İkinci dozadan 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı olmayacaq
COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Hazırda “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Yanvarın 25-nə olan məlumata əsasən, ölkə üzrə vurulan vaksinlərin ümumi sayı 11 845 510 dozadır, onlardan 1 895 975-i “buster” doza vaksinləridir.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd edilir.
Məlumatda bildirilir ki, COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 5 ay sonra orqanizmdən asılı olaraq bu virusa qarşı müqavimət azala bilər. Orqanizmin koronavirus infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün 3-cü dozanın - “buster” (qüvvətləndirici) dozanın vurulması tövsiyə olunur.
Məlumatda həmçinin bildirilir ki, yeni qaydalara əsasən, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə verilən “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 ay müəyyənləşdirilib. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra “buster” doza ilə peyvəndləməyə çağırır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” 2022-ci il fevralın 15-dən etibarlı hesab edilməyəcək. Buna görə də həmin tarixdən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarından, habelə bir sıra müəssisələrin işçilərindən (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən etibarlı peyvənd sertifikatının və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir. Bunlar mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri, eləcə də adı çəkilən Qərarın əlavəsində qeyd olunan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrdir.
Həmçinin adıçəkilən etibarlı sənədlərdən biri olmayan 18 yaşdan yuxarı şəxslər fevralın 15-dən etibarən bir sıra xidmət sahələrindən istifadə edə bilməyəcəklər.
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin digər birgə məlumatında qeyd edilir ki, son günlərdə COVID-19 infeksiyasının yeni ştamına yoluxanların sayında artım müşahidə olunur. “Omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq, vətəndaşlardan səhiyyə qurumları tərəfindən müəyyənləşdirilmiş, virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Belə ki, özündə koronavirusun əlamətlərini hiss edən şəxs ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkim-pediatrına, sahə həkim-terapevtinə) müraciət etməlidir. Ailə həkimi sağlamlıq vəziyyətini dəyərləndirdikdən sonra, ehtiyac olarsa, COVID-19 (PZR) testinin götürülməsi üçün həmin şəxs yaşayan ünvana tibb işçisini yönləndirir.
COVID-19-a yoluxma təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirənlərə xəstəliyin ailə üzvlərinə və ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcridolunma qaydalarına riayət etmək tövsiyə olunur. Bunun üçün ailə üzvlərindən mümkün qədər təcrid olmaq, maska taxmaq, tez-tez əlləri yumaq və ya antiseptik vasitələrdən istifadə etmək, təcrid olunma yerini tez-tez havalandırmaq, ortaq istifadə sahələrini mütəmadi dezinfeksiya etmək, bol maye qəbul etmək, yuxu rejiminə riayət etmək (gün ərzində ən az 7 saat dərin və rahat yuxu) məsləhət görülür. Gün ərzində bədən hərarətini 2 dəfə ölçmək lazımdır. Hərarət 38℃ və daha yuxarı olduqda qızdırmasalıcı dərmanlardan istifadə etmək olar. İdarə olunmayan, yəni hərarətsalıcı dərmanlara tabe olmayan yüksək hərarət (>38.5℃) 5 gündən çox davam edərsə, ailə həkiminə məlumat vermək lazımdır. Həkim təyinatı olmadan heç bir müalicə qəbul etmək olmaz. O cümlədən, tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından istifadə etmək olmaz. Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul etmək olar.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddətinin ölkəmizdə 14 gündən 7 günədək azaldıldığını nəzərə alaraq, COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər. Sertifikatın qüvvədəolma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır.