Tibb Universitetində iki yeni kafedra yaradılıb
Azərbaycan Tibb Universitetində (ATU) iki yeni kafedra fəaliyyətə başlayıb.
Bu barədə məlumat verən universitetin Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov son zamanlar səhiyyədə aparılan islahatlar nəticəsində əhaliyə ilkin səhiyyə xidmətinin təşkili və ilkin səhiyyə xidmətinin göstərilməsi üçün həmin sahə üzrə mütəxəssislərə ehtiyac yarandığını söyləyib.
Şöbə müdiri bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş yeni Təhsil Proqramının peşə kompetensiyaları, proqramın təlim nəticələri ilkin səhiyyə xidmətinə uyğun hazırlanıb, peşə profilində məzunların ilkin səhiyyə xidmətində fəaliyyət göstərməsi nəzərdə tutulub: “İlkin səhiyyə xidmətini göstərə bilməsi üçün tələbələrin daha çox ailə həkimliyi, ictimai səhiyyə və təcili tibb üzrə praktik bacarıqlara sahib olması vacibdir. Həmin məqsədlə təcili tibb sahəsində yeni strukturların yaradılması və mütəxəssislərin hazırlanması zərurətə çevrilib. Baza tibb təhsilinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, müasirləşdirilməsi, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, proqramların dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması məqsədilə 2022-2023-cü tədris ilindən etibarən Təcili tibb kafedrasının yaradılması məqsədəuyğun hesab edilib”.
Dünyada tibb təhsili sahəsində magistratura və doktorantura proqramlarının da mövcud olduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, həmin proqramlardan məzun olanlar tibb universitetlərində yaradılmış tibb təhsili kafedralarında mütəxəssis kimi çalışırlar. Bununla yanaşı, tibb təhsili mütəxəssisləri Türkiyə də daxil olmaqla bir çox ölkələrdə dövlət və qeyri-hökumət təşkilatlarında tibb təhsili ilə əlaqəli tədqiqat və təhsilin planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsində mütəxəssis və ya konsultant olaraq fəaliyyət göstərə bilirlər. Beynəlxalq arenada olduğu kimi, Azərbaycanda da elm sahəsində tibb təhsilinin inkişafına töhfə verən, akademik tədqiqatlar aparan insan resurslarının hazırlanmasına ehtiyac var. Həmin proqramlar, eyni zamanda, stomatologiya, tibb bacısı, əczaçılıq kimi sahələrdə də təhsil istiqamətli mütəxəssislərin hazırlanmasına kömək edir.
S.Cavadov onu da diqqətə çatdırıb ki, tibb təhsili mütəxəssislərinin əsas vəzifəsi həm tibb, həm də sağlamlıq elmləri sahəsində bacarıqların inkişaf etdirilməsi istiqamətində təhsil vermək, tədqiqatlar aparmaq, təhsil proqramlarının hazırlanmasını və həyata keçirilməsini təmin etməkdir. Tibb təhsili mütəxəssislərinin digər vəzifələri ölçmə-qiymətləndirmə sistemlərinin əsaslarını hazırlamaq, təhsildə və tədrisdə qəbul edilən innovativ yeniliklərlə professor-müəllim heyətini tanış etmək, onların pedaqoji peşəkarlığını artırmaq üçün vaxtaşırı təlimlər keçirmək, yeni pedaqoji fəaliyyətə başlayan təhsil verənləri tədris prosesinə hazırlamaqdan ibarətdir. Bütün bunlar Azərbaycan Tibb Universitetində Tibb və sağlamlıq elmləri təhsili kafedrasının da yaradılmasını zərurətə çevirib.
Bildirilib ki, həmin kafedraların yaradılması barədə məsələ Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin təqdimatı ilə Böyük Elmi Şuranın müzakirəsinə çıxarılıb. Elmi Şuranın üzvləri hər iki kafedranın yaradılmasına razılıq veriblər.