ÜST Azərbaycanda ilkin səhiyyə xidmətlərini gücləndirmək üçün layihə həyata keçirir

ÜST Azərbaycanda ilkin səhiyyə xidmətlərini gücləndirmək üçün layihə həyata keçirir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda “COVID-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması - PROACT-QAYĞI” layihəsini icra edir. Layihə COVID-19 kontekstində vacib səhiyyə xidmətlərinin göstərilməsində yarana biləcək çatışmazlıqların qarşısını almaq üçün ilkin səhiyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır. Həmçinin layihə Azərbaycan üçün məqsədəuyğun ilkin səhiyyə sistemi modelinin yaradılmasını nəzərdə tutur ki, bu model genişləndirilərək ölkənin digər ərazilərində də tətbiq edilə bilər.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ÜST-nin Sağlam Həyat Naminə Qlobal Fəaliyyət Planı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində ÜST-nin Azərbaycan nümayəndəliyi Şamaxı rayonunda tibb işçilərinin təlim ehtiyaclarının və əhalinin ilkin səhiyyə xidmətlərinin əlçatanlığına dair fikirlərinin öyrənilməsi üçün missiya keçirib.
ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, missiyanın gedişində səhiyyə işçilərinin təlim ehtiyaclarını öyrənmək məqsədilə 7 fokus qrup müzakirəsi təşkil edilib. Bu diskussiyalarda Şamaxının ilkin səhiyyə xidməti göstərən 27 tibb müəssisəsində - 14 kənd həkim məntəqəsi, 11 kənd tibb məntəqəsi və 2 Ailə Sağlamlıq Mərkəzində çalışan 45 səhiyyə işçisi iştirak edib. Müzakirələr nəticəsində Şamaxı rayonunun səhiyyə işçilərinin mövcud bilikləri və öyrənmə ehtiyacları barədə dəyərli bilgilər əldə edilib ki, bu məlumatlar onların ehtiyaclarına uyğunlaşdırılmış təlim modullarının yaradılması üçün istifadə ediləcək.
Missiya üzvləri həmçinin Şamaxı Mərkəzi Rayon Xəstəxanasının (MRX) direktoru Ehtiram Rüstəmzadə və Rayon İcra Hakimiyyətinin təmsilçisi ilə görüşüb, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətində planlarını müzakirə ediblər. COVID-19-la mübarizə səylərini dəstəkləmək üçün ÜST adından Şamaxı MRX-ya 12500 tibbi maska təqdim olunub.
Missiya çərçivəsində ilkin səhiyyə xidmətlərindən istifadənin hazırkı vəziyyətini öyrənməyin birinci addımı kimi, yerli əhali ilə 6 fokus qrup müzakirəsi keçirilib. Şamaxı şəhəri, Əhmədli və Qəleybuğurd kəndlərində təşkil olunan bu müzakirələrdə 40-dan çox yerli sakin iştirak edib. Əldə olunan bilgilər layihənin planlaşdırılması və icrası, xüsusilə də ilkin səhiyyənin əlçatanlığına dair rayonda keçiriləcək telefon sorğusunun hazırlanması üçün istifadə ediləcək.
ÜST-nin eksperti, missiyanın rəhbəri Halil İbrahim Durak deyib ki, “Biz bu səfərdən çox şey öyrəndik. İndi yerli əhali və səhiyyə işçilərinin ehtiyaclarını daha dərindən başa düşürük, onların gözləntiləri və daha yaxşı ilkin səhiyyə üçün necə əməkdaşlıq edə biləcəyimizə dair daha aydın təsəvvürə malikik”. Missiyanın rəhbəri belə səfərlərin davamlı olacağını bildirib.

