Ümumdünya Səhiyyə Assambleyasının ikinci xüsusi sessiyası keçirilib

Ümumdünya Səhiyyə Assambleyasının ikinci xüsusi sessiyası keçirilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyası (ÜSA) adətən hər il may ayında toplaşır. ÜSA-nın builki 74-cü sessiyasında ÜST tarixində ikinci dəfə olaraq xüsusi sessiyanın keçirilməsi qərara alınıb. Bu qərara uyğun olaraq, Assambleyanın ikinci xüsusi sessiyası virtual formatda təşkil edilib.
Sessiya zamanı üzv dövlətlər ÜST-nin pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə konvensiya, saziş və ya digər beynəlxalq alətinin işlənib hazırlanması və onu qəbul etmək üçün hökumətlərarası prosedurun müəyyənləşdirilməsi məsələsini müzakirə ediblər. Bu zaman ÜST-nin Səhiyyədə fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi üzrə İşçi Qrupunun məruzəsi nəzərə alınıb. Qeyd olunub ki, ÜSA-nın 74-cü sessiyasında yaradılmış İşçi Qrup bu müddətdə beş iclas keçirib və məruzəsini hazırlayarkən bir neçə qurumun məsələ ilə bağlı çıxardığı nəticələrə əsaslanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirildiyinə görə, tədbirdə Azərbaycanı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Xüsusi sessiyada çıxışında səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev xatırladıb ki, Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində BMT üzv dövlətləri tərəfindən qəbul edilib. “Biz üzv dövlətlərin İşçi Qrupunun ÜST-nin ictimai səhiyyə ilə bağlı fövqəladə hallara hazırlığını və reaksiyasını təkmilləşdirmək və bu istiqamətdə fəaliyyətin genişləndirilməsini dəstəkləmək səylərini alqışlayırıq”, - deyə Teymur Musayev əlavə edib.
İkinci xüsusi sessiyanın işinin nəticələrinə əsasən, ÜST-nin üzv dövlətləri pandemiyaların qarşısının daha effektiv alınması və onlara nəzarət üçün beynəlxalq sənədin yaradılması haqqında qərar qəbul ediblər. Bununla bağlı olaraq ÜST-yə üzv olan 194 ölkə dünyada gələcəkdə baş verə biləcək pandemiyalara qarşı daha yaxşı hazırlıqlı olmaq məqsədilə beynəlxalq paktın imzalanmasına dair razılığa gəliblər.
Konsensus əsasında qəbul edilmiş qərarda gələcəkdə mümkün pandemiyanın qarşısını almaq, ona hazırlıq və reaksiyanı gücləndirmək məqsədilə konvensiya, saziş və ya digər beynəlxalq sənədin hazırlanması və müzakirəsi üçün qlobal prosesə başlamaq niyyəti ifadə olunub.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus bu qərarın tarixi xarakter daşıdığını, missiyası baxımından həyati əhəmiyyət kəsb etdiyini, bütün insanların rifahını və qlobal sağlamlıq arxitekturasını qorumaq üçün vacib fürsət olduğunu söyləyib: “COVID-19 pandemiyası insanları pandemiyalardan qorumaq üçün qlobal sistemdəki bir çox qüsurlara işıq saldı: bir çox hallarda ən həssas qrupa aid olan insanlar peyvəndsiz qalır, tibb işçiləri öz həyatxilasedici işlərini yerinə yetirmək üçün lazımi avadanlıqlarla təmin olunmurlar və bir sıra ölkələr qlobal təhlükə ilə mübarizə aparmaq üçün lazım olan qlobal həmrəyliyə mane olan “hamıdan öncə mən” mentaliteti nümayiş etdirirlər”.
ÜST rəhbəri peyvəndlərin sürətli tədqiq və inkişafı proqramlarından tutmuş, gələcək nəsilləri pandemiyaların təsirlərindən daha təhlükəsiz saxlamağa kömək edəcək qlobal razılaşmanın müzakirəsini, bu məqsədlə ölkələrin bugünkü öhdəliyi qəbul etmək üçün elmi və siyasi əməkdaşlığını təqdir edib.
Nəzərdə tutulan paktın hədəfi gələcəkdə baş verə biləcək pandemiyalar zamanı ölkələr qarşısında hüquqi icbari öhdəliklər qoymaqdır. Sənədin hazırlanması üçün məsləhətləşmələrə gələn ilin martında başlanacaq və ÜST-nin 2024-cü ildə keçiriləcək illik sessiyasında nəticələr təqdim ediləcək.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova