Avropa İttifaqı və ÜST COVID xəstələrinin müalicəsi üçün avadanlıqları Səhiyyə Nazirliyinə təhvil verib
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 2 ədəd invaziv və 1 ədəd qeyri-invaziv süni tənəffüs aparatı, 4 xəstə monitoru, yüksək axınlı oksigen verilməsi üçün 12 nazal kannula və COVID-19-un aşkarlanması üçün 4000 PZR testi üçün reagent verib. Bundan əlavə, COVID-19 hallarının müşahidəsində istifadə üçün 100 ədəd tablet, 5 ədəd noutbuk, 5 ədəd modem və onlar üçün gərəkli proqram təminatı Səhiyyə Nazirliyinə təqdim edilib.
Bu ləvazimat və avadanlıqlar Aİ-nin maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.
Avadanlığın təhvil verilmə mərasimində səhiyyə nazirinin müavini Viktor Qasımov COVID-19 pandemiyasının bütün dünya üçün böyük bir bəlaya çevrildiyini deyib, bildirib ki, heç bir ölkənin səhiyyə sistemi buna təkbaşına tab gətirə bilməzdi. Ona görə bu pandemiya ilə mübarizədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Vaxtında göstərilən yardım qiymətsizdir. Azərbaycan COVID-19 ilə mübarizədə kifayət qədər işlər görüb. Yeni müəssisələr yaradılıb, səhiyyənin maddi-texniki bazası gücləndirilib, fərdi mühafizə vasitələrini istehsal edən müəssisələr fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan dünyada və regionda vaksinasiya proqramına başlayan ilk ölkələrdən biridir. Bu sahədə işlər sürətlə davam etdirilir.
Azərbaycanda vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirildiyini söyləyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko qeyd edib ki, pandemiya yalnız bir ölkəni yox, bütün dünyanı öz cənginə alıb. Ona görə dünya ölkələrinin bu sahədə əməkdaşlığı çox vacibdir. Azərbaycan hökumətinin bu istiqamətdə göstərdiyi səylər təqdirəlayiqdir. “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində göstərilən yardım paketi regionun 6 ölkəsini əhatə edir. Azərbaycan da buraya daxildir.
ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı diqqətə çatdırıb ki, sentyabrdan etibarən koronavirusa yoluxma sayları azalır. Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur. Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir.
“ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində xüsusilə tibb işçilərini qoruyan ləvazimatlar Azərbaycana gətirilib. Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər həm texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”, - deyə Hande Harmancı bildirib.
Aİ-nın maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəyə gətirilmiş ləvazimat və avadanlıqların təhvil verilməsi barədə sənədlər imzalanıb.
Sonra tərəflər jurnalistlərin suallarını cavablandırıblar.
Səhiyyə nazirinin müavini Viktor Qasımov jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycanda hazırda 3 milyon dozaya yaxın vaksin ehtiyatı var: “Ölkəmizdə əhalinin vaksinasiyası üçün kifayət qədər peyvənd məntəqəsi yaradılıb, bu işə yetəri qədər tibb işçisi cəlb olunub, yəni imkanlarımız var. Əhaliyə bir daha müraciət edirəm ki, gəlib peyvənd olunsunlar. Bu peyvənd əhali üçündür”, - deyə səhiyyə nazirinin müavini əlavə edib.
Azərbaycana yeni növ vaksinin gətirilməsi ilə bağlı sualı cavablandıran səhiyyə nazirinin müavini deyib: “Ölkədə dörd növ vaksin istifadə edilir. Əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur. Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur”.
Viktor Qasımov qeyd edib ki, Səhiyyə Nazirliyi son elmi-tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq, hər 2 doza vaksin almış, risk qrupuna aid olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü doza (buster doza) ilə peyvəndlənməyə çağırır: “Buster doza gücləndirici peyvənddir. Əlbəttə, bu peyvəndin kifayət qədər lazımlı olması öz təsdiqini tapıb. Buster dozadan sonra immunitet xeyli artır. Ona görə bu, ilk növbədə, 50 yaşdan yuxarı əhaliyə, risk qrupuna aid olanlara, səhiyyə işçilərinə tövsiyə edilib. Növbəti mərhələdə digər əhali kontingentlərinə də koronavirusa qarşı üçüncü doza ilə peyvəndlənmə tövsiyə olunacaq.
ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı jurnalistlərin suallarına cavab olaraq qeyd edib ki, hansı xəstəliklərə peyvəndin əks-göstəriş olduğu ilə bağlı qərar Azərbaycan hökumətinə aiddir. Bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub. Bununla bağlı araşdırmalar davam edir. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir.
Qeyd edək ki, 2020-ci il martın 27-də Avropa İttifaqı Azərbaycan da daxil olmaqla, Şərqi Avropa və Qafqazın altı ölkəsində COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və onunla mübarizə aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib. “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” çərçivəsində 2020-ci ilin iyul, sentyabr və dekabr aylarında tibb işçiləri üçün fərdi qoruyucu vasitələr və pasiyentlərin müalicəsində istifadə edilən tibbi ləvazimatlardan ibarət 4 yük Azərbaycana təhvil verilib.