Ölkəmizdə COVID-19 infeksiyasına görə epidemioloji durum sabitdir
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev epidemioloji vəziyyətə dair sualları cavablandırıb.
- Hazırkı epidemioloji vəziyyəti necə dəyərləndirirsiniz?
- May ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşməsi və dinamik azalması tendensiyası müşahidə olunub, yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar.
- Bəzi məhdudiyyətlərin ləğvi yoluxma sayını artıra bilərmi?
- COVID-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda “təhlükəsiz şərait” təəssüratını yaratdığının şahidi olmuşuq. Belə bir vəziyyətdə insanlarda arxayınlıq yaranır, bu da COVID-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə (sosial məsafə, maskadan düzgün istifadə, qapalı otaqların havasının dəyişdirilməsi, əl gigiyenası, respirator etiket qaydaları, kütləvi tədbirlərdə olmaqdan çəkinmə) əməl edilməməsinə səbəb olur. Bütün bunlar isə xəstəlik hadisələrinin yenidən artmasına şərait yaradır. Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək.
- Sizcə, yumşalmalarla birlikdə hansı tədbirlər görülməlidir?
- Yumşalmalar dövründə insanlar daha da ehtiyatlı olmalı, özünü və digərlərini ətraf mühitdə hələ dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün bütün mümkün tədbirləri, xüsusən yuxarıda qeyd etdiyimiz profilaktik qorunma tədbirlərini görməlidirlər.
Unutmaq lazım deyil ki, COVID-19 üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır və pandemiya dünya əhalisi üçün ciddi təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər: dünya üzrə 2021-ci ilin ilk beş ayında bütünlükdə 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub.
- Yoluxma saylarının azalmasında vaksinlərin rolunu necə qiymətləndirmək olar?
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir. Ölkəmizdə qəbul olunmuş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanılıb. Hazırda ölkəmizdə ümumilikdə iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci dozanı, yəni tam peyvəndi alıb. Vaksinasiya olunanların sayı artdıqca yoluxmaların azalacağını, baş verdikdə isə fəsadsız ötüşəcəyini gözləyirik.