Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd olundu

Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd olundu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il 24 mart Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı bu günü 1982-ci ildə - alman mikrobioloq Robert Kox tərəfindən vərəmin törədicisi olan Kox çöplərinin kəşf olunmasının 100 illiyi münasibətilə təsis ediblər.
Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi əhalinin bu xəstəliklə bağlı məlumatlılığını artırmaqdan, habelə qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada 30 min nəfər vərəmə yoluxur, 4 500 nəfər, o cümlədən 700 uşaq isə bu xəstəlikdən həyatını itirir. Hər il vərəmə yoluxanların sayı 10 milyondan çox olur, onlardan 3 milyonu müalicə almır. İl ərzində 1,5 milyon insan vərəmdən dünyasını dəyişir.

Qız qalası vərəmlə mübarizəyə “qoşuldu”


Ümumdünya Vərəmlə Mübarizə Günündə Bakının bir neçə məşhur tikilisi, o cümlədən Qız qalası və Bakı Olimpiya Stadionu qırmızı rənglə işıqlandırıldı. Ümumdünya Səhiyyə Təşkilatının bu günlə bağlı şüarları (“The clock is ticking”, “End TB”) onların üzərində nümayiş olundu.
Qeyd edək ki, “Stop TB” (“Vərəmə son qoyaq”) tərəfdaşlığı 2017-ci ildən başlayaraq hər il Ümumdünya Vərəmlə Mübarizə Günündə bu xəstəliklə mübarizəyə diqqəti yönəltmək məqsədilə dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların qırmızı rəngə “boyanması” aksiyasını keçirir. Bu il bu aksiyaya ölkəmiz də qoşulub.

Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş vebinar


Vərəm uşaqlardan da yan keçmir. Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1,2 milyon 15 yaşadək uşaq bu xəstəliyə tutulub.
Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir. O, ən çox gənc və həssas insanlara təsir edir: uşaqlarda vərəmdən ölümlərin 80 faizi beş yaşdan kiçiklər arasında baş verir. Buna görə uşaq vərəminə, yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq 2030 Davamlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.
Bu barədə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “Uşaqlarda vərəm” mövzusunda regional vebinarda danışılıb. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ), Azərbaycan Qızıl Aypara Cəmiyyəti və "Sağlamlığa Xidmət" İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə, TB REP proqramının dəstəyi ilə təşkil olunan vebinarın məqsədi uşaqlarda vərəm mövzusu ilə bağlı digər ölkələrlə təcrübə mübadiləsi aparmaq, bu istiqamətdə bilik və bacarıqları artırmaq, Türkiyə, Latviya, Azərbaycan və ümumilikdə beynəlxalq təcrübə ilə tanış olmaq idi.
Vebinarı giriş nitqi ilə açan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Ümumdünya Vərəmlə Mübarizə Gününün qeyd olunmasının və uşaqlarda vərəm mövzusuna dair məlumat mübadiləsinin aparılmasının çox əhəmiyyətli olduğunu vurğulayıb, vebinarın təşkilatçılarına öz minnətdarlığını bildirib.
Daha sonra Səhiyyə Nazirliyinin baş ftiziatrı, 1 saylı Vərəm Əleyhinə Dispanserin (VƏD) baş həkimi, professor Yavər Şıxəliyev çıxış edərək ölkəmizdə uşaqlarda vərəmin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib və iştirakçıların bir neçə sualını cavablandırıb.
Vebinarda çıxış edən Türkiyənin Bezmialem Fond Universiteti Tibb fakültəsinin uşaq sağlamlığı və xəstəlikləri üzrə, xüsusilə uşaq ağciyər xəstəlikləri üzrə ixtisaslaşmış professoru Erkan Çakır uşaqlarda vərəmin profilaktikası, diaqnostikası və müalicəsində Türkiyə təcrübəsi haqqında təqdimatla çıxış edib, tədbir iştirakçılarının bu mövzuda suallarını cavablandırıb. O bildirib ki, Türkiyədə vərəmlə mübarizədə “Vərəm Savaş Dərnəyi” və digər vətəndaş cəmiyyəti təşkilatları səhiyyə maarifi işində aktiv fəaliyyət göstərərək, Səhiyyə Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirir.
Daha sonra vebinarda çıxış edən Latviya Uşaq Kliniki və Şərqi Riqa Kliniki Universitet Xəstəxanalarının həkim-pnevmonoloqu, ÜST-nin Uşaq vərəmi üzrə məsləhətçisi, professor İveta Ozere Latviyada pediatrik vərəmin aşkarlanması, profilaktika, müalicə və qayğı haqqında təqdimatla çıxış edib. Professor həm də uşaqlarda vərəmin profilaktika və müalicəsi ilə bağlı ÜST-nin tövsiyələri haqqında ətraflı məlumat verib.
Vebinarda uşaqlarda vərəmin profilaktikası, diaqnostikası və müalicəsində Azərbaycan təcrübəsi barədə 1 saylı VƏD-in Uşaq şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mənzər Ağayeva və İSİM-in həkim-mütəxəssisi Vəfa Ağayeva təqdimatla çıxış ediblər.
Ə.Əliyev adına ADHTİ-nin Pediatriya kafedrasının dosenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin proqram koordinatoru Mətanət Qaraxanova “Uşaqlarda vərəm və COVID-19: ictimai tədbirlərin əhəmiyyəti” mövzusunda çıxış edib, vərəmlə mübarizə istiqamətində qeyri-hökumət təşkilatlarının əhəmiyyətli rolu, bu günədək görülmüş işlər, dərc olunmuş məlumat xarakterli kitabçalar haqqında danışıb.
Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvü, “Sağlamlığa Xidmət” İB-nin icraçı direktoru Pərvanə Vəliyeva Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar bu İB tərəfindən ölkəmizdə təşkil olunmuş silsilə aksiya və tədbirlərdən söz açıb.
Ümumilikdə 147 nəfərin, o cümlədən 32 xarici izləyicinin iştirak etdiyi vebinar rus dilində də təqdim olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova