COVID-19-un ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır
Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova COVID-19 infeksiyasının hamilə qadınlar, analar və körpələr üçün riski ilə bağlı müsahibə verib.
- Hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virus ana bətnindəki körpəyə keçə bilərmi?
- COVID-19 virusu əsasən hava-damcı yolu ilə yayılır. Bu səbəbdən hamiləlik zamanı COVID-19-a yoluxma halı baş verərsə, virusun ana bətnindəki körpəyə keçmə ehtimalı minimaldır.
- Bəs, hamilə qadının özü üçün COVID-19 nə dərəcədə təhlükəli ola bilər?
- Hamiləlik infeksiyaya meyilliliyi artırmır və xəstəliyin klinik gedişatını ağırlaşdırmır. İnfeksiyaya yoluxmuş anaların əksəriyyəti sağalır. Hamilə qadınlarda COVID-19 klinik əlamətləri hamilə olmayan şəxslərlə eynidir. Lakin hamilə qadınlarda COVID-19-la əlaqəli ağır fəsadlaşma baş verdikdə intensiv terapiya şöbəsinə hospitalizasiya və ekstrakorporal membran oksigenasiya zərurəti yarana bilər.
- COVID-19 virusuna yoluxmuş ana körpəyə süd verə bilərmi? Süd vasitəsilə virusun keçmə ehtimalı nə qədərdir?
- Ana südü ilə virusa yoluxma sübut olunmayıb. Ana südündə passiv anticisimlər və digər infeksiya əleyhinə faktorlar olduğundan, döşlə əmizdirmə alqışlanmalıdır. Lakin əmizdirmə zamanı ana ilə körpə arasında məsafə az olduğuna görə, hava-damcı yolu ilə yoluxma mümkündür. Bu zaman anaların tibbi maskadan istifadəsi tövsiyə olunur. Daha yaxşı olar ki, ana xəstə olduğu halda bilavasitə kontaktın azaldılması məqsədilə körpə sağılmış ana südü ilə digər sağlam şəxs tərəfindən, gigiyena qaydalarına riayət edilməklə qidalandırılsın.
- Süd verən ana COVID-19-a yoluxubsa, onun aldığı müalicə, dərman preparatları körpənin sağlamlığı üçün hər hansı təhlükə yarada bilərmi?
- ABŞ-ın bəzi xəstəxanalarında protokola uyğun olaraq, ağır gedişatlı COVID-19 xəstəsi olan hamilələrdə remdesivirdən istifadə olunur. Bu preparat Ebola, Marburq və bəzi digər viruslara, MERS, SARS və digər koronaviruslara antivirus təsir edir. O, Ebola və Marburq virus xəstəliyi olan hamilələrdə istifadə olunub və döl üçün hər hansı bir toksik təsiri haqqında məlumat əldə edilməyib. Lakin randomizasiya olunmuş klinik tədqiqat COVID-19 pandemiyası zamanı hamilə və süd verən analara bu dərmanın istifadəsini istisna edib. Bəzi tədqiqatlarda lopinavir – ritonavir (adətən İİV infeksiyalı hamilələrdə) istifadə edilir. Bu preparatlar ciftdən keçir və vaxtından əvvəl doğuş riskini artırır, lakin insanlarda teratogen effekt qeydə alınmayıb. COVID-19-un müalicəsində istifadə olunan ribavirin və barisitinib kimi vasitələr isə teratogen effektə malikdir.