Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olundu

Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olundu

Hazırda dünyada 37,2 milyon nəfər insanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxs var. Onların 1,7 milyonu 14 yaşına qədər olan uşaqlardır. İİV-ə yoluxanların 27,5 milyonu antiretrovirus müalicəsi ilə əhatə edilib. Lakin İİV-lə yaşayan xəstələrin 27 faizi həmin müalicə ilə təmin olunmayıb. İİV-ə yoluxan hamilələrin 85 faizi virusun anadan uşağa ötürülməsinin qarşısını almaq məqsədilə antiretrovirus müalicəsinə cəlb edilib. 1997-ci illə müqayisədə İİV-ə yeni yoluxma halları iki dəfə azalıb və ötən il onların sayı 1,5 milyon nəfər olub. 2004-cü illə müqayisədə həmin xəstəlikdən həyatını itirənlərin sayı 10 faiz azalıb və ötən il 640 min nəfər təşkil edib.
Bu statistika Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi konfransda səsləndirilib.
“Bərabərsizliyə son. QİÇS-ə son. Pandemiyaya son” şüarı altında keçirilən konfransda səhiyyə nazirinin müavini Rahim Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva və BMT-nın rezident əlaqələndiricisi Vladanka Andreyeva çıxış edərək, son illər dünyada və Avropa ölkələrində QİÇS-li xəstələrə göstərilən yardım, onların antiretrovirus preparatları ilə təminatı, müalicənin əlçatanlığı haqqında, eləcə də ölkəmizdə bu sahədə görülən işlər, aparılan tədbirlər barədə danışıblar. Qeyd olunub ki, QİÇS-li xəstələrin yalnız 73 faizi öz sağlamlıq vəziyyətindən xəbərdardır, 57 faizi antiretrovirus müalicəsi ilə təmin olunur, 48 faizində isə virusun məhdudlaşdırılması ilə əlaqədar tədbirlər görülür. İİV/QİÇS infeksiyasının tibbə məlum olduğu 40 ilə yaxın dövrdə onun aradan qaldırılmasına səbəb olan vaksin tapılmayıb. Qlobal Fond son üç ildə xəstəliyə qarşı mübarizə aparılması üçün 17,3 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Azərbaycan hökuməti də xəstəliklə mübarizə üçün qarşıdakı illərdə 20 milyon ABŞ dolları məbləğində vəsait ayırmağı nəzərdə tutub. Bütün bunlar 2030-cu ilədək ölkəmizdə QİÇS xəstəliyinin tamam aradan qaldırılmasını hədəfə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov qeyd edib ki, son illər pandemiya şəraiti QİÇS xəstələrinin müalicəsinə də mənfi təsir göstərib. Buna baxmayaraq, həmin xəstələrə göstərilən tibbi xidmətlərin səviyyəsi yüksəlib, onların dərman preparatları ilə təminatı zəifləməyib. Mərkəzin direktorunun verdiyi məlumata görə, bu il dekabrın 1-dək 9 338 İİV-li şəxs müalicə-profilaktika müəssisələrində qeydiyyatdan keçib. Ölkəmizin Şirvan, Lənkəran və Astara bölgələrində həmin virusun daşıyıcıları daha çoxdur. İndiyədək yoluxanların 1673 nəfəri Rusiyada bu xəstəliyə mübtəla olub, onlardan 103 nəfəri bu il yoluxub.
Famil Məmmədov deyib: “Əgər 2007-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 94 xəstədən 50 nəfəri antiretrovirus müalicəsi qəbul edirdisə, 2020-ci ildə 5848 xəstədən 5618-i, bu il isə 7033 xəstədən 6179 nəfəri həmin preparatlarla təmin olunub. Ötən il xəstələrin 92 faizi ambulator müşahidə edilib. Keçən il 51, bu ilin 11 ayında isə 50 nəfər xəstə həyatını itirib. Vəfat edənlərin 85,8 faizi kişilər, 14,2 faizi isə qadınlardır”.
Konfransda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmancı, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Məlahət İbrahimqızı və Kamilə Əliyeva, Ədliyyə Nazirliyinin ÜST ilə Əməkdaşlıq Mərkəzinin rəhbəri İradə Məmmədova, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova, “AİDS-lə Mübarizə” İctimai Birliyinin sədri Nofəl Şərifov ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığı, mərkəz və laboratoriyaların işinin yaxşılaşdırılması, gənclər və yeniyetmələr arasında virusun ziyanlı təsiri barədə reklam təbliğatının gücləndirilməsi ilə əlaqədar öz fikirlərini söyləyiblər.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov mətbuata müsahibəsində həmçinin bildirib ki, bu ilin 11 ayı ərzində Azərbaycanda 654 nəfər İİV-ə yeni yoluxmuş şəxs qeydiyyata alınıb. Onlardan 635-i (432 kişi, 203 qadın) Azərbaycan vətəndaşı, 19 nəfəri isə əcnəbidir. İİV-ə yoluxmuş ölkə vətəndaşlarının 37,9 faizində yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 51,4 faizində heteroseksual, 4 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 5,2 faizində yoluxma səbəbi aydınlaşdırılır. Direktorun verdiyi məlumata əsasən, bu ilin 11 ayı ərzində 617 nəfər antiretrovirus müalicəsinə cəlb olunub.
Famil Məmmədov daha bir statistikanı xatırladıb: “2016-cı ildə 204 min hamilədən 42, 2017-ci ildə 197 min hamilədən 27, 2018-ci ildə 188 min hamilədən 31, 2019-cu ildə 169 min hamilədən 51, bu il isə 144 min hamilədən 16 nəfərdə virus aşkar edilib. 2018-ci ildən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində “Test and Treat” strategiyası tətbiq olunur. Bu o deməkdir ki, İİV-ə yoluxması təsdiq olunan hər bir xəstə antiretrovirus dərmanlarla təmin olunur. Ölkəmiz 2025-ci ilədək ÜST-nin 95-95-95 məqsədinə qoşulacaq, yəni İİV-ə yoluxanların 95%-i öz immun statusunu biləcək, İİV-ə yoluxmasından xəbərdar olanların 95%-i antiretrovirus müalicəsi qəbul edəcək, ARV terapiya alanların 95 faizində virus yükü azalaraq laborator analizlərdə aşkar edilməyəcək, yəni onların kimisə yoluxdurmaq təhlükəsi olmayacaq”.
Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən etibarən hər il dekabrın 1-də qeyd olunur. Təqvimdə bu infeksiya ilə əlaqədar beynəlxalq günün ayrılmasına İİV virusunun sürətli artımı səbəb olub. Dünya ölkələrini problemlə mübarizədə bir araya gətirmək məqsədi daşıyan və səylərin birləşdirilməsinə xidmət edən bu gündə hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası barədə danışılır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova