ÜST nümayəndəsi: “Azərbaycanda COVID-19-un "mu" ştamı qeydə alınmayıb”
![ÜST nümayəndəsi: “Azərbaycanda COVID-19-un "mu" ştamı qeydə alınmayıb”](/uploads/posts/2021-10/1633691469_w_1616317872701770823274_1000x669.jpg)
Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənənlərin sayında müşahidə edilən artım sevindiricidir.
Bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
ÜST nümayəndəsi bildirib ki, Azərbaycan regionda koronavirus əleyhinə peyvəndləməyə ilk başlayan ölkələrdəndir: “Vətəndaşlar vaksinasiya prosesində nə qədər aktiv iştirak edərlərsə, infeksiya ilə mübarizədə əhəmiyyətli nəticə əldə edə bilərik. İndiyə qədər Azərbaycanda əhalinin təxminən 30 faizi iki doza peyvənd qəbul edib. Nəzərə almaq lazımdır ki, COVID-19-la mübarizədə təkcə peyvəndləmə kifayət deyil. Bütün dünya başa düşür ki, yalnız peyvəndlə xəstəlikdən xilas olmaq mümkün deyil. Qapalı məkanlarda, kütləvi toplaşmalar zamanı tibbi maskadan istifadə etmək çox vacibdir”.
Hande Harmancı qeyd edib ki, yeni növ koronavirus infeksiyasının növbəti dalğası ilə bağlı əvvəlcədən proqnoz vermək mümkün deyil. O bildirib ki, COVID-19-un hazırkı dalğasının əsas səbəbkarı infeksiyanın “delta” ştamıdır: "Bu ştam çox sürətlə yayılır. Bütün dünya ölkələrinin əhalisi eyni səviyyədə peyvənd olunmasa, yeni ştamlar yaranmağa davam edəcək. Təəssüf ki, dünyada peyvənd bölgüsü düzgün aparılmır. Hətta bir sıra ölkələrdə koronavirus əleyhinə peyvəndləmə göstəricisi 1 faizdən də aşağıdır. Həmin ölkələrdə yeni ştamların meydana gəlməsi və dünyaya yayılması ehtimalı çoxdur. Yəni heç kim yeni dalğanın nə vaxt gələcəyini deyə bilməz, amma ümid edirik ki, bütün tədbirlərin görülməsi, müxtəlif peyvənd çeşidlərinin yaradılması pandemiyanın bitməsinə səbəb olacaq".
ÜST-nin Azərbaycandakı nümayəndəsi məlumat verib ki, Azərbaycanda COVID-19 infeksiyasının bəzi ölkələrdə yayılan "mu" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. Bu ştamın araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır. O bildirib ki, "mu" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mu" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".
ÜST rəsmisi qeyd edib ki, dünyada koronavirusun müalicəsi üçün dərman preparatlarının tapılmaması başlıca problemlərdəndir. Onun dediyinə görə, dünya ölkələrində COVID-19-un yeni müalicə üsulları və dərmanların ixtirası üçün tədqiqat işləri aparılır. Gələcəkdə daha effektiv müalicə üsullarının və dərman preparatlarının aşkar edilməsi və pandemiyanın sona çatmasına ümid edirik”.
Qurum nümayəndəsi əlavə edib ki, koronavirus pandemiyasının nə vaxt bitəcəyi barədə proqnoz vermək mümkün deyil.
Hande Harmancı həmçinin deyib ki, COVID-19 infeksiyası əleyhinə peyvəndlərin qoruyuculuğunun istifadədən bir müddət sonra azaldığı məlumdur. Ona görə də bir qrup vətəndaşa üçüncü doza peyvənd vurulması məsləhətdir. ÜST bəzi səbəbləri nəzərə alaraq, koronavirusa yoluxmada risk qrupu daşımayan vətəndaşların vaksinasiyanın üçüncü mərhələsində iştirakını tövsiyə etmir. Bunun səbəblərindən danışan ÜST nümayəndəsi bildirib ki, bir sıra ölkələrdə koronavirus əleyhinə peyvəndləmə göstəricisinin 1 faizdən də aşağı olması başlıca səbəblərdəndir: “Həmin ölkələrdə hətta səhiyyə işçiləri, yaşı 65-dən çox olanlar belə peyvənd vurdurmayıblar. Yəni bir sıra ölkələr ehtiyac olduğu halda belə, vaksin çatışmaması səbəbindən vaksinasiyada iştirak edə bilmirlər. Ona görə də ÜST yüksək risk qrupuna aid olmayanların üçüncü doza vaksin vurdurmasını tövsiyə etmir. Bu, həmçinin etik hesab olunmur. Lakin istifadədən bir müddət sonra vaksinlərin effektivliyinin azaldığını nəzərə alaraq, risk qrupunda olan səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin vaksinasiyanın üçüncü mərhələsində iştirak edərək qüvvətləndirici doza qəbul etmələri məsləhətdir”.