COVID-19-un müalicəsi üçün ştamı müəyyən etməyə ehtiyac yoxdur
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı iki birgə məlumat yayıblar.
Birinci məlumatda deyilir ki, son vaxtlar rəsmi səhiyyə qurumlarına bəzi özəl laboratoriyalarda COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsinin təklif edilməsi barədə məlumatlar daxil olur. Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVID-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K “omikron” variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə, müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur.
Müraciəti yayan qurumlar bildirirlər ki, koronavirusun mutasiyalarından asılı olmayaraq, müalicə metodları eynidir. Təklif edilən ikinci test təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımır.
Məlumatda deyilir ki, yeni ştamın simptomları çox vaxt kəskin respirator infeksiya əlamətlərinə bənzəyir və əsasən yuxarı tənəffüs yollarına təsir edir. Simptomları hiss etdikdə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edilməlidir.
Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.
Bu səbəbdən səhiyyə qurumları yayılan yeni ştamdan qorunmaq üçün vətəndaşlarımızı ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” (gücləndirici) doza ilə peyvəndləməyə çağırır.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə yaydıqları digər məlumatda xatırladılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilmir.
Məlumatda qeyd olunub ki, “Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 5 ay keçdikdən sonra “buster” doza ilə peyvəndlənməsi tövsiyə olunur. Bunun üçün https://randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Birgə məlumatda həmçinin bildirilir ki, fevralın 15-dən etibarən ictimai iaşə müəssisələrinə (kafe, restoran və s.), mehmanxanalara, iri ticarət mərkəzlərinə, idman və sağlamlıq-bərpa obyektlərinə, toy və ya digər şənliklərə, ali təhsil müəssisələri və kolleclərə yaşı 18-dən yuxarı olan şəxslərin girişinə yalnız etibarlı “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olduğu halda icazə verilir.
Dövlət qurumlarında, eləcə də bu Qərarın əlavəsində sadalanan (tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən etibarlı “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” tələb edilir.