“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər müzakirə olunub
Fevral ayında Milli Məclisin 2022-ci ilin yaz sessiyasında bir neçə plenar iclası keçirilib.
İlk iclasda parlamentin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. İş planında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi və səhiyyə ilə bağlı bəzi qanunlara dəyişikliklər edilməsi də nəzərdə tutulub.
Yaz sessiyasının ikinci iclasında gündəlikdə duran məsələlərdən biri “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi idi.
Birinci oxunuşda müzakirə olunan qanun layihəsinin mahiyyəti barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov danışıb. Qanunun yeni redaksiyada verilmiş 15-11.8-ci maddəsinə əsasən, bu qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir. Bildirilib ki, dəyişikliyin məqsədi məhz idxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir.
Qeyd edilib ki, qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Qanunun 16-4.4-1-ci maddəsinə əsasən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2022-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minir. Əhalinin tibbi xidmətlərə əlçatanlığı, icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2023-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.
Komitə sədri Qənirə Paşayeva, deputatlar Soltan Məmmədov, Razi Nurullayev, Etibar Əliyev layihənin əhəmiyyətindən danışıblar, dəyişikliklərin günün tələbinə uyğun olduğunu söyləyiblər, suallarını, qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov deputatların suallarını cavablandırıb, onları narahat edən məqamlara aydınlıq gətirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Növbəti iclasda qanun layihəsi müzakirədən sonra ikinci oxunuşda da qəbul olunub.