COVID-19 infeksiyasında laborator müayinələr

COVID-19 infeksiyasında laborator müayinələr

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların vaxtında aşkarlanması və təcrid edilməsi çox vacibdir. Xəstəliyin diaqnozu laborator və instrumental müayinə üsullarından istifadə etməklə qoyulur. COVID-19 simptomları və radioloji nəticələr qeyri-spesifik olduğundan, SARS-CoV-2 infeksiyasının diaqnozu polimerazlı zəncirvari reaksiya (PZR) ilə təsdiqlənməlidir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Yavər Hacısoy deyib. O bildirib ki, koronavirus infeksiyasının diaqnostikasında bir neçə laborator müayinə metodlarından istifadə olunur: “Seroloji testlər (SARS-CoV-2 IgA, SARS-CoV-2 IgM və SARS-CoV-2 IgG), antigen testləri (SARS-CoV-2 antigen), molekulyar testlər (SARS-CoV-2 PZR (PCR)) həmin müayinə metodlarına aiddir.
İnfeksiyaya yoluxduqda orqanizm həmin infeksiya ilə mübarizə aparmaq üçün anticisim adlanan müəyyən zülallar sintez etməyə başlayır. Anticisimlərin bəziləri xəstənin sağalmasından sonra qanda aylarla, illərlə, hətta ömür boyu qala bilər. Qan nümunələri laboratoriyada müvafiq reagentlərlə müayinə olunur və axtarılan infeksiyaya qarşı yaranmış IgM və IgG anticisimlərinin olması təyin edilir. IgM xəstəliyin başlanğıcında, IgG isə xəstə sağaldıqdan sonra əmələ gəlir”.
Y.Hacısoyun dediyinə görə, seroloji testlər xəstədən götürülmüş qan nümunəsində təyin edilir: “Xəstəliyi keçirdikdən və ya peyvəndləmədən sonra yaranmış immuniteti təyin etmək üçün SARS-CoV-2 IgG testindən daha geniş istifadə olunur. Adətən, xəstəliyin kəskin dövründə formalaşan IgM həm nisbətən gec yarandığı (təxminən 10-14 gün), həm də spesifikliyi az olduğu üçün xəstəliyin müəyyən olunması və təsdiqi üçün geniş istifadə edilmir. Tək SARS-CoV-2 IgM testinin nəticəsi diaqnozu təsdiqləmək üçün yetərli deyil”.
Həkim-mütəxəssis antigen testlər barədə də danışıb: “SARS-CoV-2 antigen testi üçün burun-udlaqdan götürülmüş yaxma nümunəsindən istifadə olunur. Bu müayinə metodunun prinsipi virusun birbaşa hansısa zülalının müəyyən olunmasına əsaslanır. Nümunə götürüldükdən sonra nəticə təxminən bir saat ərzində hazır olduğuna görə, bu testlərə ekspres, yəni sürətli testlər də deyilir. Götürülmüş nümunədə virusa aid antigen (hissəcik) varsa, istifadə olunan ekspres testin daxilindəki karta hopdurulmuş monoklonal anticisimlərlə birləşir və pozitiv anlamına gələn rəngli xətt əmələ gətirir. İstehsalçıdan asılı olaraq bu testlərin həssaslığı (təyinetmə qabiliyyəti) 91-98 faiz, spesifikliyi (dəqiqliyi) isə 98-99 faiz arasında dəyişir. Təyinetmə qabiliyyətinin, etibarlılığının kifayət qədər yüksək olması və tez nəticə alınması bu testlərin geniş istifadəsinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, antigen testlərlə alınmış pozitiv nəticənin PZR testi ilə təsdiq olunmasına ehtiyac yoxdur. Nümunə növünün PZR metodu ilə oxşar olması nəticəsində xəstələr həmin metodu PZR ilə səhv salır və nəticələrinin portala salındığını düşünürlər. Lakin analiz verərkən nəzərə almaq lazımdır ki, portala yalnız PZR testlərinin nəticələri daxil edilir”.
Molekulyar (PZR) testlərin COVID-19-un diaqnostikasında ən geniş istifadə olunan metod olduğunu vurğulayan Yavər Hacısoy bildirib: “PZR testi üçün də xəstədən burun-udlaqdan və ya əsnəkdən nümunə götürülərək, laboratoriyaya göndərilir. Götürülmüş nümunədə polimerazlı zəncirvari reaksiya metodu istifadə olunaraq, nuklein turşusu amplifikasiyası yolu ilə COVID-19 virusunun RNT-si təyin olunur. COVID-19 diaqnozunu təsdiqləyici test 3-8 saat ərzində nəticə verən PZR yaxmadır. Dünyada və ölkəmizdə pandemiyanın idarə olunmasında yalnız bu laborator testlərdən istifadə olunur. Digər testlər yardımçı və informativ xarakterlidir”.
Yavər Hacısoy onu da vurğulayıb ki, mikrobioloji olaraq hansısa virusun təyini və təsdiqi üçün mütləq laborator müayinə aparılmalıdır. Əks halda, infeksion xəstəliyin diaqnozu təsdiqlənmiş sayılmır. O deyib ki, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi zamanı əldə edilən buzlu şüşə görüntüsü yalnız yeni növ koronavirus infeksiyası mənşəli pnevmoniyalarda əmələ gəlmir: “Digər pnevmoniyalarda da buzlu şüşə görüntüsünə rast gəlinir. Sadəcə, hazırda pandemiya səbəbi ilə bu nəticə daha çox COVID-19 ilə əlaqələndirilir”.
Həkim-mütəxəssis COVID-19-un müalicəsində nəzarətdə saxlanılması lazım olan qan göstəriciləri barədə də danışıb. Qeyd edib ki, qan dəyərləri xəstəliyin ağırlığından, gedişatından asılı olaraq dəyişir: “Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, COVID-19 xəstəliyini müşahidə edərkən bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır. Buraya qanın ümumi analizi, eritrositlərin çökmə sürəti (EÇS), C-reaktiv zülal, ferritin, D-dimer, laxtalanma göstəriciləri və xəstəliyin ağırlığından asılı olaraq prokalsitonin, IL-6 və s. testlər aiddir. İstənilən halda, hər kəsin sağlamlığı üçün vaksinasiya vacib şərtdir. Pandemiyaya son qoymaq və normal həyatı daha tez bərpa etmək üçün peyvəndlənmədən başqa çıxış yolumuz yoxdur”.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova