Ümumdünya Sağlamlıq Günü
![Ümumdünya Sağlamlıq Günü](/uploads/posts/2021-05/1620300308_vebinar-5.png)
1950-ci ildən başlayaraq, hər il aprelin 7-si – 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının yaradıldığı gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. O vaxtdan bəri dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan təşkilata üzv qəbul olunub.
Ümumdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Həmin gün bütün dünyada dövlət və qeyri-hökumət qurumları tərəfindən xüsusi tədbirlər keçirilir, eləcə də siyasətçilər və digər tərəfdaşlar arasında müzakirələr aparılır. Ümumdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir. Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanları məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmənin, alkoqollu içkilərin və narkotik maddələrin zərəri və s. kimi məsələlər daxildir.
Hər il Ümumdünya Sağlamlıq Günündə ictimaiyyətin diqqəti Ümumdünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi, sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunur və müxtəlif şüarlar altında keçirilir.
2021-ci ildə həmin gün yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılması ilə mübarizə mövzusuna həsr edilib və “Daha ədalətli və daha sağlam dünyanın qurulması” şüarı ilə keçirilib.
Heç kəsə sirr deyil ki, COVID-19 pandemiyasından bütün ölkələr zərər gördü, lakin ən böyük zərbə pandemiyaya qədər iqtisadiyyatı zəif olan ölkələrə dəydi. Həmin ölkələrdə yaşayan əhali xəstəlikdən daha çox əziyyət çəkir və keyfiyyətli tibbi yardım ala bilmir.
Antonio Quterreş: “Peyvəndlərin əldə olunmasında bərabərsizlik heç bir mənəvi dəyərə sığmır”
BMT Baş katibi Antonio Quterreş Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar müraciət edib.
“Builki Ümumdünya Sağlamlıq Günündə səhiyyə sistemlərində mövcud olan bərabərsizlik və ədalətsizliyə diqqət çəkirik”, - deyən A.Quterreş bəyan edib ki, COVID-19 böhranı cəmiyyətlərimizin nə qədər qeyri-bərabər olduğunu göstərdi: “Yoxsulluq, əlverişsiz iş və həyat şəraiti, ayrı-seçkilik və sosial təcridin olduğu ölkələrdə COVID-19-a yoluxma halları, habelə bu xəstəliyə görə həyatını itirənlərin sayı digər ölkələrə nisbətən daha çoxdur”.
Baş katib müraciətində peyvəndlərin paylanılmasına da toxunub: “Dünyada peyvəndlərin əksəriyyəti bir neçə zəngin və ya bu peyvəndləri istehsal edən ölkələr üçün ayrılıb. COVAX təşəbbüsü sayəsində daha çox ölkə peyvənd əldə etməyə başlayıb. Lakin aşağı və orta gəlirli ölkələr hələ də gözləmək məcburiyyətində qalıb. Bu cür bərabərsizlik heç bir mənəvi dəyərə sığmır və sağlamlığımız, iqtisadiyyatlarımız və cəmiyyətlərimiz üçün təhlükəlidir.
COVID-19 pandemiyasından bərpa olunduğumuz bir dövrdə səhiyyə imkanlarından hamının bərabər şəkildə faydalanması üçün müvafiq siyasət yürütməli və lazımi resurslar ayırmalıyıq. Bu, 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq deməkdir. Bu, həmçinin hər kəsin hər yerdə universal tibbi təminatdan faydalana bilməsi deməkdir”.
Antonio Quterreş Ümumdünya Sağlamlıq Günündə sağlam və bərabər dünya üçün birlikdə çalışmaq öhdəliyini üzərimizə götürməyə çağırıb.
Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və “Sağlamlığa Xidmət” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə Azərbaycan Prezidentinin daim səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib, vurğulayıb ki, vaksinləri əldə etməyin çətin olduğu bir zamanda məhz dövlət başçısının güclü siyasi rəhbərliyi sayəsində ölkəmizə vaksinlər vaxtında gətirilib. Aparılan səhiyyə islahatlarından danışan natiq deyib ki, onlar insanların daha keyfiyyətli və əlçatan xidmətlərlə təmin edilməsi məqsədi daşıyır.
“Sağlamlığa Xidmət” İB-nin icraçı direktoru Pərvanə Vəliyeva Azərbaycan Respublikası Prezidentinin Ümumdünya Səhiyyə Təşkilatının Baş qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Gebreyesusun təşəbbüsü ilə Ümumdünya Sağlamlıq Günü ilə bağlı videomüraciətinin əsas məqamlarını tədbir iştirakçıların diqqətinə çatdırılıb və bildirilib ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir.
Tədbirdə tibb işçiləri və sosial işçilər tərəfindən COVID-19 pandemiyası dövründə cəmiyyətin sağlamlığı naminə görülmüş işlər barədə təqdimatlar edilib.
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Nilufər Məmmədova “COVID-19 xəstəliyində tibbi təcrübə” barədə təqdimatla çıxış edərək, COVID-19 virusu, profilaktik tədbirlər, diaqnostika və müalicəsi barədə ətraflı məlumat verib, xəstəliyin müalicəsində xüsusi hallar istisna olmaqla, antibiotiklərdən istifadənin düzgün olmadığını qeyd edib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova “COVID-19 ilə bağlı risk kommunikasiyanın əhəmiyyəti”, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Könül İsmayılova “COVID-19 pandemiyası zamanı psixi sağlamlığının qorunması”, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva “Azərbaycanda COVID-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili”, “Sağlamlığa Xidmət” İB-nin layihə rəhbəri Samirə Muxtarova “COVID-19 pandemiyası zamanı qeyri-hökumət təşkilatlarının fəaliyyəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Vebinarda pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə, eləcə də COVID-19 əleyhinə vaksinasiya barədə də geniş məlumat verilib.
Vebinar sosial şəbəkə üzərində də yayımlanıb, istifadəçilərin sualları cavablandırılıb.