Onlayn koordinasiya görüşü

Bu günlərdə ÜST Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə yerli və beynəlxalq tərəfdaşlarla “PROACT-QAYĞI” layihəsinin birinci onlayn koordinasiya görüşü keçirilib.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı görüşdə deyib ki, böhranlar yeni dəyişikliklər üçün imkan yarada bilər: “Pandemiya səhiyyə sistemlərindəki çatışmazlıqları görməyimizə kömək etdi. Biz bu pandemiyanı Azərbaycandakı ilkin səhiyyə xidmətlərinin transformasiyası üçün imkan kimi nəzərdən keçirmək istəyirik”. O qeyd edib ki, ÜST-nin araşdırmasına görə, ilkin səhiyyədə təkcə hipertoniyanın diaqnostikasını, müalicəsini və xəstələrin nəzarətdə saxlanılmasını yaxşılaşdırmaqla ildə 24 min insanın həyatını xilas etmək və 600 milyon manata qənaət etmək olar: “İlkin səhiyyənin inkişafı ölümlərin sayının azaldılması, səhiyyə xidməti ilə bağlı xərclərin aşağı salınması, iqtisadi itkilərinin minimallaşdırılması və məhsuldarlığın artırılmasına yardımçı ola bilər”.
Görüşdə “PROACT-QAYĞI” layihəsi ilə bağlı ən son yeniliklər, ehtiyacın qiymətləndirilməsi üzrə ötən il həyata keçirilmiş iki missiyası barədə məlumat verilib. Qeyd olunub ki, layihənin icrasına rəsmi olaraq gələn ay Şamaxı rayonunda başlanılacaq.
Onlayn görüşdə layihə ilə bağlı ÜST əməkdaşlarının təqdimatları ilə bərabər, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov və TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva çıxış ediblər. Tədbirdə həmçinin layihənin donorları olan USAID, UK Aid və RoAid-in nümayəndələri, eləcə də Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev, Şamaxı MRX-nın direktoru Ehtiram Rüstəmzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və digər təşkilat və tibbi qurumların təmsilçiləri iştirak ediblər.
Görüşdə çıxış edən Ramin Bayramlı pandemiyaya qarşı mübarizə dövründə bu layihənin əhəmiyyətini vurğulayıb, “PROACT-QAYĞI”nın ilkin səhiyyə sahəsində nəzərdə tutulan islahatlara böyük töhfə verəcəyinə ümid etdiyini bildirib.
ÜST-nin eksperti İbrahim Durak ötən ilin avqust və dekabr aylarında Şamaxı rayonunda keçirilmiş ehtiyacların qiymətləndirilməsi missiyaları barədə ətraflı məlumat verib.
ÜST-nin eksperti En Yohansen vurğulayıb ki, mükəmməl ilkin səhiyyə qarşısı alına bilən ölüm hallarının 25 faizində xəstənin həyatını xilas edə bilər. Həmçinin qeyd olunub ki, layihə çərçivəsində bu ilin 8 fevral–15 mart tarixlərində Şamaxıda 100-dən çox tibb işçisinə COVID-19, kardiometabolik risklər, ana və uşaq sağlamlığı mövzularında təlimlər keçiriləcək.
Səhiyyə Nazirliyinin şöbə müdiri Teymur Musayev “PROACT-QAYĞI” barədə fikirlərini bölüşüb, bildirib ki, layihə Şamaxı rayonunda mövcud səhiyyə resurslarından daha səmərəli istifadəyə imkan verən sistemin yaradılmasına və insan resurslarının formalaşdırılmasına kömək edə bilər.
Milli Məclisin deputatı Soltan Məmmədov ilkin səhiyyənin gücləndirilməsinin icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin əsas tələblərindən biri olduğunu əlavə edib, digər rayonlarda da ehtiyacların qiymətləndirilməsi missiyalarının keçirilməsini təklif edib.
Tədbirdə digər çıxış edənlər də “PROACT-QAYĞI” layihəsini dəstəkləyib, onun Azərbaycanda dayanıqlı ilkin səhiyyə modelinin yaradılması üçün əhəmiyyətini vurğulayıblar.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova