Dezinfeksiyaedici vasitədən istifadə zamanı təlimatlara əməl olunmalıdır
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) baş direktorunun müavini Vaqif Abdullayev dezinfeksiya tədbirləri barədə müsahibə verib.
- Respublika GEM tərəfindən dezinfeksiya işləri harada və necə aparılır? Ofislərini dezinfeksiya etdirmək istəyən qurumlar haraya müraciət edə bilərlər?
- Mərkəzin tabeliyində fəaliyyət göstərən dezinfeksiya stansiyaları (“Bakı şəhər dezinfeksiya mərkəzi” PHŞ və onun bütün Bakı şəhərini əhatə edən 3 rayonlararası bölməsi, Gəncə, Sumqayıt, Mingəçevir, Cəlilabad və Masallı şəhərlərinin dezinfeksiya stansiyaları), digər şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin nəzdində fəaliyyət göstərən dezinfeksiya bölmələri, habelə təsərrüfat hesablı profilaktik dezinfeksiya şöbələri ölkəmizdə yoluxucu xəstəliklərə qarşı dezinfeksiya işlərini həyata keçirən əsas qurumlardır.
Hər hansı yoluxucu xəstəlik hadisəsi baş verdikdə xəstə həmin məkandan köçürüldükdən sonra ərazi GEM-indən yuxarıda qeyd edilən qurumlara hadisə barədə məlumat (sifariş) daxil olur. Bunun əsasında həmin yerdə (evdə, iş yerində və s.) bu qurum tərəfindən tamamlayıcı dezinfeksiya aparılır. Xəstə aşkar edildiyi məkanda (evdə, olduğu yerdə və s.) təcrid olunduqda isə ona qulluq edən şəxslər, yaxud xəstənin özü (simptomsuz xəstələr) cari dezinfeksiya işləri aparmalıdır. Bu halda xəstənin olduğu ərazi üzrə dezinfeksiya stansiyası, gigiyena və epidemiologiya mərkəzi tərəfindən xəstəyə, onun yaxınlarına cari dezinfeksiya aparılması qaydaları barədə metodik köməklik göstərilməlidir.
İstənilən idarə, müəssisə və təşkilat profilaktik məqsədlə yerləşdiyi ərazinin dezinfeksiya stansiyası və profilaktik dezinfeksiya şöbəsi, yaxud özəl dezinfeksiya xidmətləri ilə dezinfeksiya işlərinin aparılması üçün müqavilə bağlaya bilər.
- Dezinfeksiya maddələri insan orqanizminə nə dərəcədə ziyanlı ola bilər?
- Dezinfeksiyaedici vasitədən istifadə olunarkən, ilk növbədə, həmin vasitənin istehsalçısı tərəfindən tərtib edilən təlimatlara əməl olunmalıdır. Xəstə olduğu yerdən xəstəxanaya aparıldıqdan sonra orada tamamlayıcı dezinfeksiya aparılan müddətdə və ondan sonra həmin qapalı məkanda dezinfeksiyanı aparanlardan savayı, digər şəxslər olmamalıdır. Dezinfeksiya başa çatdırıldıqdan sonra həmin məkana giriş qadağasının müddəti dezinfeksiyaedici vasitənin təlimatına uyğun olaraq müəyyənləşdirilir və bu barədə dezinfeksiyanı həyata keçirən qrupun rəhbəri tərəfindən qapalı məkanın cavabdeh şəxsinə xəbərdarlıq edilir. Məqsəd insanları qapalı məkanlarda aparılan dezinfeksiya zamanı dezinfeksiyaedici vasitələrin tərkibində olan aktiv maddələrin zərərli təsirindən qorumaqdır.
Xüsusən çiləmə, püskürtmə üsulları ilə aparılan tamamlayıcı dezinfeksiya zamanı yaranan kiçik damlaların tərkibində olan aktiv maddənin, məsələn, xlorun təsirindən gözlərin zədələnməsi, tənəffüs yollarının, dərinin qıcıqlanması kimi sağlamlıq problemləri baş verə bilər. Ümumilikdə isə, dezinfeksiyaedici maddələrin orqanizmə zərərli təsir dərəcəsi hər bir dezinfeksiyaedicinin tərkibində olan aktiv maddənin toksiklik dərəcəsindən, qatılığından (konsentrasiyasından) asılı ola bilər.
- Hansı hallarda şəxsi mənzillər və yaşayış binaları dezinfeksiya edilir?
- Respublika GEM-in tabeliyində olan dezinfeksiya xidməti tərəfindən şəxsi mənzillər və yaşayış binaları yoluxucu xəstələrin xəstəxanalara aparılmasından sonra tamamlayıcı dezinfeksiya edilir. Bundan başqa, şəxsi mənzillərin və yaşayış binalarının sahibləri ilə ərazinin dezinfeksiya stansiyası, profilaktik dezinfeksiya şöbəsi, yaxud özəl dezinfeksiya xidməti arasında bağlanmış müqavilə üzrə ödənişli əsasda profilaktik dezinfeksiya işləri aparıla bilər.
Qeyd edim ki, COVID-19 infeksiyasının yayılmasına qarşı effektiv mübarizə məqsədilə, Səhiyyə Nazirliyinin tapşırığı əsasında, Respublika GEM-in tabeliyində olan, müasir tələblər səviyyəsində təchiz olunmuş dezinfeksiya xidməti tərəfindən ölkənin, demək olar ki, bütün təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilib.
- Sadə vasitələrlə evdə dezinfeksiya işləri necə aparılmalıdır?
- Xəstələr evdə qaldıqları hallarda, yaxud profilaktik məqsədlə dezinfeksiya zamanı təmizlik işlərinin aparılması qaydalarına və prinsiplərinə ciddi əməl edilməlidir. İlk növbədə, otaqda olan bütün əşyaların səthləri sabunlu, yaxud yuyucu vasitəli su ilə təmizlənməli, sonra dezinfeksiyaedici məhlulla isladılmış təmiz əski ilə silinməklə dezinfeksiya olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə səthlərin dezinfeksiyası üçün natrium hipoxloritin 0,1 faizli məhlulundan və 70-90 faizli spirtdən istifadə edilməsi məqbul hesab olunur. Məişətdə istifadə üçün nəzərdə tutulan və ticarət müəssisələrində satılan xlor tərkibli vasitələrdən də istifadə məqsədəuyğundur. Cari dezinfeksiya aparılılan zaman maska və əlcək taxılmalı, ağız, burun, üz və dəri səthinə toxunulmamalıdır.