Qızmar Günəş və dəri xəstəlikləri

Qızmar Günəş və dəri xəstəlikləri

İsti yay günlərində insanları ən çox narahat edən məsələlərdən biri də qızmar Günəşin təsirindən yaranan bir çox dəri xəstəlikləridir. Bu problemlərin yaranmaması üçün nələri bilmək lazımdır? Onların müalicəsi necə aparılmalıdır? Bu zaman hansı dərman vasitələrindən istifadə etmək olar?
Səhiyyə Nazirliyinin dermatovenerologiya üzrə baş mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Fərid Mahmudov bu barədə sualları cavablandırıb.


- Adətən yay aylarında bəzi insanlar dərisinin Günəş şüalarının təsirindən qaşındığını, qızardığını söyləyirlər. Bu hallara qarşı hansı tədbirləri görmək olar?
- Buna müasir tibb elmində fotodermatoz deyirlər. Fotodermatoz dərinin Günəş şüasına, o cümlədən ultrabənövşəyi şüalara məruz qalmasından meydana gələn anormal reaksiyadır. Simptomları dəridə səpkilər, şişmə və qabarcıqların olmasıdır. Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarında çölə çıxmamalı, baş örtüklərindən, eynəklərdən, həmçinin dərini qoruyan bir sıra kremlərdən (spf tərkibli) istifadə etməlidirlər. Fotodermatozun müalicəsində topik steroidlərdən, antihistamin preparatlardan istifadə edilir.

- Bəzən də açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır. Bunun gələcəkdə sağlamlığa hər hansı təsiri ola bilərmi?
- Bu ləkələrin yaranmasına səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsız maya göbələyidir. Onun sağlamlığa heç bir mənfi təsiri yoxdur. Ancaq dəridə kosmetik defekt sayılır. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir. Rəngbərəng dəmrov daha çox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrində (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman ləkə heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət oluna bilir.
Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Ancaq dəri rəngindən asılı olaraq səpkilərin tonları dəyişkən ola bilər, bunun üçün Vud lampası ilə müayinə həyata keçirilir.

- Günəşdən üzə tünd ləkə düşməməsi üçün nə etmək lazımdır?
- Bunun adı melazmadır. Bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə xloazma da deyilir. Adətən üzün hər iki tərəfi zədələnir, ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə spf tərkibli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur.

- Yay aylarında insanlarda qoltuqaltı nahiyə daha çox tərləyir. Buna qarşı hansı vasitələrdən istifadə etməyi məsləhət görərdiniz?
- Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks tərkibində botulinum toksini olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri 4-6 ay davam edir. Adətən ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova