər müvafiq olaraq 1 200 257, 1 088 641 və 663 151, 1 810 622 nəfər 18-29 yaşlı vətəndaşlar üçün isə 1 263 466, 1 109 708 və 511 002 nəfərdir.
Azərbaycanda həmçinin 12-18 yaşlı uşaq və yeniyetmələrin də COVID-19 əleyhinə vaksinasiyası aparılır. Onlardan 4 933 nəfəri birinci doza, 2 387 nəfəri hər iki doza, 252 nəfəri isə "buster" doza ilə peyvəndlənib.
Qeyd olunub ki, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 12 828 076, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 288 297, ikinci mərhələ üzrə 4 777 007, üç və daha çox doza vaksinlərin sayı 2 566 634, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 196 138-dir.
RGEM-in əməkdaşı həmçinin bildirib ki, ölkəyə vaksinlərin saxlanılması üçün soyuq zəncir sisteminə aid edilən, ÜST-nin tələblərinə cavab verən soyuducu və dondurucu aparat və digər ləvazimatların gətirilməsi nəzərdə tutulub. Azərbaycanda həmin tələblərə cavab verən soyuducu və digər avadanlıqların alınmasının üzərindən 10 ildən çox vaxt keçdiyinə görə bu avadanlıqların yenilənməsinə ciddi ehtiyac var. Bu, 2022-ci ilin hədəfləri arasındadır.
O qeyd edib ki, İnnovasiya və Təchizat Mərkəzinə elektron xəbərdarlıq sisteminin formalaşdırılması da hədəf qoyulub. Həmçinin soyuq zəncir sisteminin inventarizasiyasının vahid elektron sisteminin formalaşdırılması və təşkili nəzərdə tutulub. Bununla əlaqədar ÜST ilə əməkdaşlıq aparılır.
Ə.Cəfərov qeyd edib ki, 2022-ci ilin hədəflərini reallaşdırmaq üçün lazımi tədbirlər həyata keçirilir.
ÜST-nin mütəxəssisi Roberta Pastore təqdim olunan məlumatlar və COVID-19 peyvəndinin tətbiqində çətinliklər barədə çıxış edərək, 2022-ci ilin ortalarınadək 70 faizlik peyvənd hədəfinə nail olmaq üçün ölkə tərəfindən görüləcək tədbirlər, ÜST və tərəfdaşlarının mümkün dəstəyindən bəhs edib. Bu hədəfə çatmaq üçün daha yüksək risk qruplarında olan və hələ də peyvənd olunmamış bir çox insanlara çıxışı təmin etmək məqsədilə bölgələrdən və rayonlardan daxil olacaq məlumatların istifadəsi çox vacibdir.
ÜST-nin Avropa üzrə regional ofisinin peyvəndlə qarşısı alına bilən xəstəliklər və immunlaşdırma üzrə eksperti və proqram meneceri Siddhartha Sankar Datta jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda COVID-19 əleyhinə istifadə edilən bütün peyvəndlər “omikron” ştamına qarşı effektivdir. ÜST tövsiyə edir ki, sağlamlıq problemi olanlar, xüsusilə də yaşlılar "buster" doza ilə peyvəndlənsinlər.
O bildirib ki, Azərbaycanda əhalinin təxminən 20-25 faizi "buster" doza qəbul edib: "Bundan sonra ölkədə epidemioloji vəziyyətin stabilləşəcəyini ehtimal edirik. Əlbəttə ki, pandemiya nəzarətdə saxlanılmalıdır. Sevindirici haldır ki, bu gün xəstəlik barədə əvvəlki illərlə müqayisədə daha çox məlumatlıyıq. Hazırda daha yaxşı diaqnostik alətlərimiz və effektiv peyvəndlərimiz var. Son məlumatlar göstərir ki, koronavirusla bağlı ağırlaşma halları, hospitalizasiya olunanların və həyatını itirənlərin sayı azalıb. Amma, əlbəttə ki, ehtiyatlı davranmalı, qaydalara riayət etməliyik. Nəzərə almaq lazımdır ki, COVID-19-un yeni ştamı yaranarsa, vəziyyət dəyişə bilər”.