BMT tibbi xidmətlərlə ümumi əhatə etmə üzrə tövsiyələrini açıqlayıb
Pandemiya həm ölkələr daxilində, həm də onların arasında tibbi xidmətə çıxış sahəsində qeyri-bərabərliyi, sosial müdafiə sistemində boşluqları, ən əsası isə beynəlxalq birliyin səhiyyə sahəsində qlobal böhrana hazır olmadığını üzə çıxarıb.
Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş tibbi xidmətlərlə ümumi əhatə etmənin təmin olunması üzrə tövsiyələrini təqdim edərkən bildirib.
BMT-də ümumi əhatə etməni belə başa düşürlər: planetin bütün sakinləri ağır maliyyə yükünün altında qalmadan zəruri hallarda keyfiyyətli tibbi yardım almaq imkanına malik olmalıdırlar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas sənədlərində hər bir insanın bu hüququ təsbit olunub və ÜST-nin üzvü olan ölkələr 1978-ci ildə Almatı Bəyannaməsini imzalayaraq bununla razılaşıblar.
Pandemiya bəşəriyyətin bu məqsədə doğru nə qədər irəlilədiyini qiymətləndirməyə imkan verdi və nəticələr heç də ürəkaçan deyil. Dünya əhalisinin ən azı yarısı ən əsas tibbi xidmətlərdən istifadə edə bilmir və yer üzündə 800 milyon insan büdcəsinin on faizini tibbi xidmətə xərcləyir.
BMT-nin Baş katibi tövsiyələrini təqdim edərək, dünya ictimaiyyətini beş məqama diqqət yetirməyə çağırıb:
1. Sübut edilmiş ictimai səhiyyə vasitələrindən istifadə edərək, COVID-19-un yayılmasını nəzarətə almaq lazımdır.
2. Pandemiya zamanı bütün qüvvələr koronavirusla mübarizəyə atıldıqda, digər ciddi xəstəliklər və onların qarşısının alınması, o cümlədən psixi və reproduktiv sağlamlıq xidmətləri göstərmək barədə unutmaq olmaz.
3. COVID-19-a qarşı vaksin hazır olduqda planetin bütün sakinləri onu əldə etmək imkanına malik olmalıdır. Bu prosesi sürətləndirmək üçün BMT ACT-Accelerator, vaksin və dərman preparatlarının hazırlanması və istehsalının sürətləndirilməsi üzrə beynəlxalq əməkdaşlıq proqramını maliyyələşdirməyi məsləhət görür.
4. Tibbi xidmətlərlə ümumi əhatəni təmin etmək lazımdır. Bunun üçün hökumətlər səhiyyə sistemlərinin maliyyələşdirilməsini genişləndirməli, adi sakinlər üçün maliyyə maneələrini mümkün qədər aradan qaldırmalıdır.
5. BMT gələcək pandemiyalara daha yaxşı hazırlaşmağa çağırır. Bu cür hazırlıq təkcə milli səviyyədə deyil, həm də qlobal səviyyədə əlavə investisiyalar, eləcə də bu işdə bütün sektorların və cəmiyyətin bütün təbəqələrinin iştirakı deməkdir.